“Haylar Orta Asiya ərazilərinə iddia edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi yazıçı, araşdırmaçı Xaqani İsmayıl olub. O, doğulub boya-başa çatdığı Loru mahalının Dağ Borçalı ərazisindən – Qaraqala kəndindən söhbət açıb. Bildirib ki, kəndləri həm füsunkar təbiətinə, həm də tarixiliyinə görə diqqət çəkib. Babası Molla Süleymanın vaxtilə Türk Ordusuna dəstəyinə görə təqib olunduğunu, adına xalq düşməni damğası vurulduğunu, sürgün edildiyini xatırladan X.İsmayıl söyləyib ki, atası Neman İsmayılov da erməni millətçilərinin müxtəlif təzyiqləri ilə üzləşib.
Hayların yaranması, mənşəyi barədə məlumatların ziddiyyətli olmasına diqqət çəkən X.İsmayıl deyib ki, ermənilərin Cənubi Qafqaza gəlmə xalq olması faktlarla təsdiqini tapıb. O, Birinci Dünya müharibəsindən qalib çıxan dövlətlərlə ermənilərin gizli sövdələşmələrindən, əsassız ərazi iddialarından da danışıb. Bildirib ki, daşnakların yersiz iddiaları hətta o dövrün böyük dövlətlərini də təəccübləndirib. Onun sözlərinə görə, oktyabr inqilabına qədər Türkiyə cəbhəsindəki Çar Rusiyası ordusunun tərkibində 150 minə yaxın erməni əsgər və zabit xidmət edib. Araşdırmaçı söyləyib ki, Vladimir İliç Leninin hakimiyyətə gəlməsindən sonra geri çəkilən rus ordusunun tabeliyindəki erməni yaraqlıları Cənubi və Qərbi Azərbaycanda, Türkiyədə, indiki Gürcüstan ərazisində sadəcə müsəlman-türklərə qarşı deyil, digər millətlərə münasibətdə də böyük faciələr törədiblər.
O, ermənilərin rus, yəhudi, yunan, gürcü, almanlara qarşı soyqırımı cinayəti törətməsinə dair tarixi sənədlərin olduğunu bildirib. Qeyd edib ki, ermənilər sadəcə dənizdən-dənizə xülyası ilə yaşamayıb, eyni zamanda Orta Asiya ərazilərinə də iddialar irəli sürüblər.
Qərbi Azərbaycana qayıdışdan söhbət açan X.İsmayıl vurğulayıb ki, tarixi torpaqlarımıza qayıtmaq bizim haqqımızdır. Onun sözlərinə görə, elə etmək lazımdır ki, bu qayıdış əbədi olsun, ata-baba yurdumuz bir daha yağıların əlində əsir olmasın.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.