Əli Hüseynli Mingəçevirdə gənc seçicilərlə görüşüb - FOTO
Deputatlığa namizəd Əli Hüseynli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir: “Bu gün kreativ düşüncə tərzi ilə seçilən gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Vətən müharibəsindəki şanlı Qələbə də qəhrəman oğulların – gənclərin şücaəti nəticəsində qazanılıb”.
O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin gənc fəallar Balabəy Həsənov, Faiq Yusifli, Şamil Eyvazov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın layiqli namizədinə səs verəcəklərini vurğulayıblar.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.