Qərbi Azərbaycan Kuboku: “Çəmbərək qətliamı” və “Elvin Əlizadə ruzigarı” - FOTO - VİDEO
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qərbi Azərbaycan Kuboku” mini futbol turniri davam edir. Bununla bağlı bəzi notları qeyd etməyi özümə borc bilirəm.
Elan olunduğu kimi, 26 iyun – 06 iyul tarixlərində Qərbi Azərbaycana qayıdış ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə rayon icmalarının təşəbbüsü və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mini futbol üzrə Qərbi Azərbaycan Kuboku keçirilir. Mini futbol turnirində Qərbi Azərbaycanın rayon İcmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bu idman tədbiri həm də Qərbi Azərbaycandan olan insanlar, idmansevərlər arasında əlaqənin yaradılması və möhkəmləndirilməsi, gənclər arasında idmana marağın artması, Qərbi Azərbaycan kökənli istedadlı gənclərini üzə çıxarılması və ünsiyyətin daha da dərinləşdirilməsi baxımında da çox əhəmiyyətli sayıla bilər. Əlbəttə, bu təşəbbüs ilk baxışda çox dəyərli göründüyü üçün hamı tərəfindən tamamilə dəstəkləndi və bütün kəndlərdə, rayonlarda böyük maraq yaratdı. Amma çox təəssüf ki, idman sektorunu bilməyən, zəif və primitiv təşkilatçılıq ucbatından bu turnir bir çox çatışmazlığı ilə yadda qalır və qarşıya qoyulan məqsədlər uğrunda fəaliyyət o qədər də ürəkaçan olmadı.
Çünki turnirin təşkilatçıları kənd və rayonların Gənclər Şuralarından gələn təkliflərə, fikirlərə elə əvvəldən əhəmiyyət vermədilər. Məsələn, təklif olundu ki, komandaların heyətləri əvvəldən ancaq rayonun öz sakinlərindən yaşı 30-dək olan gənclərdən təşkil edilsin. Bu, daha ağlabatan idi və turnirin şəffaf keçməsi üçün çox faydalı nəticə verəcəkdi. Lakin bu belə olmadı və “çoxbilmiş təşkilatçılar” yaşı 35, 40, 50 və hətta daha çox olan, vaxtilə professional futbol yığmalarının üzvü olmuş Qərbi Azərbaycan kökənli idmançıların istənilən rayon komandasına çıxış etməsinə şərait yaratdılar. Təbii ki, bu addım komandalarda “Lipa” və başqa saxtakarlıqlara yol açdı.
Əməliyyat quran “primitiv təşkilatçılar”
Bu turnirin başqa neqativ tərəfləri haqqında danışmaq istəmirəm, çünki yazımın hədəfi o deyil. Bu turnir üçün rayon kəndlərindən müəyyən miqdarda vəsaitin yığılması, heç bir əsasnamənin, qaydanın, protokolun, heyətlər barədə şəffaf məlumatların olmaması, oyunları mini futbol təcrübəsi olmayan yalnız 1 hakimin idarə etməsi, tamaşaçıların zəif cəlb olunması, oyunçu oyunbazlıqları, təşkilatçıların davranışları, idman anlayışının olmaması, işi bilməməsi, tərəfkeşlik etməsi, haqsız qərarlar, komandalara təzyiqlər və digər məsələlər, o cümlədən dostluğu, ünsiyyəti sanki “düşmən münasibətlərinə” çevirən, insanların birliyinə mane olan və haqsız narazılıqlara yol açan məsələlərdən də söz açıb qan qaraltmaq istəmirəm. Bununla bağlı kifayət qədər fakt, material mövcuddur və turnir haqqında pis rəy yaratmaq fikrim də yoxdur. Çünki bütün neqativlərlə rəğmən ortada çəkilən zəhmətə kölgə salmağa da haqqımız yoxdur. Sadəcə bu turnir çərçivəsində baş verən “Çəmbərək qətliamı” və “Elvin Əlizadə ruzigarı” haqqında, bu qətliama şərait yaradanlar barədə fikrimi paylaşmaq istəyirəm.
“Elvin Əlizadə ruzigarı”
Turnir çərçivəsində püşkatma üzrə keçirilən görüşlər əsasında “Çəmbərək” komandası iyunun 30-da “Gorus”, iyulun 2-də isə “Keşişkənd” komandasları üzərində 13:1 və 4:3 hesablı haqlı və təmiz qələbə qazandı. Bu arada onu da xüsusi vurğulamaq istəyirəm ki, “Keşişkınd” turnirin zəif komandası sayıla bilməz. Həqiqətən də başqa komandalar kimi, heyətləri tanınmış, təcrübəli, məsuliyyətli və faydalı oyunçulardan qurulub. Bu, təqdirəlayiqdir və hər bir rayonun komanda uğuru qürurvericidir. Çünki hər bir rayon Qərbi Azərbaycanımızın yaraşığıdır.
Elvin Əlizadə
“Keşişkənd” qələbəsindən sonra “Çəmbərək” komandası növbəti görüşünə hazırlaşarkən turnir təşkilatçıları heç bir əsası olmadan “Çəmbərək”-“Keşişkənd oyununun iyulun 4-də təkrar keçirilməsinə qərar verdilər. Biz – Çəmbərək komandasının təşkilində əziyyəti olan şəxslər buna qəti etirazımızı bildirdik və bunun səbəbini öyrənməyə çalışdıq. Bildirildi ki, guya Çəmbərəyin bir oyunçusu – Elvin Əlizadənin sənədi doğru olmayıb. Birincisi, bu, bir bəhanə idi. Çünki turnirin bir əsas məqsədi də 50-100 il öncə Qərbi Azərbaycandan soyqırımlara, acı məhrumiyyətlərə düçar olan soydaşlarımızın qohum əqrabasının üzə çıxarılması idi. Elə bu məqsədlə ana babasının şəcərəsi Zəngəzurda, Sisiandan olan, Qaregin Njde kimi qəddar daşnak quldurlarının terroruna məruz qalan, buna görə özünü Qərbi azərbaycanlı sayan tanınmış mini futbolçu Elvin Əlizadə heyətimizə cəlb olunub və bütün arxiv sənədləri təqdim edilib. İkincisi, soy kökünü unutmayan, özünü Qərbi azərbaycanlı hesab edən hər kəsə qucaq açılmalıdır. Bunlara rəğmən Qaregjn Njdeni belə tanımayan təşkilatçılar əsassız şəkildə, heç bir qaydaya sığmayan formada qərar verdilər ki, oyun yenidən keçirilməlidir. Bundan əlavə, guya bu qərarın qarşılıqlı razılıq əsasında əldə olunduğunu elan etdilər.
“Çəmbərək”-“Keşişkənd” görüşü. 2 iyul, 2024
Təbii ki, bu, səhv və yanlış qərar və yanaşma idi. Birincisi, bütün komandalarda lipa, saxta sənədlərlə heyətə qatılan oyunçular mövcuddur. İkincisi, təqdim olunan sənədlərə görə əgər “Çəmbərək” komandasının oyunçusu “Lipa” sayılırsa və bu aşkar edilirsə, nə üçün bu komandaya 2 oyun keçirməyə icazə verilib?! Üçüncüsü, əgər Elvin Əlizadə “Lipa” hesab edilirsə, nə üçün “Çəmbərək” komandasına texniki məğlubiyyət verilmədi, amma təkrar oyun təyin edildi? Axı, dünyanın heç bir yerində belə futbol qaydası yoxdur. Görəsən bu “təşkilatçılar” oyunların hansı hallarda təkrar keçirilməsi qaydalarını bilirlərmi. Əgər oyun keçirilibsə, nəticə qeydə alınıbsa, təkrar oyun nə deməkdir? Bunun sadəcə iki adı var: “Keşişkənd”ə yenidən yaşıl işıq yandırmaq, bu komandanın qələbəsi üçün canfəşanlıq etmək. Əsas oyunda “Keşişkənd” uduzdu deyə Elvin Əlizadəni “Lipa” elan edib oyunu təzədən keçirmək və “Elvin ruzigarı”nın qarşısını almaq. Məhz sonrakı gedişat və proses bunu bir daha göstərdi.
“Çəmbərək qətliamı”
Belə ki, bizim, yəni “Çəmbərək” komandasının yaradılmasında əməyi olan hər kəsin fərdi və kollektiv təkidlərinə baxmayaraq, oyunun təkrar keçirilməsi qərarının doğru olmadığını dəfələrlə təşkilatçılara çatdırdıq. Lakin əməliyyat quran “primitiv təşkilatçılar” fikirlərindən dönməyəcəklərini dedilər. Belə olan halda biz komanda olaraq bu oyuna çıxmamaq qərarı verdik. Lakin iyulun 3-də axşam saat 9-da “Çəmbərək” komandasının bəzi başbilənləri Rayon İcmasının sədri ilə görüş təyin etdilər. Düşündülər ki, rayonun İcma sədri onlara dəstək və kömək olacaq. Bu görüşə mən də dəvət olunsam da iştirak etmədim və dostlara bildirdim ki, bu görüşə ehtiyac yoxdur. Çünki İcma sədrini bu məsələlərdə narahat etmək mənasızdır. Onsuzda bir faydası olmayacaq, biz etirazımızı, narazılığımızı Qərbi Azərbaycan İcmasının sədrinə çatdırsaq daha yaxşı olar. Çünki turnirin təşkilatçısı onlardır. Lakin dostlarımız buna məhəl qoymadılar və bildikləri kimi rayon İcmasının sədri ilə görüşə böyük həvəslə getdilər və hətta mənim də xoşuma gələn belə bir xatirə şəkli çəkdirməklə adlarını tarixə yazdırdılar.
“Çəmbərək”in əli ilə “Keşişkənd”ə yandırılan yaşıl işıq
Şəkildə gördüyünüz görüşdə qərara alınıb ki, oyuna mütləq yenidən çıxılmalıdır, çünki Çəmbərəyə qarşı böyük təzyiq və təsir var. Bizə çempion olmaq lazım deyil, ən zəif heyətlə də olsa çıxın oynayın. Yoldaşların bəziləri bunu mənə bildirən də bir daha dedim ki, bu, doğru yanaşma deyil, “Çəmbərək” qurbanlıq komandası deyil, bu komandanı qətliama sürükləməyin, çəkilən əziyyətimizi itirməyin. Oyuna çıxmayaq, qoy bizə texniki məğlubiyyət verilsin və bu turniri bu şəkildə tərk edək. Ancaq bəzi dostlar kimlərinsə gözünə yaxşı görsənmək üçün İcma sədrinin sözünü rəhbər tutaraq iyunun 4-də saat 20:00-da Elvin Əlizadəsiz, yarımçıq heyətlə oyuna çıxdılar və “Çəmbərək” komandası qətliama uğratdılar.
Əlbəttə, artıq hər şey arxada qalıb. Çoxları deyə bilər ki, buna o qədərdə əhəmiyyət vermək, ciddi qəbul etmək nəyə lazımdır və s. Məsələ bu deyil, məsələ qalib ola-ola, haqlı ola-ola “Çəmbərək” komandasını məğlub duruma düşürməkdir. Haqqımızı tələb etmək əvəzinə, təsir və təzyiqə baş əyməkdir. Nə üçün Çəmbərək rayonunun haqlı mənafeyi qorunmadı? Çəmbərək adına bu məğlubiyyətin məsuliyyəti bu qədərmi asandır? Nəyə görə əziyyət çəkən, tər tökən və bizə qələbə sevinci yaşadan oyunçularımız mənən sınmalıdır? Çəmbərək rayonunun idman tarixinə “Çəmbərək qətliamçıları” kimi düşmək məmnuniyyətvericidirmi? Nədən acizlik və qorxaqlıq nümayiş etdiririk? “Çəmbərək” komandasına qarşı bu ədalətsizliyi niyə məğlubiyyətlə ört-basdır edilməli idik? Bu suallara yox, bu yanğılara cavab vermək bəlkə də kimlər üçünsə çox asan olacaq. Amma unutmasınlar və unudulmasın ki, sovet dönəmində, atalarımızın, müəllimlərimizin və bizim orta məktəbdə oxuduğumuz illərdə, yəni, təxminən, 1960-ci illərdən 1988-ci ilədək Çəmbərək rayonunun kəndləri idman üzrə rayon olimpiadalarında həmişə öndə olub. Həmişə yağı düşmənin təzyiq və təqibləri ilə üzləşsək də, heç vaxt rayonumuzun idman göstəricisi zəif olmayıb. Sizlər kimi, məndə bilirəm ki, futbol bir idman mübarizəsidir və o mübarizə yaşıl meydanda olur. Ancaq futboldan kənarda qurulan “oyunlara”, idmanı siyasətə qatanlara, futboldan mədət umanlara qarşı hər zaman mübarizəyə ehtiyac var…
Unudulmayacaq və daim xatırlanacaq fotoşəkillər
Nəhayət, təmənnim odur ki, gələcəkdə belə turnirləri daha sivil qaydada Qərbi Azərbaycanımıza layiq, şəffaf keçirək və heç kimin haqqı əlindən alınmasın…
Beləliklə, “Qərbi Azərbaycan Kuboku” mənim üçün “Çəmbərək qətliamı” və “Elvin Əlizadə ruzigarı” kimi yadda qaldı…
Sonda bu turnirin qalibi olan rayonun öz sakinlərindən ibarət komandasını “Ardanış” kənd yığması ilə görüşə dəvət edirəm!
Müəllif: Çəmbərək rayonunun Ardanış kənd sakini Əsgər İbrahimov