Ronaldu formasını yerə tulladı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu formasını yerə atıb.
Rakus.az xəbər verir ki, bu, “Qoca Sinyora”nın evdə “Cenoa”ya 3:1 hesabı ilə qalib gəldiyi A Seriyasının XXX tur matçından sonra baş verib. Futbolkanı bolboy götürüb.
Jurnalist Romeo Aqresti portuqaliyalı hücumçunun formanı topdaşıyanın xahişi ilə verdiyini bildirib. Bununla belə, komandanın baş məşqçisi Andrea Pirlo 36 yaşlı forvardın öz oyunundan məyus olduğunu söyləyib: “Bu, normaldır. Ronaldu xüsusən oyun mürəkkəb xarakter aldığı vaxt qol vurmaq istəyirdi. Çünki o, çempiondur və həmişə fərqlənmək istəyir”.
Pirlo klubun Ronaldunu cərimələməyəcəyini də əlavə edib: “O, məyus idi. Belə hal digər oyunçularda da olur. Matçdan sonra əsəbi olması normaldır. Klubun Kriştianunu cərimələyəcəyini düşünmürəm”.
Martın 27-də Ronaldu Portuqaliya millisinin heyətində Serbiya ilə səfərdə 2:2 hesablı heç-heçə etdiyi dünya çempionatının seçmə oyunundan sonra kapitan sarğısını yerə çırpıb. Təcrübəli hücumçu bu addımı vurduğu qolu hollandiyalı referi Denni Makkelinin hesaba almamasına etiraz əlaməti kimi atıb.
Kriştianu Ronaldu cari mövsüm A Seriyasında 27 oyuna 25 qol vurub və 3 məhsuldar ötürmə verib. Hazırda “Yuventus” 62 xalla 3-cü pillədə yer alıb.