Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Qubada işğaldan azad edilən Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirildi. Media şəhidləri parkında keçirilən tədbir Məhərrəm İbrahimovun 40 yaşına həsr olunub. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, şəhid ailələri və media nümayəndələrinin iştirak etdiyi mərasimdə ilk olaraq iştirakçılar şəhid jurnalistlərin xatirəsinə ucaldılan abidə önünə gül qoydu.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən, Azərbaycan mediasının Şanlı Zəfər yolunun işıqlandırılması istiqamətində fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, işğaldan azad edilən ərazilərə ezam olunan çəkiliş qrupunun üzvləri, o cümlədən Məhərrəm və Sirac son dərəcə gərəkli, fədakarlıq tələb edən missiya yerinə yetirirdilər. Onların xain düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid olmaları təkcə çalışdıqları kollektivlər üçün deyil, bütün ölkə mediası üçün ağır itkidir. Bildirildi ki, şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Tədbirdə həmçinin Məhərrəm İbrahimovun xatirəsinə keçirilən şahmat turnirinin qalibləri mükafatlandırıldı. Qaliblərə fəxri fərman, medal və hədiyyələr təqdim olundu.