Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb.
Əsgər İbrahimov turnir iştirakçılarını salamlayıb, şəhid həmkarlarının xatirəsinə keçirilən futbol şöləninin ənənəvi xarakter alacağını söyləyib, Qəhrəman Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin təqdir olunduğunu söyləyib. O deyib ki, bu turnir məhz belə insanların heç zaman unudulmaması, Məhərrəm və Siracın timsalında şəhidlərin qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmli bir layihədir.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib ki, hər bir azərbaycanlı bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıdır.
O bildirib ki, şəhidlərlə bağlı müxtəlif tədbirlərin, yarışların keçirilməsi mühüm əhəmiyyət kəsb edir və bugünkü turnirin də məqsədi şəhid jurnalistlərin xatirəsini yad etmək, onların əməyini bir daha geniş ictimaiyyətə çatdırmaqdır.
Onun sözlərinə görə, belə turnirlər davamlı şəkildə keçirilməlidir. O, rəhbərlik etdiyi agentliyin şəhidlərlə bağlı tədbirləri mütəmadi olaraq işıqlandırdığını, bu prosesin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılmasında böyük rol oynayıb.
O diqqətə çatdırıb ki, onlarla jurnalist qələmini süngüyə çevirərək Vətən müharibəsinə qatılıb, böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bundan başqa, 50-yə yaxın jurnalist döyüşlərin getdiyi bölgədə fəaliyyət göstərib, düşmənlə informasiya savaşında böyük əmək sərf ediblər.
N.Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti jurnalistlərin Vətən müharibəsində göstərdyi xidməti yüksək qiymətləndirib: “M.İbrahimov və S.Abışov da İkinci Qarabağ müharibəsi dövründə daimi ən qaynar nöqtələrdə peşə fəaliyyətlərini yerinə yetiriblər, bu zaman düşmənin basdırdığı minaya düşərək şəhid olublar”.
O, təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar hələ də M.İbrahimov və S.Abışovun minaya düşərək şəhid olmalarına obyektiv qiymət verməyiblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayon Gənclər İdman İdarəsinin müdir müavini Rüfət Əhmədov şəhidlərin xatirəsinə keçirilən bütün tədbirlərin əhəmiyyətli olduğunu, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin tarixi hadisə olduğunu söyləyib, rayon ərazisində şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman diqqət mərkəzində olduğunu bildirib.
Sadaxlı El İctimai Birliyinin sədr müavini, şair-hərbçi Sabir Mahmudov şəhidlərə Allahdan rəhmət diləyib. O deyib ki, 1-ci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və bizlər bütün qələbələrimizə görə məhz onlara borcluyuq.
O turnirin əhəmiyyətindən söz açaraq bildirib ki, idman ən böyük mədəni siyasətdir və Göyçə, Borçalı, Gədəbəy kimi qədim Oğuz yurdlarını təmsil edən komandaların burada iştirakı böyük Azərbaycanın birliyinə töhfədir: “Gələcək illərdə turnirə Zəngəzur, Dərələyəz, Vedibasar və digər mahallarımızın həvəskar komandaların cəlb olunmasının nəzərdə tutulması vahid Azərbaycan platforması üçün dəyərli və tarixi təşəbbüsdür”.
Ardanış kənd orta məktəbinin müəllimi Sahib Əhmədov bu kənddə futbolun hələ 1960-cı ildən başlayaraq geniş vüsət aldığını deyib. O, Məhərrəm İbrahimovun uşaqlıq, məktəb illərini xatırladaraq onun futbola və başqa idman növlərinə marağından bəhs edib.
S. Əhmədov təmsil etdiyi kəndin 10-dan çox şəhid verdiyini vurğulayaraq, Vətən, millət, xalq yolunda canlarından keçənlərin unudulmaması üçün təşkil olunan belə tədbirlərin əhəmiyyətli olduğunu söyləyib, Allahdan onlara rəhmət diləyib.
“Report” İA-nın baş redaktoru Murad Əliyev təmsil etdiyi media qurumunun Vətən müharibəsi dövründə səmərəli fəaliyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı rolundan danışıb.
O, mətbuat işçilərinin Qarabağ savaşında hər zaman ön sırada olduğunu, qorxmadan, çəkinmədən qələmlərin süngüyə çevirərək mənfur düşmənə qarşı mübarizə apardıqlarını söyləyib və deyib ki, Məhərrəm və Sirac da məhz belə vətənpərvər oğullardır. Onlar fəaliyyətləri ilə öz peşələrin şərəfləndirib və onların adları Azərbaycanın mətbuat tarixinə əbədi yazılıb.
AzTV-nin əməkdaşı Şirzad Səmədov da şəhid jurnalistlərin xatirəsinə belə turnirin keçirilməsini yüksək qiymətləndirib və deyib ki, mətbuatın “gizli qəhrəmanları” olan Məhərrəm və Sirac peşə fəaliyyətləri ilə Azərbaycanda cəsur jurnalistikanın əsasını qoyublar.
O, Vətən yolunda canlarını qurban verən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün daha böyük layihələrə ehtiyac olduğunu bildirib.
M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin şöbə müdiri İsrafil Əliyev Ənənəvi Futbol Turnirinin təşəbbüs və təşkilatçılarına təşəkkür edib, Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyib, turnirə qatılan həfəskar futbolçulara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Sadaxlı” komandaları çıxıb. Görüş “Ardanış”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Media” – “Novoivanovka” oyununda qalib müəyyənləşməyib – 5:5.
A Qrupu
“Ardanış” – “Sadaxlı” – 2:1
Qollar: Emin Qasımov, Əsgər İbrahimov – Nihan Vəliyev
B qrupu
“Media” – “Novoivanovka” – 5:5
Qollar: Rüstəm Abdullayev (3) Elmin Əlizadə (2) – Emin İmaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Ənənəvi Futbol Turnirində 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.
Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr – Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.