Gürcüstanda parlament seçkiləri: “Xarici təsirlər”, yaxud “Xarici agentlər” – TƏHLİL
SSRİ dövründə xaricdə xalqların azad olması təbliğ edilirdi. Onların müstəqil dövlət qurması, kommunistlər tərəfindən işğal olunmuş ərazilərin azad olacağı, öz müqəddəratını təyin edəcəkləri kimi məsələlərə diqqət yönəldilirdi.
Odur ki, keçmiş sovet ittifaqındakı milli azadlıq hərəkatları nicatı Qərbdə görürdülər. Bu baxımdan, dünyanın o biri hissəsinə inteqrasiyaya önəm verilirdi. İndi də bu tendensiya qalmaqdadır.
Ancaq zaman ötdükcə, keçmiş sovetlərin bir daha geri dönməyəcəyinə əminlik yarandıqca həmin müttəfiq respublikaları öz nüfuzu altına alaraq özününküləşdirmək istəyənlər meydana çıxır. Bu istiqamətdə inqilablar olur. Ölkədə xaos, qarışıqlıq, hərc-mərclik yaranır. Elə təəssürat yaranır ki, guya bu qarışıqlıqdan sonra vəziyyət normallaşacaq, daha yaxşı xoş günlər olacaq.
Bu ideyalar özünü İraq və Suriyada hələ də doğrultmayıb. Əksinə, hər iki dövlətin parçalanması təhlükəsi qalır. Milyonlarla suriyalı və iraqlı ölkələrindən qaçqın düşüb. İraq və Suriyada terror qruplarının sayı artıb.
Odur ki, xarici müdaxilə bu ölkələrin vətəndaşlarına firavan həyat gətirməyib. Bəlkə elə ona görə onların sakinləri ötən illər üçün darıxırlar.
Gürcüstan SSRİ imperiyasına qarşı mübarizə aparan ilk müttəfiq respublikalardandır. 1989-cu il aprelin 9-da orada sovetlərə qarşı aksiyanı Moskva qanla boğmuşdu. Həmin tarixdə Tbilisidə parlamentin binası qarşısında Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən dağıdılmış, 21 iştirakçı qətlə yetirilmiş, yüzlərlə şəxs hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənmişdi.
Sonralar bu ölkəyə arzulanan Qərb demokratiyası dəyərlərinin rəngli inqilabla gələcəyini düşünənlər yanıldılar. Bu inqilab müstəqillik uğrunda mübarizəyə mane olaraq yaradılan iki muxtar respublikanın itirilməsi ilə başa çatıb.
Bu inqilablar, dəyişikliklər Gürcüstana fayda verməyib.
Ölkə parlamentində “Xarici təsirlər”, yaxud “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi və qəbul edilməsi yeni mənzərəni ortaya çıxarıb. Bu qanunun qəbulu ölkəni iki cəbhəyə ayırıb: qərbyönlülər və ona qarşı olanlar (onlara rusiyayönlülər də deyirlər).
Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə rəqiblər döyüşə gedirmiş kimi hazırlaşırlar. Bu, ərazisini itirmiş bir ölkə cəmiyyətinin parçalanmasına səbəb olur. 2008-ci ilin avqust faciəsini Gürcüstana yaşatmaq istəyən qüvvələr ölkədə Suriya, yeni Ukrayna variantı reallaşdırmağa hazırlaşır.
Müxalifət sayılan kəsim hadisələrin bu istiqamətdə inkişafına yardım edir, bəzən təşəbbüsçü təəssüratı yaşadırlar. Ötən illərdə keçirilən seçkilərin nəticələrinə diqqət yetirilsə, onların getdikcə zəiflədikləri tendensiyasını müşahidə etmək olar. Mövcud iqtidar isə əksinə, ötən seçkilərdəki səsi və yerini artırmaqdadır.
GORBI Beynəlxalq İctimai Rəyi Araşdırma Mərkəzinin keçirdiyi sonuncu rəy sorğularının nəticələri də müxalifətin gerilədiyini göstərir. Mərkəz “Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz?” sualı əsasında rəy sorğusu keçirib. Hakim “Gürcü Arzusu” – Demokratik Gürcüstan Partiyasına respondentlərin 59,5 faizi səs verib.
Üç siyasi təşkilatın yaratdığı “Birlik” – Milli Hərəkat Partiyasına isə sonuncu rəy sorğusunda 13,6 faiz səs verib. Ötən dəfə bu rəqəm 13,1 faiz olmuşdu.
Digər nəticələrdən bəhs etməyə ehtiyac qalmır.
2020-ci il oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, “Gürcü Aarzusu” səslərin 48,22 faizini, müxalifət “Birlik” – Milli Hərəkat Partiyası isə 27,18 faizini toplamışdı.
Mərkəzin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, belə ehtimal etmək olar ki, hakim partiya ötənilki ilə müqayisədə bu il göstəricilərini yaxşılaşdıra bilər.
Gürcüstan yenə seçim, yeni seçki qarşısındadır: ya 16 il əvvəlki müttəfiqlərlə yola davam, ya da ölkəni ərazi bütövlüyünün itirilməsinə sürükləyənlərə qarşı durmaq.
Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Rusiya-Ukrayna müharibəsi hər iki tərəf üçün “ət maşınıdır”. Bu savaş dövlətlərin həm büdcəsini, həm də insanları məhv edir. Ukraynaya sülhün gələcəyi vaxt bilinmir. Suriyanın gələcəyini proqnozlaşdırmaq hələ də mümkün deyil. Sovetlər çıxandan sonra Qərbin, sözün əsl mənasında, oyuncağına çevrilən Əfqanıstan “Taliban” layihəsinin təcrübə meydanına çevrilib.
Baş verəcək arzuedilməz hadisələr Cənubi Qafqazda Gürcüstanın timsalında yeni Ukraynanın yaradar. Bu, regional təhlükəsizliyi və layihələri təhdid edər. Odur ki, ölkə yenə yolayrıcındadır…
Sədrəddin Soltan – “Report”