Kürdəmirdə bu yolun yenidən qurulması yekunlaşır - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda 18 km uzunluğa malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.
Rakus.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri dörd minə yaxın əhalinin yaşadığı üç kənddir.
18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur.