“Vətən bağı” al-əlvandır,
Yox içində xarı bülbül
(Ağabəyim ağa)
Sabir Sadaxlı
Apar məni
Daha bu dünyadan bezmişəm, Allah.
Nolar, dərgahına tez apar məni!
Etdiyim günahlar dünyada qalsın
Hara aparırsan, düz apar məni…
Qarlı zirvələrdən aşıb gəlmişəm,
Kükrəyib, çağlayıb, daşıb gəlmişəm,
Vallah bu dünyaya çaşıb gəlmişəm.
Keçir süzgəcindən, süz, apar məni.
Bu fani dünyanın neçə üzü var,
Neçə cığırı var, neçə izi var,
Hələ deyilməmiş neçə sözü var,
Hələki nurludur göz- apar məni.
Göz açıb yumunca keçdi günlərim,
Quş olub göylərə uçdu günlərim,
Daha indən belə heçdi günlərim.
Qəbrimi vətəndə qaz, apar məni.
Hər tərəf laləzar, hər tərəf yaşıl
Sənə həmdəm ola ömür yoldaşın.
Nə cavan olasan, nə ahıl yaşın…
Payızda gəlmişəm, yaz apar məni…
Vətənsiz ağlayan Sarı bülbüləm,
Cənnət Qarabağsız Xarı bülbüləm,
Özgə çəmənində solan bir güləm-
Özün öz əlinlə üz, apar məni…
İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir.
İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır.
Çox böyük cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür.
O, 1801-ci ildən 1832-ci ilədək – ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır.