Bağlanan yollar hansılardı?
Bu gün paytaxtın bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Rakus.az xəbər verir ki, məhdudlaşdırma Bakıda “Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2019” ilə əlaqədardır.
Xatırladaq ki, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu – Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub.
Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarışın təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, təhlükəsizliyi təmin etmək məqsədilə bu gün saat 10:00-dan 15:00-dək avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Eyni zamanda, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.