İdman 21.10.2024 15:26

Şəhid Jurnalistlərin Xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turniri oktyabrın 19-da başa çatıb.

Rakus.az xəbər verir ki, sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb. Tennis Akademiyasında saat 21:00-da “Gənclər 2020” ilə “Turan” komandaları qarşılaşıb.

Oyunu AFFA-nın hakimləri Elgün Hüseynov və Ramil Namazov idarə ediblər. Komandaların gücləri eyni dəyərləndirilsə də üstün tərəf 5:4 hesabı ilə müəyyənləşib. Belə ki, görüşün ilk hissəsində qol yağışı başlayıb. Daha əzmkar oyun nümayiş etdirən “Gənclər 2020″ Burhan Hətəmli, Tural Nağıyev və Emil Qurbanzadənin qolları ilə hesabı 3:0 edib. İkinci hissədə “Turan” taktikanı dəyişərək oyunda əzmkarlıq nümayiş etdirib. Sənan Xudaverdiyevin üç, Rauf Həsənli və Elnur İsmayılovun vurduğu qollarla 5:3 önə keçməyi bacarıb. Bundan sonra cənclər hücumların sayını artırıb və görüşün sonlarında Burhan Hətəmlinin dəqiq zərbəsi qapının doqquzluğuna dəyərək qol olub – 5:4. Hakimin final fiti ilə sevinən tərəf “Turan” olub və bürünc medalı qazanıb.

Bakı Tennis Akademiyası

19 oktyabr

Üçüncü yer

saat 21:00 “Turan” – “Gənclər 2020” – 5:4

Qollar: Sənan Xudaverdiyev 3, Rauf Həsənli 1, Elnur İsmayılov 1 – (“Turan”)

Burhan Hətəmli 2, Tural Nağıyev, Emil Qurbanzadə 1 – (“Gənclər 2020”)

Hakimlər: Elgün Hüseynov, Ramil

Ardından final görüşü keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunduqdan və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra “Ardanış” və “Göyçə” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə həm də turnirin 3 əsas nominasiyası – “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən çox qol vuran oyunçu” müəyyənləşməli idi. Ona görə də bu oyuna maraq daha böyük idi.

Bundan sonra tamaşaçılar daha sürətli və fiziki oyuna baxıblar. Qarşılıqlıə hücumlarla yaddaqalan matçda oyunun sonlarəna doğru gərginlik artıb. Görüşün bitməsinə 5 dəqiqə qalmış Anar Qasımov komandasını önə çıxarıb – 2:1. Son dəqiqələrdə təzyiqi artıran “Ardanış” istəyinə nail olmayıb və sahədən məğlub ayrılaraq ikinci yerlə kifayətlənib. “Göyçə” isə turnirin çempionu kimi sevinən tərəf olub.

Birinci hissənin əvvəlində heç bir gərgin an yaşanmasa da matçda təzyiq getdikcə artırdı. “Göyçə” futbolçuları ilk 25 dəqiqədə Anar Qasımovun vurduğu qol ilə seviniblər. Fasilədən sonra “Ardanış”ın hücum taktikasını dəyişməsi nəticəsini verib. Belə ki, Emin İmaməliyevin dəqiq zərbəsi ilə oyunda tarazılıq yaranıb.

19 oktyabr

FİNAL

saat 22:00

“Ardanış” – “Göyçə” – 1:2

Qollar: Anar Qasımov 2 – (“Göyçə”)

Emin İmaməliyev 1 – (“Ardanış)

Hakimlər: Elgün Hüseynov, Ramil Namazov

Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi təşkil olunub.

 

Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov sentyabrın 14-dən start götürən turnirin nəhayət başa çatdığını söyləyib: “Qalibləri təbrik edirəm. Xeyirli, uğurlu olsun. Düşünürəm ki, bu yarış Azərbaycanda futbolun inkişafına müəyyən qədər töhfə verə bildiniz. Səmimi, mehriban, baxımlı futbol nümayiş olundu. Bu turnir ənənəvi olaraq davam edəcək və gələcək illərdə bu yarışın statusunun genişləndirilməsi nəzərdə tutulur. Çox istəyirik ki, bu turnirə beynəlxalq status da qazandıraq. Belə ki, işğaldan, terror qurbanı olan şəhid jurnalistlərin sayı çoxdur. Həmin ölkələrdən komandaların dəvət olunması, dost ölkələrdən jurnalist heyətlərin iştirakı gələcək planlarımızda var. Bundan əlavə, indi işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq işləri gedir, yeni ağıllı kənd, qəsəbə, rayon, şəhərlər salınır. Növbəti dəfə turnirin oyunlarını şəhid jurnalistlərimizin torrora məruz qalaraq şəhid olduqları məkanlarda keçirməyi də düşünürük. Bir sözlə, turnirin miqyası daha da böyüyəcək və biz inşallah növbəti turnirimizi Qərbi Azərbaycanda da keçirəcəyik”.

Ə.İbrahimov turnirin yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə bir daha təşəkkür edib, mərasimin reqlamentinə əsasən hörmətli qonaqların çıxışlarından sonra qaliblərə kubok, medal, xatirə hədiyyələrinin təqdim olunacağını söyləyib.

xxx

Milli Məclisin deputatı Rizvan Nəbiyev turnirin təşkilinə görə təşəkkür edib, belə tədbirlərin əhəmiyyətindən danışıb: “Axşamınız xeyir olsun, hamınızı salamlayıram. İlk növbədə, bizim hörmətli futbolçularımızı alqışlayıram. Mən “Göyçə” komandasını ürəkdən təbrik edirəm. Onlar birinci yerə layiqli şəkildə yüksəldilər. Eyni zamanda demək istəyirəm ki, bu görüşün, bu çempionatın qalibi hər zaman dostluqdur. İnşallah, bu çempionatı Qərbi Azərbaycanda keçirəcəyik. Hər birinizi bir daha təbrik edirəm”.

xxx

Futbol mütəxəssisləri və veteranı Maşallah Əhmədov şəhidlərimizə Allahdan rəhmət diləyib, turnirin onların xatirəsinə həsr olunmasını yüksək dəyərləndirib: “Bu gün iki oyun keçirildi. Hər ikisi çox maraqlı idi. Mən baxımlı oyun nümayiş etdirən komandaları təbrik edirəm. Şəhidlərin xatirəsinə keçirilən idman tədbirləri onların adının daim yaşadılmasına xidmət edir. Belə turnirlərin davam etdirilməsi çox vacibdir. Bu gün turnirin “ən yaxşı oyunçu”sunu və “ən yaxşı qapıçı”nı seçmək funksiyasını da yerinə yetirmişik və Təşkilat Komitəsi elan edəcək”.

xxx

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev turnirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, idmanyönlü layihələrin daim dəstəklənməsinin faydalı olduğunu deyib, qaliblərə uğurlar arzulayıb: “Biz burada gənc futbolçuların idmana, futbola sevgisini gördük. Hesanb edirəm ki, futbol onların həyatda qismətidir. Fürsətdən istifadə edib, onlara cansağlığı arzu etmək istəyirəm. Əminəm ki, bu turnir ənənəvi olaraq qalacaq və biz gələn il bu turnirin açılışında canla, başla iştirak edəcəyik. Qoy, hər zaman qəlblərimiz futbolla döyünsün”.

xxx

Futbol mütəxəssisləri və veteranı Asif Əliyev deyib ki, turnirin iştirakçılarını və təşkilatçılarını ürəkdən təbrik edirəm: “Siz Azərbaycanın bütövlüyü uğurunda şəhid olan oğulların, eləcə də jurnalistlərin əzizi xatirəsinə təşkil olunana Ənənəvi Futbol Turniri təşkil edirsiniz. Sizin bu işiniz bizim gələcəyimzi olan gənclər üçün nümunədir. Belə tədbirlər onların gələcəkdə yaxşı futbolçu kimi böyüməsinə təsir göstərir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qalibləri təbrik edirəm. sağ olun”.

xxx

Göyçə mahalının Nərimanlı Kənd İcmasının sədri, Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Şirazi İbrahimov iştirakçıları salamlayıb qalibləri təbrik edib: Əziz futbolçularımız, qonaqlarımız, tamaşaçılarımız və ümumən idmansevərlər, hər birinizi ürəkdən salamlayıram. Turnirə qatılan bütün komandalara və təşkilatçılara öz təşəkkürümü bildirirəm. Final oyunu da gözlənildiyi kimi çox gözəl və həyacanlı oldu. Hər iki komanda birinciliyə layiq oyun göstərdilər. Sonda “Göyçə” komandasının əzmkarlığı öz bəhrəsini verdi və çempionluğu qazandılar. Bu komandanın turnirə qatılmasını Rizvan qardaşımızdan mən xahiş etdim və inanırdım ki, qalib olacaqlar. Belə də oldu. Uğurları davamlı olsun. İnanıram ki, Ali Baş Komandanımızın və qalib Ordumuzun sayəsində biz bu yarışları doğma Qərbi Azərbaycanımızda, İrəvanda, Göyçədə də keçirəcəyik. Şəhidlərimizə allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

xxx

 

Çaykənd İcmasının sədri Əflatun Abdullayev turniri yüksək qiymətləndirərək, qalib komandaları təbrik edib: “Axşamınız xeyir olsun əziz futbolsevərlər. Bu gün çox gözəl gündür. “Göyçə” komandası qələbə çaldı. Mən bu turnirin aşılışında da iştirak etmişdim və oyunçulara demişdim ki, bir-biri ilə mehriban, dost kimi oynasınlar.  Turnirin yaxşı keçməsinin bir əlaməti də o oldu ki, iştirakçılar səmimi və mədəni oyun nümayiş etdirdilər. Heç bir kobudluğa, xəsarətə yol verilmədi. Hamınıza təşəkkür edirəm. Əsgər müəllim, birinci sizə təşəkkür edirəm ona görə ki, sən bizim şəhid jurnalistlərimizi yad edir, onların xatirəsinə turnir keçirirsiniz. İkincisi də bizim gənc futbolçularımızı, gündəlik futbolla məşğul olan insanlar yaşından asılı olmayaraq hamısı bir-birini tanıyır. Hər birinizə təşəkkür edirəm. Əziyyət çəkib gəlib burada iştirak edirsiniz. Zəhmətinizi halal edin. Bütün iştirakçıları və mükafatçıları təbrik edirəm”.

xxx

M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov futbolsevərləri və qonaqları salamlayaraq, 3 ildir keçirilən Futbol Turnirinin artıq ənənəyə çevrildiyini deyib: “Şəhidlərimizin ruhları şad olsun. Məkanları cənnət olsun. Hər bir işin əvvəli olduğu kimi sonluğu da olur. Təbii ki, sonda da bir qalib olur. Burada final oyununu izlədik. Bu gün istəyirdim “Ardanış” komandası qalib gəlsin, nail ola bilmədik. Amma onu demək istəyirəm ki, Ardanış da, Göyçə də, Qərbi Azərbaycan da bizimdir. Turnirdə iştirak edən həfəskar futbolçulara bundan sonra da uğurlar arzulayıram. “Göyçə” komandasını təbrik edirəm, uğurlarınız bol olsun, səsiniz hər zaman daha yüksəkliklərdən gəlsin. İştirakçı komandalara gələcəkdə bol şanslı qələbələr diləyirəm”.

xxx

Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov iştirakçıları salamladı, turnirin şəhid jurnalistlərin xatirəsinə keçirilən və ənənəvi xarakter aldığını bildirib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Fytbol mənim yaralı yerimdir. Mən də qalib komandanı təbrik edirəm. Birinci, ikinci və üçüncü yeri tutan komandalara uğurlar arzulayıram. Futbolun gözəlliyi yaxşı oyundu, qol vurmaqdır. Emosiyalara qapılmamaq, yaxşı oyun göstərib azarkeşləri sevindirməkdir. Hər birinizə uğurlar arzulayıram. Futbol hər birimizin uşaqlıq illərinin ən gözəl oyunu olub. Bu gün veteran futbolçuların bu turnirə qatılması xüsusi rəng və fərqlilik qatır. Tamaşaçıların da bu yarışa göstərdikləri marağı böyükdür. Burada təmsil olunan komandaların jurnalistlərdən, gənclərdən, veteranlardan, hərbçilərdən olması, tarixi yurd yerlərimizin, kəndlərimizin adını daşıması çox yaxşı idman siyasətidir. Mən iştirakçılara uğurlar arzulayır, qalibləri bir daha təbrik edirəm”.

xxx

Futbol məşqçisi Vüqar Hacıyev finalda oynayan “Göyçə” və “Ardanış” komandalarını təbrik edib: “Finala kimi gəlib çatmağın özü bir qalibiyyətdir. Xatirələri qəlbimizdə əziz olan Şəhid jurnalistlərimizə Allahdan rəhmət diləyirəm. Bu turnirin təşkilatçılarına da təşəkkür edirəm ki, belə bir möhtəşəm turnir keçirdilər. “Göyçə “komandasının çempiyon olmasına görə bütün Qərbi azərbaycanlıları təbrik edirəm”.

xxx

AZƏRTAC-ın nümayəndəsi Fuad İsmayılov yarışın qaliblərini, təşklatçıları təbrik edib: “Bütün komandalar yüksək əzmkarlıqla turnirə qoşuldular və əsl idman mübarizəsi apardılar. Bu yolda media işçilərinin də əməyi böyükdür. Məhz Qarabağ savaşında şəhid olan mətbuat işçilərinin xatirəsinə belə turnirin təşkil olunması təqdirəlayiqdir. Əminəm ki, turnir davam edəcək. Biz bu ənənəni yaşatmalıyıq. Şəhidlərə Allahdan rəhmət diləyir, qaliblərə uğurlar arzulayıram”

xxx

 

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov çıxış edərək şəhidlərimizə rəhmət diləyib: “Bilirsiniz ki, bu turnir ənənəyə çevrilib. Komandalar hər il iştirak edirlər. Hamınız əziyyətinizi halal edin. Gecə saatları da olsa hamınız gəlirsiniz, əziyyət çəkirsiniz. Veteranlarımız Maşallah Əhmədovu, Vasif Əliyevi, Asim Xudiyevi salamlayıram. Gecə saatı da olsa gəlib bizim futbolumuza baxırsınız. Bu, bizim üçün böyük qürurverici hadisədir. Çox sağ olun. İnşallah, hər il bu turnir davam edəcək. Biz həmişə şəhidlərimizin xatirəsini yad etməliyik. “Göyçə” komandası da sağ olsun ki bu ilki yarışda iştirak etdi. Turnirə bir rəng qatdılar. Həmişə “Ardanış” çempion olurdu. Bu il rəngarənglik yarandı, yəqinki ardanışlılar onlar üçün gələn ilə daha yaxşı hazırlaşacaqlar. Veterranlarımız bu gün oyunlara baxdılar. Onların Təşkilat Komitəsi ilə birgə qərarı ilə turnirin “ən yaxşı oyunçu” adına “Göyçə”dən Anar Həsənov, “ən çox qol vuran oyunçu” adına 14 qolla “Turan” komandasından Fərid Əliyev,  “ən yaxşı qapıçı” isə “Ardanış”dan Elvin İsmayılov seçiliblər. Hamınıza uğurlar arzulayıram”.
xxx

 

Sonra mükafatlandırma olub. Milli Məclisin deputatı Rizvan Nəbiyev, tanınmış veteran futbolçular Maşallah Əhmədov, Asif Əliyev, beynəlxalq dərəcəli hakim Asim Xudiyev, M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Göyçə mahalının Nərimanlı Kənd İcmasının sədri, Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Şirazi İbrahimov, Çaykənd İcmasının sədri Əflatun Abdullayev, Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü, müəllim Sahib Əhmədov, futbol məşqçisi Vüqar Hacıyev, AZƏRTAC-ın nümayəndəsi Fuad İsmayılov, veteran futbolçu İmaməddin Zeynalov qalib komandalara kubok, medal, təşəkkürnamə plaketləri və xatirə hədiyyələri təqdim ediblər.

Əvvəlcə üçüncü və ikinci yeri tutan  “Turan” ilə “Ardanış” komandaları mükafatlandırılıb.

“Ən yaxşı oyunçu” adına “Göyçə”dan Anar Qasımov layiq görülüb. Ona mükafatı və xatirə hədiyyəsini futbol veteranı Maşallah Əhmədov verib.

“Ən çox qol vuran” oyunçu 14 qolla “Turan” komandasından Fərid Əliyev olub. Ona mükafatı və xatirə hədiyyəsini tanınmış futbol mütəxəssisi Asif Əliyev təqdim edib.

“Ən yaxşı qapıçı” “Ardanış”dan Elvin İsmayılov layiq görülüb. Ona mükafat və xatirə hədiyyəsi müəllim Sahib Əhmədov tərəfindən təqdim olunub.

xxx

Ənənəvi Xatirə Turnirində turnirdə iştiraka görə 12 komandaya – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər 2020”, “Qoşabulaq” və “Göyçə”yə,  informasiya dəstəyinə görə AzTv, Baku TV, SBS İdman, MTV Azərbaycan telekanallarına, AZƏRTAC-a, “Report” İnformasiya Agentliyinə, BAKU.WS portalına, Rakus.az və Manşet.az saytalarına, dəstəyə görə Bakı Tennis Akademiyasına, tərəfdaşlığa görə “Mister Tum”, “Bee Tours” şirkətlərinə Təşəkkürnamə Plaketləri Təşkilat Komitəsinin sədri Rasim Həsənov təqdim edib.

Turnirin təşkilatçısı Əsgər İbrahimov sonda dəstəyə görə Bakı Tennis Akademiyasının nümayəndəsi İlqar Xələfliyə, oyunlarda həkimlik etmiş Malik Löymanova plaket və xatirə hədiyyəsi təqdim edib, göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyi, Media Agentliyi və Mətbuat Şurasının Təşəkkürnamə Plaketləri ilə təltif olunduğunu deyib.

Mükafatlandırma mərasiminin sonunda turnirdə birinci yeri tutan “Göyçə” komandasına kubokuu Milli Məclisin deputatı Rizvan Nəbiyev və tanınmış futbol veteranı Maşallah Əhmədov təqdim ediblər.

Ə.İbrahimov turnirin bütün iştirakçılarına və qonaqlara bir daha təşəkkür edərək mərasimi bağlı elan edib.

Çempion komanda ilə, eləcə də futbol mütəxəssisləri və qonaqlarla  xatirə şəkilləri çəkdirilib.

Bununla da sentyabrın 14-dən oktyabrın 19-dək davam edən Şəhid Jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Minifutbol Turniri başa çatıb.

Qeyd edək ki, Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin, eləcə də 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın əziz xatirəsini anmaq, yeni nəslin sağlam ruhda, vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda2023-cü ildə 8 komanda, 2024-cü ildə isə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər 2020”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Turnirdə Azərbaycan mediasını 4 komanda – AzTv, AZƏRTAC, BAKU.WS və “Report” təmsil edib. Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olub, sentyabrın 14-də başlayıb oktyabrın 19-da başa çatıb. Qruplar üzrə xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksəlib. Bu  oyunlarında iştirak edən 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxıb. Yarımfinalda A1-in qalibi D1-in, B1-in qalibi C1-in qalibi ilə görüşüb və qalib gələnlər FİNAL-a çıxıb, məğlublar isə 3-cü yer uğurunda mübarizə aparıb. Oyunları AFFA hakimlərinin idarə edib. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub.

“Mister Tum”, “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AzTv, Baku TV, CBC Sport, MTV Azərbaycan telekanalları, AZƏRTAC, “Report” İnformasiya Agentliyi, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verib.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Arif Hüseynzadə – 1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

           

 

XƏBƏR LENTİ
Müsahibə / 21.10.2024 22:10
“Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər” - FOTO - VİDEO
İdman / 21.10.2024 15:26
Şəhid Jurnalistlərin Xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 21.10.2024 15:09
Erməni lobbisi və onun çirkli pulları – BMT-nin tədbirini qaralamaq cəhdləri – TƏHLİL
İdman / 20.10.2024 09:11
Xatirə turnirində kuboku “Göyçə” qazanıb - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 19.10.2024 22:34
“Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir” - FOTO - VİDEO
Elm və təhsil / 19.10.2024 13:30
“Türklər Qafqazdan Altaya köçüblər” – ANONS - VİDEO
İdman / 19.10.2024 09:06
Xatirə Turnirinin FİNAL oyunu – Çempion kim olacaq?
Siyasi, Sosial / 18.10.2024 22:43
“Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü” - FOTO - VİDEO
Siyasi / 18.10.2024 16:31
“Bu gün Füzuli rayonu dinc quruculuq və bərpa dövrünü yaşayır”
Təhlil / 18.10.2024 15:15
Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru – TƏHLİL
Siyasi, Sosial / 18.10.2024 13:00
“Həsrətdən alışıb yanan ürək” – Leylan Cəbrayılovanın “Həyat hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 18.10.2024 12:16
“Gözüm səni axtarır, ata” – “Şəhid imza” yeni layihə - FOTO - VİDEO
Gündəm / 18.10.2024 00:01
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Hərbi, Təhlil / 17.10.2024 22:03
“Ermənistan yeni təxribatlar planlaşdırır – Azərbaycan ordusuna “hazır ol” əmri verildi” - VİDEO
Təhlil / 17.10.2024 16:36
“3+3” formatı – eyni mövqedə olmayan kimlərdir? – TƏHLİL
Təhlil / 17.10.2024 13:53
Ermənistanın yeni təxribat planları – ANONS - VİDEO
Siyasi, Sosial / 16.10.2024 21:50
“Azərbaycanlıların torpaqlarını erməniyə vermək üçün qurulan məhkəmə oyunu” - FOTO - VİDEO
Təhlil / 16.10.2024 16:06
Yolunu azan və tarixi səhv yazan ermənilər – TƏHLİL
Siyasi / 16.10.2024 13:13
Çar Rusiyasının “böyük məhkəmə oyunu” – ANONS - VİDEO
İdman / 16.10.2024 10:31
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Siyasi / 16.10.2024 10:01
Hümbət Hüseynov: “Azərbaycan Cənubi Qafqazda geopolitik söz sahibidir”
Siyasi, Sosial / 15.10.2024 21:46
Ağkilsə – türk tarixinin izi - FOTO - VİDEO
Dünya, Müsahibə, Siyasi / 15.10.2024 18:30
“Xarici oyunçular İrəvanın yox, öz maraqlarını güdürlər” - FOTO - VİDEO
Hərbi, Təhlil / 15.10.2024 16:27
Əsgərləri intihar edən ordu – “müharibədən” dəm vuran Nikol və Armen – TƏHLİL
Elm və təhsil, Sosial / 15.10.2024 14:27
Ağkilsə – tarixdən silinməyən ad – ANONS - VİDEO
Dünya, Siyasi / 15.10.2024 13:05
AŞPA Azərbaycana qarşı alətdir – ANONS