Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur?” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetdə tarixi həqiqətlərin yaşadılması üçün Qərbi Azərbaycanın yer-yurd adları ilə bağlı paytaxt Bakıda küçə, prospekt və digər ünvanların olmaması diqqətə çatdırılır, bunun səbəbləri araşdırılır.
Bildirilir ki, hazırda paytaxtımızda bir çox küçə və prospektlər müxtəlif şəhər adlarını daşıyır. Məsələn, Moskva prospekti, Tbilisi prospekti, Azərbaycan prospekti və s.
Əslən Qərbi Azərbaycandan olan ziyalılar bu məsələ ilə bağlı fikir və düşüncələrini ifadə edirlər. Qeyd olunur ki, Bakının indiki Vaqif prospektinin əvvəlki adı İrəvan adlanıb. Lakin sonradan dəyişdirilib. İndiki şərait bu adın – İrəvan prospektinin bərpası, eləcə də Qərbi Azərbaycanla bağlı digər adlara başqa ünvanların verilməsi zərurətini yaradır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti qurumların düşünməsinə ehtiyac var və bu istiqamətdə işlərin sürətləndirilməsi vacibdir.
Süjetdə vaxtilə İrəvanda mövcud olan Azərbaycana aid küçə, prospekt və başqa ünvanların dəyişdirildiyi barədə də söz açılır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sentyabrın 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.