Qvardiola FIFA və UEFA-nı tənqid etdi
“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola 2020/2021-ci il mövsümünün təqvimindəki sıxlıqdan danışıb.
Rakus.az xəbər verir ki, İspaniyalı mütəxəssisin fikirlərini Goal.com portalı dərc edib.
“Oyunçular insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etməyəndə məyus olurlar, ancaq bu mümkün deyil. Əlbəttə, onlar oynaya bilərlər, lakin hər bir insanın istirahətə ehtiyacı var. UEFA və FIFA futbolçuları öldürür, təqvim həddindən artıq yüklənib”, – 50 yaşlı baş məşqçi qeyd edib.
X.Qvardiola əlavə edib ki, mövsüm başlayandan istirahət etmək üçün bir həftələri belə olmayıb:
“İstər zehni, istərsə də fiziki cəhətdən tərtib olunan bu təqvimə tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil”.
“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 74 xalla birincidir. Komanda sabah Dortmund “Borusiya”sı ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçına çıxacaq.