Şəhriyar Məmmədyarov yarımfinala çıxdı
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final mərhələsinin görüşləri başa çatıb.
Rakus.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla norveçli Maqnus Karlsenin qarşılaşmasında sonuncu qalib gələrək adını yarım finala yazdırıb.
Şəhriyar Məmmədyarov isə İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşmada üstün olaraq yarımfinala adlayıb.
Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilib. Aronyan və Nakamura sevinən tərəflər olub.
Beləliklə də, yarımfinalda Şəhriyar Nakamura ilə, Karlsen isə erməni şahmatçıyla qarşılaşacaq.
Mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.