Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO
Sentyabrın 15-i Bilik Günüdür. Bunu həm də birincilərin sərbəst həyata ilk addım atdıqları gün kimi də qəbul etmək olar. Bu gün bizim ailəmiz üçün çox əlamətdar oldu. Uzun illər həsrətini çəkdiyim, yolunu gözlədiyim, övlad payı sevincimizin 4 il yarımçıq qaldığı, bəzi məqamlarda əlimimizi övlad payından üzdüyümüz anda Tanrının bəxş etdiyi BURLAXATUN qızımız orta məktəb təhsilinə qədəm qoydu. Təbii ki, 1-ci sinif – İlk Zəng insana özünün məktəb illərini də xatırladır. Yadımda qalan odur ki, rəhmətlik valideynlərim məni 1979-ci il sentyabrın 1-də məktəbə aparmaq istəyəndə ağlaya-ağlaya qaçıb Qərbi Azərbaycanın Göyçə mahalı, Çəmbərək rayonunun Ardanış kəndindəki evimizin damına çıxmışdım…
…Lap körpəliyindən qollarımda və ayaqlarım üstündə yellədiyim qızıma dediyim və Burlaxatuna doğum günü münasibətilə yazılıb bəstələnən “Xoşbəxtlik sədası” mahnısının nəqarətinə çevrilən bu sözlər artıq məktəbli statusuna keçdi:
A gözlərim gözlərim,
Mənim qara gözlərim.
Canım, gözümsən mənim,
Aşqım, özümsən mənim.
Mən səni çox sevmişəm,
A gözlərim, gözlərim,
Mənim qara gözlərim.
xxx
Burlaxatun gözəldir, özəldi,
Pərican da şirindi, qəşəngdi,
Biri mənim ruhumdu, canımdı,
Biri isə damarımda qanımdı.
… Burlaxatun həmişə olduğu kimi, bu gün də səhər saat 06:40 radələrində oyanmışdı. O, məktəbə getməmək üçün əvvəlcə dəcəlliyə əl ataraq “ağlaşma” qurdu. Nə qədər xoş sözlər desək də xeyri olmadı: “Ata mən məktəbə getmək istəmirəm. Ata o paltarı geyinməyəcəyəm”. Beləcə çətinliklə yeməyini yeyəndən sonra sakitləşdi. Bir neçə dəqiqədən sonra özü üstümə doğru qaçaraq “Ata məktəbə gedirəm, paltarımı sən geyindir” dedi. Amma məktəbli çantasını götürməyə qoymadı. Beləcə hazırlaşıb saat, təqribən, 07:38-də evdən çıxdıq. Evimizin son beşiyi Pərican bacısısını çox istədiyindən onu tək buraxmadı, hətta bacısının məktəb güllərini özü götürdü. Biz birlikdə əl-ələ tutub evimizə yaxın məsafədə yerləşən Binəqədi rayonu, 102 saylı orta məktəbdə yollandıq. Məktəbə yaxınlaşarkən Burlaxatun yenidən kövrəldi və ağlamaq istəyərkən bu fotonu çəkdim.
Nəhayət, məktəbin həyətinə daxil olduq. Binəqədi rayonu 102 saylı orta məktəb bayram ab-havasında bəzədilmişdi. Bilik Günü münasibətilə tədbir təşkil olunmuşdu. Məktəblilərin düzülüşü, Bilik Günü üçün hazırlanmış proqram, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca dövlət himninin səsləndirilməsi hər kəsdə ruh yüksəkliyi yaratdı. Həzin musiqi, yuxarı sinif şagirdlərinin mahnı ifaları yaddaqalan anlar yaşatdı. Məktəbin direktoru Mailə İsmayılovanın yeni tədris münasibətilə təbriki, ötən il əla qiymətlərlə bu təhsil ocağını başa vurmuş və yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş tələbələrin, eləcə də sertifikasiyadan 60 bal toplayan müəllimlərin örnək xarakterli təsiredici çıxışları həm bir nümunə, həm də məktəbin təhsil-tədris göstəricisinin elanı idi.
Birinci sinfə qədəm qoyan uşaqlar əvvəldən hazırladıqları ssenari üzrə şerlər, mahnılar səsləndirdilər. İlk Zəngin əks sədaları xüsusi həyacan yaratdı və məktəblilərin alqışları ilə qarşılandı. Birincilər bundan sonra iyisinə öyrəşəcəkləri, 11 il qədəm qoyacaqları siniflərinə doğru getdilər. Xatırladım ki, Burlaxatun balam Ana dilimizdə böyük sevgi və həvəslə məhz onu seçdiyimiz Dilşad Şeyxzadənin 1A sinfində təhsil alacaq. Uşaqlar Dilşad müəllimənin təlimatı və məsləhəti ilə valideynləri tərəfindən tikdirilən xüsusi geyim forması, dərs vəsaiti və ləvazimatlarla dolu rəngli çantaları kürəklərində sinfə daxil oldular. Dilşad xanımın təbəssümlü davranışı uşaqların dəcəllik xüsusiyyətlərini arxa plana keçirmişdi. Məktəblilər səmimi, sakit şəkildə bir-birinə baxır, müəllimələri ilə tanış olurdular. Bu, çox mənalı mənzərə idi. Uşaqlar aldıqları hədiyyələri sevimli müəllimlərinə, Dilşad xanım isə öz hədiyyələrini təməlli təhsil verəcəyi şagirdlərinə təqdim etdikdən sonra dərs başladı. Bununla da Burlaxatunun orta təhsilə qədəm qoyduğu məktəbdə ilk gününün mənzərəsi yaddaqalan oldu…
… Səmimi deyim ki, qızımın birinci sinfə getməsi ilə bağlı yazı yazmaq, paylaşım etmək fikrim yox idi, amma məktəbdəki mühit, valideynlərin davranışı məni çox təsirləndirdi. Övladları 1-ci sinfə gedən həyacanlı valideynlərin ümumi arzuları bu idi ki, qoy böyütdüyümüz övladlar Vətən uğrunda şəhid olanlara layiqli həmvətən olsunlar: “Yolları açıq, zehnləri iti, üzləri daim gülər olsun. Böyük Azərbaycanın azad vətəndaşları kimi sağlam, alnıaçıq gəzsinlər. İlk dərs illəri uğurlu olsun. Ailələrinə, Vətənlərinə layiqli övlad olsunlar. Uşaqlarımız sülh, əmin-amanlıq içində böyüsünlər. Bu gün sülh şəraitində yaşamağımıza səbəb olan şəhidlərimizə rəhmət etsin. Tanrı ordumuzu, xalqımızı, Vətənimizi qorusun! Qalib ölkənin uşaqları müharibəsiz dünyada yaşasınlar. Bütün birinciləri təbrik edirik, qoy onlar həmişə 1-ci olsunlar!”
Təbii ki, bu arzulara çatmaq üçün yeganə yol yaxşı təhsildir. Çünki yaxşı təhsil insanları hər zaman parlaq saxlayar. Müxtəlif peşələr üzrə dahiləşmiş, müdrik adını qazanmış bəşəri şəxsiyyətlərin təhsil, elm ilə bağlı dedikləri kəlamlar buna misaldır və yaddaşlara həkk olunmuş fikirlərdən bəzilərini xatırlatmaqda fayda var: “Övladlarımızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirək. Özümüzə və övladlarımıza analadaq ki, təhsil dünyanı dəyişmək üçün ən yaxşı silahdır. Təhsilin kökləri acıdır, meyvələri isə şirin. Təhsil azadlığın qızıl qapısını aça bilən açardır. Təhsilin son məqsədi güzgüləri pəncərəyə çevirməkdir. Təhsil qaranlıqdan işığa olan hərəkətdir. Təhsil ən yaxşı dostdur. Təhsilli adama hər yerdə hörmət edilir. Məktəb açan şəxs həbsxanaları bağlayır. Təhsil verilməmiş uşaq itirilmiş uşaqdır. Təhsil yalnız imkanın nərdivanı deyil, o həm də gələcəyimizə qoyulmuş sərmayədir. Yaxşı təhsil xoşbəxtliyin başqa adıdır. İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür”.
Beləliklə, uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Hər zaman övladlarımıza yaxşı nümunə olmaq borcumuzdur. Heç vaxt uşaqlarda dəcəllik hissini öldürməyək. Çünki uşaqlarda dəcəllik hissi öldürülərsə, heç vaxt müdrik insan yetişməz.
… Balacalıqdan əzizləyərəık dediyim “körpə qızım, balaca qızım, ağıllı, gözəl qızım” indi məktəbli oldu. O, bizi sevinc və fərəh hissi ilə ilk dəfə dərsə uşaq aparan valideyn sırasına qoşdu. Bütün övladlarımızın yolu nurlu, şansları bol olsun. Allah onlara zehin açiqlığı və sağlam həyat bəxş etsin. Qoy həmişə xətadan, bəladan, şərdən, böhtandan uzaq olsunlar. Ruziləri bol, güzaranları xoş, bəxtləri gözəl olsun. Yeni dərs ilinə başlayan bütün balalarımızı və onların valideynlərini təbrik edirəm. Övladlarımızı verdikləri təhsillə yaşadan, tanıdan müəllimlərimizə cansağlığı arzulayırıq. Sevimli müəllimlərimizlə hər zaman qürur duyuruq. Əminəm ki, bütün varlığımı, ruhumu özündə birləşdirən BOYU UZUN BURLAXATUN da yaxşı təhsili ilə bizi fərəhləndirəcək, həyat fəaliyyətində qadın cəngavər statusunu qoruyacaq. Ölməz şairimiz Nəbi Xəzrinin «Dədə Qorqud» motivləri əsasında yazdığı “Burla Xatun” adlı pyesində deyildiyi kimi, “Bu yurdun hər daşı, qayası Xatun,. Bitən hər çiçəyin mayası Xatun” olacaq!
Əsgər Əlioğlu