Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Göyçə mahalının Ardanış kəndinin ziyalısı, 40 il pedaqoji sahədə çalışan Ələkbər müəllim Həsənli şərəfli bir ömür yolu keçmişdir.
Rakus.az xəbər verir ki, dəyərli ziyalımız haqqında Məhəmməd Nərimanoğlunun yazısı maraq doğurub. Həmin məqaləni təqdim edirik:
“Zaman-zaman yadellilərin torpaqlarımıza, onun yeraltı və yerüstü sərvətlərinə göz dikməsi nəticəsində təkcə maddi mədəniyyətimizə deyil, mənəvi dəyərlərimizə də zərbələr dəymiş, xalqımızın görən gözü, vuran qəlbi, danışan dili sayılan ziyalıları aradan və sıradan götürülmüşlər. Dünyaya Ermənistan kimi təqdim edilən Qərbi Azərbaycandan onların qovulub çıxarılması üçün min bir fitnə-fəsad törədilmişdir. Onlardan biri də uzun müddət Göygöl rayonunun Danayeri kəndində məktəb direktoru olmuş Ələkbər Həsənli idi. Ulu Göyçənin vətəncanlı, təəssübkeş oğullarından biri kimi tanınmış Ələkbər Həsənlinin mənalı həyatına və elmi-pedaqoji, eləcə də ictimai fəaliyyətinə nəzər salanda bir həqiqəti etiraf etməli olursan: kamilləşməyə doğru gedən sərt döngələrdən, enişli-yoxuşlu dar cığırlardan inamla keçmək nailiyyətin, qələbənin əsasıdır. Bu yolun çətinliyi adamı təəccübləndirmir. Ələkbər Həsənli də bu yolun yolçularından biri olub, təqib və təzyiqlərlə az üzləşməyib. Addımbaşı erməni fitnəkarılığı ilə üzləşməli olub, lakin daşnakların iç üzünü, məkrli və çirkin niyyətlərini bildiyindən, Ələkbər müəllim daim ona qurulan tələlərdən yan keçib. Bütün bunlara baxmayaraq, o, öz soyu üstündə boy atıb, dolğunlaşı, kamilləşib; yüksək insani keyfiyyətləri özündə cəmləşdirib, ləyaqət timsalı olub, poetik hisslərlə yaşayıb, ömrünün mənasını gənc nəslin təlim-tərbiyəsində görüb, onların savadlanmasında, milli ruhda formalaşmasında gərgin zəhmətə qatlaşıb. Göyçədə pedaqoji kadrların yetişməsində əvəzsiz xidmətlər göstərib. Nə yazıqlar ki, bu xidmətlərinin mükafatı sonda, minlərlə soydaşımız kimi, deportasiyaya məruz qalması, didərginlik həyatı yaşaması olub.
1908-ci ildə Göyçə mahalının indiki Krasnoselo rayonunun Ardanış kəndində anadan olan Ələkbər Həsənli öz dövrünün tanınmış ziyalılarından sayılırdı.
O, Qori Müəllimlər Seminariyasının Qazax Filialını 1928-ci ildə bitirərək xalq maarifinin inkişafında fəal çalışmış, savadsızlığa qarşı aparılan mübarizənin ön sıralarında getmişdir. 40 il pedaqoji sahədə çalışan Ələkbər müəllim şərəfli bir ömür yolu keçmişdir. Bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Ələkbər Həsənli adi müəllimlikdən rayon xalq maarif şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Basarkeçər Rayon Xalq Maarifi Şöbəsinin müdiri vəzifəsində çalışarkən o, bütün kəndləri dolaşaraq yerlərdə müəllim və şagirdlərlə görüşür, onların şəraiti ilə tanış olur, məktəbli gənclərin milli ruhda tərbiyə almasında pedaqoji təcrübəsini əsirgəməmişdir. Ələkbər Həsənlinin həyat və fəaliyyətindən, həmçinin bədii yaradıcılığından bəhs edən «Ah, Göyçəm, Göyçəm» kitabında toplanmış tarixi faktlar təsdiqləyir ki, gənc nəslin milli ruhda tərbiyə almasında o dövrki ziyalıların göstərdiyi vətənpərvərlik daşnakları ciddi şəkildə əndişələndirirdi. Uzun müddət bu sahədə, sözün həqiqi mənasında külüng çalan Ələkbər müəllimin tutduğu vəzifədən uzaqlaşdırılması və bundan sonra onun Azərbaycana üz tutması da bunu göstərirdi. O, rayon xalq maarifi şöbəsindən çıxarıldıqdan sonra bir müddət Göyçə mahalının Qaraqoyunlu dərəsi adlanan bölgədə pedaqoji fəaliyyətini davam etdirmişdir. Sonralar isə qocaman pedaqoqun deportasiya illəri başlamışdır. Beləliklə, Ələkbər müəllim Göyçədən uzaqlaşdırılır. Bu deportasiyada o, tək deyildi. Ardanış kəndindən Vəli və Kazım Alıyevlər, Axund Ələşrəf, Kərəm Həsənzadə, Çəmbərək rayonunun Çaykənd kəndindən Bala Əfəndiyev, həmin bölgədən Binnət, Babaxan və Osman da doğulduqları yurddan ilk qovulanlardan olublar.
Şair-publisist Zəki İslam sonralar o illərin ağrı-acılı günlərindən söz açarkən Ələkbər Həsənlinin bir pedaqoq kimi doğma yurddakı fəaliyyətinin müqabilində ermənilər tərəfindən didərgin salınmasını xatırlayacaqdı: «Kərəm Həsənzadənin, Ələkbər Həsənlinin və onlarca digər göyçəli ziyalıların xalqın maariflənməsindəki böyük xidmətlərini danmaq olmaz. O ağrı-acılı illərin xatirlərini sinəsinin altında yaşadan Hüseyn İsaqov canlı bir tarix idi, sinəsində bir əsrin sirlərini saxlayırdı. Azərbaycan türklərinə qarşı ermənilərin törətdiyi cinayətlərin, haqsızlıqların şahidi olub. O, yana-yana danışırdı ki, Martirosyan adlı bir ermənini, hansı ki, o, psixiatriya xəstəxanasında uzun müddət yatmışdı, Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi qoymuşdular. Cahan Əliyev kimi bir ziyalının həmin dəli katibin əlində əsir-yesir qaldığı çoxlarının xatirində ağrılı izlər qoyub. Həmin işi katib eynilə Cil kəndindən Alı Məmmədovun (Sarı Alı kimi tanınırdı) da başına açmışdı».
Ötən əsrin altmışıncı illərində Hüseyn Kərəm oğlu deportasiya olunduqdan sonra müəyyən işlə bağlı Göçə mahalının Basarkeçər rayonuna səfər etmiş və o zaman RPK-nın birinci katibi Yunis Rzayevlə görüşmüş, onun tutduğu vəzifədən hansı çirkin siasətlə uzaqlaşdırıldığının şahidi olmuşdur. Ermənistan KP MK-nın katibi Zorabyan plenumda SSRİ Ali Sovetinin deputatı, RPK-nın birinci katibi Yunis Rzayevin «başqa işə keçməsi ilə əlaqədar» tutduğu vəzifədən azad olunması barədə səs verilməsinin vacibliyini bildirdikdə gözlənilməyən bu təklifdən çaş-baş qalan plenum iştirakçıları iclas zalını tərk etmək istəyib. O zaman Göyçə mahalında yeganə azərbaycanlı katib kimi tanınan Yunis Rzayev ayağa qalxaraq kimin onun bundan sonra yaşamasını istəyirsə bu təklifə səs verməsini xahiş edir. Elə bu plenumdan sonra məhz Basarkeçər rayonundakı azərbaycanlı kəndlərinin adları dəyişdirilərək erməniləşdirilməyə başlamışdır.
Bu kimi faktlar göstərir ki, Ermənistan hakimiyyəti tərəfindən aparılan çirkin siyasətin əsası o illərdən qoyulmuşdur. Bu, həmin dövr idi ki, onda Qərbi Azərbaycanda yaşayan ziyalılar müxtəlif bəhanələrlə ölkədən çıxarılır, bir sözlə, cəmiyyətdən və ictimaiyyətdən uzaqlaşdırılırdı.
Ələkbər Həsənli də məhz həmin vaxtlar təzyiqlərə məruz qaldığından, 1951-ci ildə indiki Göygöl ( o zamankı Xanlar) rayonunun Danayeri kəndinə üz tutmağa, daha doğrusu, ailəsi ilə birlikdə ora pənah aparmağa məcbur edilir. Bir müddət rayonun müxtəlif kəndlərində müəllimliklə məşğul olan Ələkbər Həsənli Danayeri kəndində məktəb olmadığından, Qori Müəllimlər Seminariyasının digər məzunları kimi, o da burada uşaqların təhsildən yayınmasının qarşısını almaq qərarına gəlir. Ona görə də ictimaiyyətin yaxından köməkliyi ilə burada az vaxt ərzində məktəb binasının tikilməsinə nail olur. Məktəb bir neçə ilə səkkizillik statusu ilə fəaliyyət göstərmişdir. Bu yeni təhsil ocağına sonralar, yaradılmış şəraitə uyğun və ciddi ehtiyac duyulduğuna görə, orta məktəb statusu verilmişdir.
Ələkbər müəllimin son iş yeri də məhz həmin məktəb olur ki, bu gün də adı həmin kənddə dərin hörmət və rəğbətlə çəkilir.
Doğrudur, onun fədakar əməyi bir neçə dəfə qiymətləndirilmişdir: Əməkdar müəllim fəxri adına layiq görülmüş Ələkbər Həsənli Böyük Vətən müharibəsindəki xidmətlərinə görə «Şərəf nişanı» ordeni, «Qafqazın müdafiəsi», «Yubiley», «1941-1945-ci illərdə alman faşistləri üzərində qələbə» medalları ilə təltif edilmişdir.
Sonralar, yəni Göyçə mahalından didərgin salınan Ələkbər Həsənli ömrünün qalan hissəsini Göygöl rayonunun Danayeri kəndində sevimli şagirdləri ilə birgə keçirmişdir. Kənd səkkizillik məktəbinin direktoru vəzifəsində çalışdığı 11 il ərzində də o, gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında fədakarlıq göstərmişdir.
Kimya elmləri doktoru, şair-publisit Pənah Qurbanov isə Ələkbər Həsənlini poetik duyğulardan şirə çəkmiş şeirlər müəllifi kimi təqdim edir: «Haqqında az da olsa, söhbət açılan bu elm fədaisi, söz sərrafı Ələkbər Həsənlinin poetik ovqata köklənəndə qələmə aldığı şeirlərdə həmin illərin dəhşətləri öz əksini tapıb. Doğrudur, sağlığında o, şeirlərini dövri mətbuata çıxarmağa maraq və həvəs göstərməmiş və buna görə də o, daha çox Qori Müəllimlər Seminariyasının yadigarlarından biri kimi tanınmışdır. Lakin müəllim, pedaqoq, publisist, şair, nəhaət, vətənpərvər vətəndaş, Göyçənin saz-söz sərrafının bizə gəlib çatan bədii yaradıcılıq nümunələri, çox güman ki, külliyyatının hamısı deyildir. Sazın sinəsinə, aşığın yaddaşına yazılan qoşma və gəraylıları bir daha sübut edir ki, Ələkbər Həsənli həm də sənət fədaisi olmuşdur».
Ələkbər Həsənlinin yadigarlarından biri kimi tanınan Ələddin Həsənli atası həmçinin alman dilini mükəmməl bilən və tərcüməçilik fəaliyyəti ilə məşğul olduğunu xatırlayır: «Mənə elə gəlirdi ki, atam alman dilini kamil bilir. O, pedaqoq kimi öz peşəsini elə sevirdi, hiss etməzdin ki, sənə öyrətdiyi öz doğma dili deyil. Orta məktəbdə alman dili dərsi keçməsəm də, atam mənə bu dilin incəliklərini elə sevdirmişdi ki, mən artıq orta məktəb illərində alman və rus dillərində sərbəst danışır və tərcümə edirdim. Bir də onunla fəxr edirəm ki, atam ilk növbədə Azərbaycana neçə-neçə ziyalı bəxş etmiş Qori Müəllimlər Seminariyasının məzunu olub. İkincisi, o, Qəşəm Aslanov kimi bir söz və qələm sahibinin müəllimi olmaq şərəfini daşıyıb».
Pedaqoq, dilçi, publisist, şair, bir sözlə, söz sərrafı kimi tanınmış, deportasiyaya məruz qalmış soydaşlarımızdan bir olan Ələkbər Həsənlinin bədii yaradıcılıq nümunələri ilə fikrimizi sona çatdırmaq istərdim. Qələmə aldığı «Kimi» rədifli gəraylısı bir daha təsdiqləyir ki, o, beçə balının ləzzətini sözdən alan şair olub:
Söz də gərək şirin ola,
Təmiz beçə balı kimi.
Yuyunanda silinməyə,
Al yanağın xalı kimi.
Etibarlı olsa yar da,
Aşiq olan qalmaz darda.
Saxta söz qalar bazarda,
Meyvələrin kalı kimi.
Həsənliyəm, könlüm şüşə,
Görün düşdüm necə işə;
Vurulmuşam bir «ölmüşə»,
Talenin yığvalı kimi”.