Məkrli erməni planının qurbanı Gərnibasar mahalı - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə erməni millətçilərinin qarşıya qoyduqları məkrli planın tərkib hissəsi kimi unuturmağa çalışdıqları mahallardan biri – Gərnibasar haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “İzləri itirilən Gərnibasar mahalı” adlı süjetdə ermənilərin uydurma ideyalar ortaya atdıqları, guya qədim sakinlər olduqlarını sübut etmək üçün əsrlərdən bəri oğuz-türklərinin yaşadığı ərazilərdən yerli əhalini sıxışdırıb çıxarmaları, onlara məxsus izləri itirməklə özlərinə saxta ərazi yaratdıqları xüsusi qeyd olunur.
Bildirilir ki, İrəvan xanlığının 15 mahalından biri olan Gərnibasar mahalı Ağrıdağ vadisində, İrəvan çuxuru ərazisində, Araz çayının sol sahili boyu uzanan tarixi Azərbaycan ərazisidir: “Mahal Şimal-qərbdən Zəngibasar mahalı, yəni Zəngibasar rayonu, şimaldan Qırx-bulaq mahalı, yəni Ellər rayonu, cənub-şərqdən və cənubdan Vedibasar mahalı, yəni Vedi rayonu, nəhayət, cənub-qərbdən Araz çayı vasitəsilə Türkiyə ərazisi ilə həmsərhəd idi.
Gərnibasar 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi, İrəvan əyalətinin nahiyəsi kimi indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahallardan biridir. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında mövcud olmuş 95 kənddən 43-ü dağıdılıb. Dağıdılan kəndlərin demək olar, tam əksəriyyətinin adı türkmənşəlidir. Ümumiyyətlə, 1828-ci ildə Gərnibasar mahalında 52 kənd mövcud olub. Bu yaşayış məntəqələrində 1829-cu ilə kimi 4176 azərbaycanlı, 145 erməni yaşayıb. 1829-1830-cu illərdə əraziyə İrandan 5359 erməni köçürülərək azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilib. Mahalın adı ərazidən axan Gərniçay çayının adından götürülüb.
İrəvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan qəzasının Gərni nahiyəsi Sovet dövründə – 1930-cu il sentyabrın 9-dan “Ermənistan SSR“nin Qəmərli, 1945-ci il sentyabrın 4-dən isə Artaşad rayonu kimi mövcud olubdur. Bu ərazi 507 kvadrat kilometrdir və relyefinə görə bir-birindən kəskin şəkildə fərqlənən düzənlik, dağlıq hissələrdən ibarətdir. Qəmərli qəsəbəsi 1961-ci ildən respublika tabeli şəhər idi. 1987-ci ilin məlumatına görə, Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Artaşad, yəni Qəmərli rayonunda 1 respublika tabeli şəhər, 13 kənd sovetliyi, ümumiyyətlə, 40 yaşayış məntəqəsi mövcud olub”.
Sonda diqqətə çatdırılır ki, ermənilərin yerli xalq olmaları özlərinin yazdığı saxta tarix kitablarından başqa heç bir tarixi, arxeoloji mənbədə, bu regionun heç bir maddi və ya mənəvi mədəniyyətində öz əksini tapmayıb: “Zaman-zaman çirkin əməllərlə özlərini məqsədlərinə çatmış kimi hiss etsələr də amma daim narahatdılar. Çünki artıq zaman dəyişir, o yurdlara qayıtmaq üçün o yerlərin sahiblərinin qəlbində bir ümid işığı yanır. Əminik ki, bu işıq Qərbi Azərbaycanın hər tərəfini qaranlıqdan xilas edəcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramil İbrahimovun təqdimatında iyunun 14-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.