“Yoluxma sayında azalma olacaq” – Baş infeksionist
“Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə yoluxmaların sayında ciddi azalma baş verəcək”.
Rakus.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır: “Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.
Baş infeksionist bildirib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək: “Bundan sonra infeksiya idarə ediləcək səviyyədə olacaq”.