“Bir ömür yaşadın bu dünya üstə…”
Yarım əsrlik həyatımda oxuduğum kitablardan müdrik kəlamları, atalar sözlərini həmişə ayrıca bir dəftərə yazardım. Bu, mənim üçün uzun müddət xobbi halına çevrilib və dadıma çox çatıb… Əlbəttə, insanın gənclik illərində gördükləri, eşitdikləri sonrakı həyat fəaliyyətində çox lazım olur, zəkanın, bilik və bacarığın nümayişi üçün sanki əsas yaradır.
Təbii ki, məni bu sözləri çox həvəslə qələmə almağa vadar edən səbəb mədənicə gözəl bir eloğlunun, eyni kənddə böyüdüyüm, gündəlik olmasa da həftədə azı bir dəfə rastlaşdığım şəxslə əlaqədar gecə yarısı sosial şəbəkədə oxuduğum “BİR ÖMÜR YAŞADIM BU DÜNYA ÜSTƏ” cümləsi oldu. O, bu cümlə ilə 1965-ci il martın 21-də dünyaya göz açmasını xatırladaraq özü-özünü təbrik edib.
Bu misra məni həqiqətən çox duyğulandırdı. Qoşqar Vəlini yaxşı tanıdığım üçün onun nə demək istədiyini sanki anladım: Abad kənd tüstüsündən, Abad məclis aşığından, Maral baxışından, Qartal duruşundan bəlli olduğu kimi, Yaxşı oğul da danışığından bəlli olur.
Doğrusu, onun boya-başa çatdığı nümunəvi ailəsinə olan sevgimin kökündə ata-anamın bəslədiyi hörmət, verdiyi dəyərlər dayanır.
Rəhmətlik Abduyev Vəli bizim üçün ən sevimli müəllim, təlim-tərbiyənin atası hesab olunub. Onun məktəb illərində səhər-səhər radiogücləndirici ilə təhsillə bağlı verdiyi elanlar indidə qulağımızda eynən səslənir. O, məlahətli səs tonu, danışıq tərzi, davranışı, ictimai mədəniyyəti, etikası və ailəcanlığı ilə yaddaşlara hopub. Vəli Abduyevi xatırlamamaq mümkün deyil. Böyütdüyü 10 uşağın hər biri xarakteri, davranış və təhsili ilə həmişə seçilib. Əlbəttə, “ot kök üstə bitər” deyimi əbəs yerə yaranmayıb.
QOŞQAR VƏLİ OĞLU ABDUYEV 58 il əvvəl Göyçə mahalının Ardanış kəndində doğulub. Onun təhsil, iş ilə bağlı İrəvan, Bakı, eləcə də Rusiyanın bir çox şəhərində enişli-yoxuşlu həyat hekayəsi var.
Onu mənə tanıdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedən yol olub. Mənim tələbəlik, Qoşqarın isə subaylıq çağı, 1994-1995-ci illərin payız-qış ayları…
Mən həm teatr rejissorluğu ixtisası üzrə təhsil alır, həm də o vaxt ən mötəbər sayılan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da müxbir işləyirdim. O isə Krasnoyarsk şəhərindən qayıtmışdı. Söhbətimiz, xarakterimiz bir-birimizə çox uyğun gəlirdi. O fizika üzrə təhsil alsa da jurnalistika peşəsinə xüsusi məhəbbəti vardı. Onu indiki M. Ə. Rəsulzadə qəsəbəsindən şəhərin mərkəzinə hər gün ərinmədən gətirən məhz onun böyük həvəsi idi. Həmin illərdən Qoşqar bəylə bağlı xatirəmdə qalan bu sözlərdir: Dürüstlük, canıyanımcıllıq, bacarıq, istedad, bilik, səmimiyyət və insanlıq.
Ümumiyyətlə, Allah o kəsləri sevir və istəyinə çatdırır ki, onlar təmiz qəlbli, saf olur, dostu dostuna, düşməni də düşməninə satmır. Qoşqar bu gün gözəl atasının adını daşıyan bir oğlu ilə fəxrlənir. Çünki kiçik Vəli babasının nümunəvi yolunu tərbiyəsi, istedadı və təhsili ilə yaşadır. Əminik ki, onun bu yolu uğurlu olacaq, ən azından atasının arzularının çin olması üçün kifayət edəcək.
Mənim üçün Qoşqar sözün əsl mənasında səmimi, etibarlı dost, mehriban qardaş, alicənab vətəndaşdır. Qoşqar Vəli yaxşı vicdan sahibi kimi poeziyanı sevən şəxsdir, onun haqqında hətta kitab da yazmaq olar, baxmayaraq ki, o, özü də kitab yazmağı çox sevir. Onun el-oba duyğusu, Vətən həsrəti, yurd-yuva yanğısı yazdığı məqalələrdə, şerlərdə daim duyulur. Dövri mətbuatda gözəl qələmi ilə seçilən, nümunəvi davranışları ilə yaddaşlarda qalan Qoşqar Vəlinin gözəl Novruz bayramında dünyaya gəlməsi, bu yaranışın özü belə bir xoşbəxtlikdir. Təbiətin oyandığı, torpağın isinişdiyi bu gündə doğulan insan təbii ki, insanları isinəşdirər, doğmalaşdırar, təbiət, gözəllik, sevgi duyğuları ilə zənginləşdirər.
Bir sözlə, Qoşqar Vəlini təbrik etmək vicdanım üçün RAHATLIQ, ona gözəl və sağlam ömür arzulamaq ruhum üçün OVQAT, bundan sonrakı həyat hekayəsini nümunəvi duruşu ilə başa vurmaq istəyim isə mənəviyyatım üçün BORCDUR. Çünki vicdan, ruh və mənəviyyat üçlüyü insaniyyətin şahənşahlığıdır. Qoşqar Vəli varlığı da məhz bu üçlükdən ibarətdir.
Əziz dost, bunu heç vaxt unutma: Dağlar qarıynan, torpaq varıynan tanındığı kimi, Sən də mənəvi saflığınla tanındın, sevildin…
Əziz dost, Sənin atdığın daş heç vaxt baş yarmaz, sənin tövlən belə düşmənin qonaq otağından qat-qat yaxşıdır…
Doğrudan da SƏN BİR ÖMÜR YAŞADIN BU DÜNYA ÜSTƏ…
Xatırlatma: Abduyev Qoşqar Vəli oğlu 21 mart 1965-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1972-1982-ci illərdə Ardanış kənd orta məktəbində təhsil alıb. 1982-ci ildə Rusiyanın Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində Ali Hərbi Komandirlər məktəbinə daxil olub. Müəyyən səbəblərdən təhsilini davam etdirməyib. 1983-198-ci illərdə BYSTT-da təhsil alıb və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Təyinatla mühəndis – texnoloq ixtisaı üzrə Bakı şəhərində yerləşən “Ulduz” zavoduna göndərilib. 1989-1991-ci illərdə Bakı Dəzgahdüzəltmə zavodunda təchizatçı, 1991-1993-cü illərdə Bakı Taxıl Kombinatında mühəndis işləyib. 1993-2003-cü illərdə Rusiyanın Krasnoyarsk şəhərində özəl sektorda çalışıb. 2003-2004-cü illərdə Bakı şəhərində LLT MMC Şirkətində əməliyyatçı, 2004-2005-ci illərdə “Qoliaf ” şirkətinin poçt daşıma şöbəsində menecer və baş menecer, 2005-2010-cu illərdə “Şimşək” firmasında, 138-saylı Yasamal poçtamtında, Mərkəzi Poçtamtın yükdaşımalar üzrə “EMS” şöbəsində müxtəlif işlərdə çalışıb. 2010-cu ildən hazırkı dövrədək “Bakıelektirikşəbəkə ASC-də və paralel olaraq, AAY-nın xüsusi təyinatlı şöbəsində çalışır.
2011-ci ildə çapdan çıxan” Göyçə aşıq və şairlərinin yaradıcılığında Aforizm və Nəsihətlər” kitabının redaktorudur. (müəllif Vaqif Kərim ). Hazırda “Erməni məsələsi və Türkiyə tarixində onun izi” kitabının rus dilindən azərbaycan dilinə tərcüməsi ilə məşğuldur. Paralel olaraq “Ardanışda izim qaldı” kitabı üzərində işləyir. Ailəlidir. Bir övladı var.
Əsgər Əlioğlu