Müəllimlik rəqabətli sahəyə çevrilib – Bayramov
Son illərdə müəllimlik peşəsi artıq rəqabətli sahəyə çevrilib. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb.
Rakus.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma tədbirində çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, istedadlı şəxslərin müəllim peşəsinə cəlb olunması əsas məqsədlərdəndir:
“2018-ci ildə təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət nəticəsində əhəmiyyətli qərarlar qəbul edilib. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb. Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği 20 faiz artırılıb, bu da 110 mindən çox tələbə və doktorantı əhatə edib”.
C.Bayramov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi təhsilin sonrakı pilləsində göstəricilərin yüksəlməsinə təsir göstərdiyindən Təhsil Nazirliyi üçün son illərdə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması prioritet istiqamət olub. Ölkədə 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması 75 faizə çatdırılıb, növbəti illərdə bu göstətricinin 90 faizə çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsil verənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir:
“Məktəb rəhbərləri üçün məktəb-ailə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir”.