“EastMed” boru kəməri TAP-a birləşə bilər
Şərqi Aralıq dənizi ehtiyatlarının Yunanıstana nəqlini nəzərdə tutan “EastMed” təbii qaz boru kəməri Azərbaycan qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinə birləşə bilər.
Rakus.az xəbər verir ki, bu barədə İtaliyanın Baş Naziri Cüzeppe Konte deyib.
“EastMed” təbii qaz boru kəmərinin davamı kimi nəzərdə tutulan “Poseidon” adlı boru kəmərinin inşasına icazə verməyəcəklərini deyən Baş nazir “EastMed”in TAP-a birləşməsini istisna etməyib.
Qeyd edək ki, martın sonuna TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 86,5 faizi icra edilib. Hazırda layihə qrafik üzrə davam edir. Hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.
TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların ümumilikdə 98 faizi torpağa basdırılıb.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla 2 kompressor stansiyasının inşası qrafik üzrə davam edir. Kipoidəki stansiyada ümumi tikinti işlərinin 79 faizi yekunlaşıb. Fierdəki kompressor stansiyasının inşasının isə 77 faizi başa çatıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Suyun dayanıqlılıq sınaqları isə qrafik üzrə irəliləyir.
Boru kəmərinin Adriatik dənizindən keçəcək hissəsində tikinti işlərinin 10 faizdən çoxu yekunlaşıb. TAP üzrə Albaniya sularında ilk dəniz borularının inşasına başlanılıb. Albaniyada ilk dəniz borular müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib. 1,8 kilometrlik ilk borular Fier (Albaniya) yaxınlığında sahilə çıxıb. Uzunluğu 139 metr və eni 36 metr olan “Castoro 10” gəmisi boruları Albaniyanın dayaz sularında döşəməyə davam edir, bunun ardından fiber-optik kabelin çəkilişi də həyata keçiriləcək.
TAP ötən ilin oktyabrında boru kəmərinin dəniz hissəsinin tikintisi işlərinə başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən cari ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq.
İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Hazırda boru kəmərinin qəbulu terminalında, mikrotunel sahəsində və dənizə çıxış hissəsində işlər görülür.
Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).