Şərqi Azərbaycanda TÜRK FƏALLARI həbs edilirlər
Şərqi Azərbaycan vilayətində bir neçə milli fəalın İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.
Rakus.az xəbər verir ki, bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Amerikanın Səsinə verdiyi məlumata görə, bəzi fəallar daha əvvəl məhkum olduqları həbs cəzasını keçirmək üçün tutulublar.
İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi saxlanılan fəalların ikisi haqqında məlumat yayıb.
HRA-nın bildirdiyinə görə, daha əvvəl 10 ay həbs cəzasına məhkum olmuş türk fəal Səhənd Məali iş yerində nəzarət altına alınıb. Fəal onu həbs edən məmurların zorakılığına məruz qalıb.
“Məmurlar Səhənd Məalinin iş yerinə gedərək onu kiçik yaşlı bacısı uşağı yanında döyüb və təhqir etdikdən sonra aparıblar,” HRA-nın xəbərində qeyd olunur.
Səhənd Məali Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində yaşayır.
Təbrizdə isə may ayının 5-də milli fəal Hamid Allahverdipur saxlanılıb.
Əslən Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərindən olan fəalın daha əvvəl məhkum olduğu 7 aylıq həbs müddətini keçirmək üçün tutulduğu bildirilir.
İran Azərbaycanı ilə əlaqədar məlumat yayan internet portallına istinadən, son vaxtlar türk dil hüquqları fəalları və “Traktorsazi” futbol komandası azarkeşlərinə qarşı basqılar artıb.