Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun şəhadətinin ikinci ildönümüdür.
Rakus.az xəbər verir ki, bununla əlaqədar onun məzarı ziyarət olunub, qəbri üstünə əklillər, gül-çiçək dəstələri qoyulub.
Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Burada keçirilən xatirə mərasimində ailə üzvləri, dövlət və ictimaiyyət nümayəndələri, şəhid anaları, qazilər iştirak ediblər.
Şəhidin qardaşı jurnalist Əsgər İbrahimov Vətən yolunda canlarını qurban verən igid oğlanların, o cümlədən Məhərrəm İbrahimovun şərəfli ömür yolundan, fəaliyyətindən söz açıb.
Müstəqil İctimai Nəzarət Təşkilatının sədri Xalid Mirzəyev, Vətən qaziləri Sahib Əsgərov, Surxay Niftəliyev bildiriblər ki, şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur, onlar xidməti və peşə fəaliyyəti ilə mübarizliklərini, vətənpərvərliklərini hər an sübut ediblər.
Onların sözlərinə görə, şəhidlərin əziz xatirəsi hər zaman qürur mənbəyimiz olmaqla yanaşı, millətimizin dünya arenasında qəhrəmanlıq səlnaməsinin göstəricisidir.
Şəhid Elməddin Cəfərovun anası Zəhra Cəfərova deyib ki, 2-ci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan zəfərin müəllifləri olan şəhidlərin şücaət hekayəsi dillərdə dastanda dönüb: “Məhərrəm İbrahimov da peşə fəaliyyətində Vətənin gizli qəhrəmanlarından oldu, qələmini süngüyə çevirməklə yanaşı, materialları ilə düşmənin mənfur hərəkətlərini, vandallığını dünyaya çatdırıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinin ehtiramla yad olunduğunu vurğulayaraq, Məhərrəm İbrahimovun ailəsinə Allahdan səbr arzulayıb.
Tarixçi-alim Sahibə Budaqova şəhidin yaxınlarına, qohumlarına başsağlığı verib. O deyib ki, Məhərrəm İbrahimovun müharibə zamanı və sonrakı dövrdə mətbuatın üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərkən həlak olması hamımızı kədərləndirir: “Bu hadisə mənfur düşmənin vandal hərəkətlərini, mülki şəxslərin mina terrorunun qurbanına çevirməsini beynəlxalq aləmdə bir daha sübut etdi”.
Şəhidin bacısı İradə İbrahimova qardaşının adını uca tutub anım mərasiminə gələn şəxslərə minnətdarlığını bildirdi, torpaq uğrunda canlarından keçən mərd mübarizlərin adının yaşadılmasının, xatirəsinin yad olunmasının, adlarının əbədiləşdirilməsinin vacibliyini vurğuladı və Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət dilədi”.
Sonra şəhidlərin ruhuna dua oxunub və Məhərrəm İbrahimovun evində ehsan süfrəsi açılıb.
Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində anadan olub.
2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı ilə də təltif edilib. Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub.
Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb. Respublikamızda peşəkar hərbi jurnalist kimi tanınan Məhərrəm İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
2021-ci il iyunun 4-də işğaldan azad olunan Kəlbəcər rayonunun, Susuzluq kəndi yaxınlığında çəkiliş qrupunu daşıyan avtomobilin minaya düşməsi zamanı həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunun 2021-ci il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır.