Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Barza oğuz tayfasının saldığı yurd yeri” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu toponimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, indiki Ermənistanda oğuz türklərinə məxsus coğrafi məkanlar ermənilər tərəfindən izi itirilməklə yanaşı, dağıdılaraq viran qoyulub, xarabalığa çevrilib.
Barzaxı – Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndi ərazisində əkin yeri olub.
Basutçay – Zəngəzur mahalının Qafan rayonunda çay adıdır. Adı Basatçay formasında da işlənir. “Kitabi-Dədə Qorqud” dastanlarındakı Basat adı ilə bağlı yaranan hidronimdir.
Batar – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Kənd dağlıq yerdə, Min çayının sağ sahilində yerləşib.
Bataxlı – Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.
Bacoğlu – Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayonda kənd adıdır. 1937-ci ilə kimi Gümrü/Leninakan rayonunun tabeliyində olub. Azərbaycanlılar 1918-ci ildə erməni soyqırımına məruz qalaraq qovulub. Türkiyədən köçürülən ermənilər burada yerləşdirilib. 1920-ci ildə sağ qalan azərbaycanlılar öz evlərinə dönsələr də 1928-1929-cu illərdə başqa kəndə köçürülüblər. 1945-ci ildə adı dəyişdirilib Haykavan qoyulub.
Sonda vurğulanır ki, ermənilərin özlərinə də məlum olduğu kimi, indiki Ermənistan ərazisində tarix boyu oğuz türkləri yaşayıb və coğrafi adların müxtəlif növləri olan bütün toponimik məkanlar onlara aiddir: “İndi əsas vəzifəmiz yolumuzu gözləyən doğma yurdlarımıza qayıtmaqla, tarixi bir daha yeniləmək, qədim yaşayış məskənlərimizin abadlaşmasını təmin etməkdir”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında dekabrın 16-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.















