Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu qədim yaşayış məskənlərinin adını dəyişdirərək izini itirməyə çalışdıqları Dərəçiçək mahalı haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetdə ermənilərin zaman-zaman tarixi torpaqlarımızda oğuz-türklərinin tarixi-mədəni irsinə qarşı cinayətlər törətməsindən, saxtalaşdırmanın qurbanına çevrilən dədə-baba yurdlarımızdan olan bu mahaldan söz açılır.
Bildirilir ki, indiki Ermənistan ərazisində olan bu coğrafi yaşayış yeri Əlibəy dağının ətəyində qədim məntəqədir və adı 1728-ci ildən məlumdur: “Kənd Dərəçiçək dərəsinin adı ilə adlanıb və 1847-ci ildə dəyişdirilərək Konstantinovka, daha sonra 1920-ci illərdə Zaxqadzor adlanıdırılıb. 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu olub.
1946-cı ildə erməni dilində Tsakadzor deyilib. 1959-cu ildə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırılıb. Osmanlı dövründə Dərəçiçək nahiyəsinin davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil idi. Sonra mahal ərazisində Yeni Bəyazid qəzası təşkil olunub.
Dərəçiçək İrəvan xanlığının Yeni Bayazid qəzasında, yəni əsl adı Axta, sonra isə Hrazdan adlandırılan rayonda şəhər tipli qəsəbədir. Burada 1897-ci ildə azərbaycanlılar yaşayıb. Lakin XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və yalnız ermənilər, ruslar məskunlaşıblar.
1931-ci ildə burada cəmi 1859 nəfər, yəni 3,6 faiz, 1959-cu ildə 1779 nəfər, yəni 6,9 faiz, 1970-ci ildə 2089 nəfər, yəni əhalinin 4,9 faiz türk qalıb. 1931-ci ildə oğuz-türklərin yaşadığı kəndlərin sayı isə cəmi 9 olub. Hazırda isə burada ancaq ermənilər yaşayır”.
Süjetdə xüsusi vurğulanır ki, XIX yüzilliyin əvvəllərindən etibarən ermənilərin əzəli Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsindən sonra tarixi irsimiz ardıcıl surətdə məqsədyönlü şəkildə məhv edilib, dağıdılıb. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalının kəndləri viran qoyulub. Dərəçiçək mahalı 37 kənddən ibarət idi və onların 16-sı müharibələr nəticəsində darmadağın edilib.
Beləliklə, Şimaldan Pəmbək vilayəti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə gölü arasında yerləşən, etnik tərkibi oğuz türklərindən ibarət olan bu mahalı da ermənilər və havadarları ələ keçiriblər. Əminik ki, zaman, tarix gələcək havasına, suyuna görə ən səfalı oğuz yurdlarından sayılan bu məkan yenə öz doğma sakinlərinin yaşayış məskəni olacaq.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 31-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da Youtube kanalında azərbaycan və rus dilində yayımlanıb.