Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Aprelin 3-də Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) ofisində mətbuat konfransı keçirilib.
Rakus.az xəbər verir ki, konfransı ATMİA-nın Baş Katibi Şahanə Sarı açaraq media əməkdaşlarını salamlayıb. O bildirib ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bununla əlaqədar olaraq Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) təşkilatçılığı ilə ilk dəfə olaraq aprelin 1-dən 9-dək İnşaat Həftəsi keçirilir. Bu çərçivəsində Azərbaycan bir sıra vacib və əlamətdar tədbirlər təşkil olunur.
Onun sözlərinə görə, İnşaat Həftəsi çərçivəsində keçirilən silsilə layihələrə beynəlxalq sektorial qurumlar, o cümlədən Gürcüstan İnfrastruktur Tikinti Şirkətləri Assosiasiyası və İraq İnşaat Assosiasiyası ilə əlaqələrin qurulması daxildir ki, hazırda bu istiqamətdə mühüm işlər görülür. Bundan əlavə, aprelin 1-də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Əşrəfxanov ilə görüş keçirilib. Bu görüşdə dplomat öz ölkəsinə sərmayə qoymaq istəyən Azərbaycan şirkətlərə hər cürü şəraitin yaradılmasına dəstək verəcəklərini söyləyib. Həmçinin aprelin 4-də Qafqazda ilk müasir gips zavodu olan AĞDAĞ gips zavoduna 20 sahibkarın iştirakı ilə info-turun təşkili, aprelin 6-da “Yaşıl Dünya Həmrəyliyi İli” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyasının təşkili, eləcə də aprelin 8-9-da İtaliya Ticarət Palatası, “Matanat A” Şirkətlər qrupunun baş sponsorluğu və “Mirvana” dekorativ boyalarının sponsorluğu ilə Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun Azərbaycana səfəri və Azərbaycan Memarlıq və İnşaat Universitetində sahibkarlar və tələbələr üçün elmi-praktiki seminarların keçirilməsi və digər işlər planlaşdırılır.
Ş.Sarı diqqətə çatdırıb ki, ATMİA-da hazırda 400 kiçik və böyük yerli şirkət təmsil olunur: “2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir. Ölkəmizdə istesal potensialını artırmaq və xarici ölkələrə çoxsayda daha keyfiyyətli məhsulların ixracına nail olmaq da əsas hədəflərdəndir. Bu istiqamətdə bir sıra ölkələrlə qarşılıqlı sənədlərin imzalanması nərədrə tutulur. Azərbaycan məhsulları ilə əsasən Gürcüstan, Özbəkistan, İraq, bir neçə Avropa ölkəsi maraqlanır. Yaponiya isə Azərbaycanla inşaat sektorunda əməkdaşlıq etməyə, burada bəzi sahələrə sərmayə qoymağa maraq göstərir. Bunun üçün gündoğan ölkədən Bakıya mütəxəssislər dəvət olunur. Bundan əlavə, hazırda “Mətanət A” şirkəti Özbəkistanda özünün müəssisəsini qurur. İraqın tikinti bazarında bizim şirkətlər üçün ciddi potensial mövcuddur. Əminik ki, Azərbaycan istehsalçıları bu ölkə ilə uğurlu işbirliyinə imza atacaqlar”.
Sonra ATMİA-nın Baş Katibi jurnalistlərin suallarını cavablandırıb.
Həmin gün axşam Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası adından media nümayəndələri üçün iftar süfrəsi açılıb.