Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Dövlət, birinci növbədə, öz güclü ordusu ilə pərvəriş tapır. İşğalçı qüvvələrə qarşı əzm nümayiş etdirmək üçün ordu mütləq məna kəsb edir və o, çox vacib qüvvədir. Bu mənada, qeyd edək ki, Azərbaycan Respublikasında Silahlı Qüvvələrinin – Milli Ordunun yaranması da ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir.
Hamımıza yaxşı məlumdur; Birinci Qarabağ müharibəsi dövründə ölkəmizdə nizami ordu yox idi, bir sıra yerlərdə birləşmiş hərbi qüvvələr var idi və onların da düşmənə layiqincə cavab vermək üçün müasir silah-sursatları yox idi. Bu səbəbdən, o illərdə Azərbaycan xalqı və dövləti işğalçı qüvvələrin xain hücumlarının qarşısı almaqda bir sıra çətinliklərlə üzləşirdi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda nizami ordunun formalaşması üçün lazımi işlər görüldü. Orduda islahatlar aparıldı, bacarıqlı zabit heyəti və cəsur əsgər yetişdirildi. Eləcə də ümummilli liderin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə elan edilmiş Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ölkə prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına ilə həmin fərman qüvvədən düşürüldü və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Bu tarix əslində, 1918-ci il 26 iyun tarixi ilə eyni məna kəsb edir. Çünki ilk dəfə Azərbaycanda ordu quruculuğu – Azərbaycan Milli Ordusunun yaradılması barədə qərar məhz həmin vaxtın, dövrün misilsiz iftixar günüdür…
Bilirik ki, 1918-ci ildə mili ordumuz qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Bu hərbi birləşmələr Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalların yüksək zabit bacarığı sayəsində Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərib, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın edib. Məhz bu konsepsiya 1992-ci ildə Heydər Əliyevin göstərişi ilə ikinci dəfə öz prioritetliyini təmin edib və ölkəmizdə güclü nizami ordunun formalaşması üçün bütün imkanlardan maksimum istifadə edilib. Çünki Heydər Əliyev ölkədə ordu siyasətinin mahiyyətini yaxşı başa düşürdü, Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu məsələyə çox ciddi yanaşdı.
Məlumdur ki, Heydər Əliyev hələ birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu vaxtlarda – 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etmişdi. Həmin vaxtlarda o, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu, getdikcə mili ordunun formalaşması üçün lazımi münbit şərait yarandı, C.Naxçıvanski adına Hərbi Liseydə milli zabit – kadrlarımız yetişdi, ali hərbi məktəblərin gücü və potensialı artdı. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər, düşmənin hərbi birləşmələrini ağır sarsıntılara məruz qoydular.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması bildiyimiz kimi, günün ən vacib məsələsinə çevrildi. Ölkəmizdə ordu quruculuğuna isə yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi, ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Bir sözlə, milli ordunun, milli kadrların yetişdirilməsi prosesi başladı. Çox sevindirici haldır ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin başladığı ordu siyasəti günümüzün əsl reallığına çevrildi, Azərbaycanda Silahlı Qüvvələrinin quruculuğu prosesi çox sürətli şəkildə davam etdirildi və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşadı. Müasir silah-sursat, beynəlxalq-sivil ordu ləvazimatı ilə təmin edilmiş bu ordunun da qarşısında bir məqsəd qoyulmuşdu: işğal olunmuş ərazilərimizi düşməndən geri almalı, ölkəmizin ərazi bütövlüyünü təmin etmək. Milli Ordumuz bu tapşırığın öhdəsindən çox bacarıqla gəldi, erməni hərbi birləşmələrinin ard-arda törətdiyi təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı başladı, Azərbaycan Ordusu cəmi 44 günə işğal altındakı torpaqlarımızı geri aldı, düşmənə, ona havadarlıq edənlərə tutarlı cavab verdi. Sonrakı illərdə isə antiterror əməliyyatları ilə Azərbaycan Ordusu Qarabağı işğaldan tam azad etdi. Bax, Heydər Əliyevin başladığı, sonradan İlham Əliyev tərəfindən təkmilləşdirilən Ordu siyasəti məhz budur! Bu mənada, tarixi varislik ənənəsinə uyğun olaraq ölkə prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü bu gün də Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Özünün 106-cı ilini yaşayan Cümhuriyyət Ordusu cənab Ali Baş Komandanımızın rəhbərliyi altında dövlətimizin daha inamlı şəkildə qorunmasını öz öhdəsinə götürüb.
Çox sevindirici haldır ki, bu gün Azərbaycan Milli Ordusu Qafqazda ən müasir və güclü ordu hesab olunur, ən əsası, dünyanın 50 ən güclü ordusu sırasında özünə yer tutub. Çox xoşbəxtik ki, Milli Ordumuzun sayəsində bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Yaşasın Azərbaycan Silahlı Qüvvələrimiz – Milli Ordumuz!
Yaşasın Ali Baş Komandanımız!
Alp Akpolat – yazıçı