Yeni tələbə krediti sistemi tətbiq olunacaq
Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır.
Rakus.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq:
“Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq”.
Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı: “Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub – kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.
Təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, “Maarifçi” Tələbə Kredit Fondu kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində işləyir.
2015-ci ildən Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov hazırda fondun bir necə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərdiyini söyləyib.
Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil: “Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır”.(Trend)