Göyçə mahalının aranı hesab edilən Pəmbək kəndi - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə Pəmbək kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, atət-ənənələri, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.
Bildirilib ki, Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakiləs (indiki Kirovakan) şəhərinin yaxınlığında olan Lori-Pəmbək kəndindən olub. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşən kənd “İrəvan əyalətinin icmal dəftəri”ndə Quşçu, Qafqazın 5 verstlik xəritəsində isə Quşi dərəsi formasında qeyd edilib, yəni “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Kəndin bir adı da Pəmbəkli olub.
Qeyd olunur ki, qədim tarixi olan kənddə albanlara məxsus dini məbəd (kilsə) və oğuzların qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatıb: “Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 237 nəfər, 1897-ci ildə 283 nəfər, 1908-ci ildə 352 nəfər, 1914-cü ildə 392 nəfər, 1916-cı ildə 331 nəfər, 1919-cu ildə 398 nəfər yalnız azərbaycanlı yaşayıb. 1919-cu ilin yazında kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar qırğınlarla deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar tarix torpaqlarına qayıdıblar. Burada 1922-ci ildə 390 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 512 nəfər, 1987-ci ildə 2000 azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr ayının axırlarında, dekabr ayının əvəllərində kəndin əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilib və kəndə ermənilər yerləşdirilib”.
Diqqətə çatdırılır ki,: “Göyçə mahalının aranı hesab edilən kənd başdan-başa meyvə ağaclarından ibarət idi. Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan Göyçə gölünə birləşirdi. Bu gölün təmiz və şirin suyu dillər əzbəri olan qızıl xallı, siqa, farel və b. balıqlarla zəngin idi. Gölün ən yaxşı təmiz qumlu çimərlik yerləri qonşu Babacan və Dərə kəndlərinin də bir hissəsi idi”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 16-da saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.