Politoloq: “Azərbaycan öhdəliklərinə sadiqlik nümayiş etdirir”
Bu il iyulun 18-də Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirildi.
Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident İlham Əliyev də iştirak etdi. Əlbəttə ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezident İlham Əliyevin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış etdi.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada mühüm məqamlara toxunan Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə böyük məsuliyyət və sadiqlik nümayiş etdirir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.
Prezident İlham Əliyevin çıxışı zamanı bildirib ki, “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.”
Çıxış zamanı Azərbaycanın etibarlı təchizatçı olduğu vurğulanıb. Azərbaycan tarixdə bir ilkə imza ataraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəməri istismara verib. Ölkəmiz üç ildən artıqdır ki, mühüm qaz təchizatçısına çevrildiyidə qeyd olunub.
Bütün bu uğurlar Azərbayca qazının dünya bazarına çıxarılması xalqımızın gələcəyinə planlaşdırılmış uğurlu siyasətin nəticəsidir. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən ölkə başçısı İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
İman Abduyev – politoloq