Gündəm 10.05.2019 22:44

Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi - FOTO

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyevin
nitqi

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir.

Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə – 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə – Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi.

Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı. Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaradıldı və separatçı meyillər geniş vüsət aldı. Pensiyada olan Heydər Əliyev Moskvada yaşayırdı və hər zaman Azərbaycan haqqında düşünürdü. Görürdü ki, respublikada vəziyyət kifayət qədər mürəkkəbdir, xoşagəlməz hallar baş verir, respublika tənəzzülə uğrayır. Hadisələrin gələcək inkişafı göstərdi ki, onun təhlili demək olar tam dəqiq və düzgün idi.

Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev öz səsini ucaltdı, öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm. Yadımdadır ki, biz daimi nümayəndəliyə gələndə orada çox böyük kütlə var idi, insanlar toplaşmışdılar, çox həyəcanlı idilər. Heydər Əliyevi görəndə onlar canlı dəhliz yaratdılar, kənara çəkildilər və Heydər Əliyev binaya daxil oldu. O vaxt Heydər Əliyev pensiyaçı idi, ona qarşı müxtəlif dövrlərdə qarayaxma kampaniyaları aparılırdı. Ancaq xalqın qəlbində o, lider, görkəmli şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu kimi yaşayırdı. Həmin gün ona göstərilən hörmət əlbəttə ki, həmişə bizim yadımızda qalacaqdır.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il var idi. Bəlkə də heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Ona görə məhz o anda, xalqımız üçün ən ağır anda Heydər Əliyevin bu addımı, bu bəyanatı əlbəttə ki, böyük cəsarət tələb edirdi, bir daha onu göstərirdi ki, o, hər zaman Azərbaycan xalqı ilə bir yerdədir. Ondan sonra bu qanlı cinayətə etiraz olaraq uzun illər ərzində üzvü olduğu kommunist partiyasının sıralarını tərk etdi. Bu da böyük cəsarət tələb edirdi. Təbii ki, ondan sonra ona və onun ailə üzvlərinə qarşı təzyiqlər, təqiblər başlamışdır. Bu təzyiqlərin müxtəlif formaları var idi. Bir sözlə, ona təzyiq etmək və cəzalandırmaq üçün praktiki addımlar atılırdı. Hətta bizdə məlumat var idi ki, onun həbsi ilə bağlı məsələ müzakirə edilirdi.

Bakıya gəldi, ovaxtkı rəhbərlik ona Bakıda yaşamağa imkan vermədi, doğulduğu Naxçıvan Muxtar Respublikasına üz tutdu. O da tarixin hökmü idi. Çünki o vaxt Naxçıvan çox ağır vəziyyətdə idi. Erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında Naxçıvanın işğalı da var idi. Məhz Heydər Əliyev amili, onun iradəsi, xalqın ona olan inamı Naxçıvanı bu böyük bəladan qurtara bildi. O vaxt onun rəhbərliyi ilə Naxçıvanda səfərbərlik işləri aparılmışdır. Sərhəddə şiddətli döyüşlər gedirdi və Naxçıvan öz torpağını qoruya bildi.

Naxçıvanda digər yaddaqalan hadisə Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin – ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar ölkə miqyasında qəbul edilsin. Yəni, bu, tarixdir. Bu tarix bir daha göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı.

Azərbaycanda ovaxtkı vəziyyət bizim yadımızdadır. O vaxt – 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.

Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər.

Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. O vaxt Azərbaycanda mətbuat azadlığı yox idi. Senzuranın ləğvi də Ulu Öndərin gələcəyə yönəlmiş baxışlarını tam əks etdirirdi.

Ordu quruculuğu prosesi başlamışdır. Çünki o vaxta qədər nizami ordu yox idi. İqtisadi sahədə çox ciddi islahatlar aparılmışdır, o cümlədən kənd təsərrüfatı sahəsində. O islahatlar ki, bu gün bizim apardığımız islahatlar üçün gözəl zəmin yaradır. Sənaye potensialının inkişafı ilə bağlı önəmli addımlar atılmışdır. Sərmayə qoyuluşu Azərbaycanda artıq bir amil kimi mövcud oldu. “Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin etmişdir. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir – insanların rifah halının yaxşılaşması, ordu potensialının gücləndirilməsi, məcburi köçkünlərin problemlərinin həlli, infrastruktur layihələrinin icrası. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, bu işləri nəyin hesabına görə bilərdik? Bu maliyyə imkanlarını bizə “Əsrin kontraktı” yaratdı. Mən o dövrü yaxşı xatırlayıram. O vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi digər yoldaşlarla bu məsələ ilə ciddi məşğul idim. Bu kontrakt Azərbaycan üçün ən məqbul şərtlərlə imzalanmışdır və bu, bugünkü reallıqda özünü göstərir. Bu yaxınlarda kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Azərbaycan bu kontraktın faydasını görəcəkdir.

Yəni, bu, tarixi hadisə idi, Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt bölgədə geosiyasi vəziyyət çox mürəkkəb idi və bu kontraktın imzalanması o qədər də asan məsələ deyildi. Kontraktın imzalanmasından sonra baş vermiş hadisələr onu göstərdi. Ancaq Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir.

2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.

Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.

Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır.

Heydər Əliyev hər zaman məcburi köçkünlərin problemləri ilə maraqlanırdı, onlara böyük qayğı, diqqət göstərirdi. O vaxt biz donor təşkilatlardan böyük dərəcədə asılı idik, çünki bizim maliyyə imkanlarımız yox idi. O vaxt böyük işlər görüldü ki, beynəlxalq təşkilatlar Azərbaycana yardım göstərsinlər və bu yardım hesabına müəyyən mənada köçkünlərə şərait yaradıldı. Heydər Əliyev göstəriş verdi ki, ilk neftdən Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəliri məcburi köçkünlərin problemlərinin həllinə istifadə edək. Belə də oldu. Yadımdadır, yağışlı hava idi, gözəl mənzərəli yer idi, Heydər Əliyev özü şəxsən o köçkün qəsəbəsinin açılışını qeyd etdi. Bu gün bu siyasət davam etdirilir. Bu günə qədər yüzdən çox şəhərcik salınıb, 100 minlərlə köçkün yeni evlərlə, mənzillərlə təmin edilib.

Biz bu illərdə digər sosial layihələri uğurla icra etmişik. Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir. Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır.

Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır. Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil.

Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.

Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik.

Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir.

Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. Dünən, Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə “ASAN xidmət” mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan “ASAN xidmət”dən istifadə edib. Bu, Azərbaycan brendidir, biz indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.

Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq. İcbari-tibbi sığorta Azərbaycanda pilot layihə kimi icra edilibdir və nəticələr həddindən artıq müsbətdir. Biz bəlkə də heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq. Bu, həm əhali, həm həkimlər tərəfindən, həm də bütün digər sahələrdə yüksək qiymətləndirilir. Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var.

Biz bu gün, eyni zamanda, Heydər Əliyev Fondunun 15 illiyini qeyd edirik. On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə – mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı – uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində – bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.

Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik. Sağ olun!

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi ilə bağlı Sərəncamı oxundu.

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını akademik Xoşbəxt Yusifzadəyə təqdim etdi.

X X X

Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.

Mərasim bədii hissə ilə davam edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO