BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, bu il noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi rəhbərliyinin təşkilatçılığı ilə “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, əvvəlcə dəyərli müəllimlərin, qonaqların və tələbələrin iştirakı ilə bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini SAMİR MİRZƏYEV: “Dəyərli müəllimlərimiz və əziz tələbələrimiz. Fakültəmizdə görüşlər, tədbirlər, həmçinin kitab təqdimatları tez-tez keçirilir, özünüz də buna şahid olursunuz. Bugünkü tədbirimiz əlamətdar bir hadisəyə, kitab təqdimatına həsr olunub. Amma bu kitab təqdimatına özəllik verən, dəyər verən onun bizim həmkarımız, şəhid jurnalist haqqında olmasıdır. Məlumatınız var ki, 2021-ci ildə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən 2 həmkarımız minaya düşdü, şəhid oldu. Onlardan biri Məhərrəm İbrahimov, digəri isə Sirac Abışov idi. Allah hər ikisinə rəhmət eləsin.
Bugünkü kitabımız “Jurnalist Ömrünün Əbədiyyət Nəğməsi” adlanır və kitabı şəhidimizin qardaşı, o da bizim həmkarımızdır, Baku TV-də fəaliyyət göstərir, Əsgər Əlioğlu İbrahimov hazırlayıb və bu kitabları fakültəyə gətirib. Tədbirin sonunda onlar sizə təqdim olunacaq. Tədbirimizə başlamamışdan öncə hamıdan xahiş edirəm ki, bizim jurnalist həmkarımız Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah rəhmət eləsin!

Bu kitabın mövzusu həmişə aktualdı. Yaşanan hadisələrdən ümumiyyətlə, mütləq dərs çıxarılmalıdır ki, onları təkrar yaşamayaq. Məhərrəm İbrahimov həm 2016-cı il aprel döyüşlərində, həm 2020-ci il Tovuz döyüşlərində öndə olan jurnalistlərdən olub. Cəbhə bölgəsində fəaliyyət göstərirdi və təəssüf ki, müharibədən sonra, dinc şəraitdə erməni terrorunun qurbanı olub. Mən çox danışmaq istəmirəm. Bu kitabın ərsəyə gəlməsində dəyərli millət vəkilimiz Rizvan Nəbiyev rəyçi qismində iştirak edir. Bizim dəyərli profesorumuz Qulu Məhərrəmli isə ön söz müəllifidir.
Sözü məmnuniyyətlə Rizvan müəllimə verirəm. Buyurun.
xxx

Milli Məclisin deputatı RİZVAN NƏBİYEV: Hörmətli Vüqar müəllim. Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!
Bakı Dövlət Universitetində kitab təqdimatlarında, hansısa müxtəlif mühazirələrlə bağlı vaxtilə təhsil aldığım bu universitetdə olmaq həqiqətən qürurvericidir. Bugünkü tədbirin əhəmiyyəti isə bir neçə növteyi-nəzərdən diqqəti xüsusilə cəlb edir. Biz şəhid jurnalist Məhrrəm İbrahimovun həyatı ilə bağlı kitabın təqdimatı məqsədilə yağışmışıq. Bu, eyni zamanda, milli mətbuatımızın 150 illiyi, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasının 5 illiyi ilə bağlı hadisələrlə üstüstə düşdüyündən mən, eyni zamanda, sülh gündəliyi, Azərbaycan Prezidentinin beynəlxalq müstəvilərdə təqdir olunan sülh təşəbbüsləri və s. barədə qısaca fikrimi bölüşmək istəyirəm.
Hər bir insanın həyatı dəyərlidir. İnsan hüquqları ilə bağlı beynəlxalq konvensiyalar bu təminatı verir. Əgər hadisələrin qurbanı jurnalist olursa, məsələnin, siyasi həssaslığı meydana gəlir. Xüsusilə, bu, əgər cəbhə bölgəsində, müharibə şəraitində və yaxud, elə dinc şəraitdə baş verirsə, təbii ki, artıq dünya mətbuatı bu hadisəni diqqətə alır. Necə ki, biz 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində bu hadisə baş verəndən sonra Məhərrəm və Sirac həyatlarını itirsələr də, Azərbaycanın üzləşdiyi mina probleminin dünya miqyasında təqdimatında biz yeni bir mərhələyə daxil olduq. Bu, acı bir reallıqdır. Çünki Azərbaycan ərazisinin, təqribən, 12-13 faizində 1,5 milyon ədəd partlamamış mina və hərbi sursatla çirklənmiş şəkildə qalır. Bu, çoxsaylı konvensiyaların pozulmasıdır. Amma bununla bağlı həqiqətlərin dünyaya çatdırılması artıq başqa səpkidə bir fəaliyyət tələb edir. İstəyirəm, bunu bu daxili auditoriya ilə bölüşüm.
Siz təsəvvür edin, 2021-ci il istehsalı olan Ermənistan minaları Azərbaycan ərazisində basdırılır. Siz bilirsiniz ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması ilə bağlı Konvensiya üzrə biz Ermənistana, Ermənistan da bizə qarşı iddia qaldırıb. Bu iddianın içərisində biz 2021-ci il istesalı olan minalarla bağlı o sənədləri təqdim etsək də, Beynəlxalq Ədalət Məhkəməsi hüquqi baxımdan bunun birbaşa Ermənistanın fəaliyyəti ilə bağlı olmasını qəbul etmədi. Siz, məsələnin çətinliyinə baxın, amma, siyasi müstəvidə bu hadisənin baş verməsi insan hüquqları təşkilatlarını, hamını ayağa qaldırdı. Orada da ikilistandartdan çıxış edən dillərə baxsanız, siz məsələləri aydın görə bilərsiniz.
Minalardan çirklənmə, bu, təkcə insanların həyatı üçün təhlükə yaratmır, bu, eyni zamanda, mədəni sərvətin dağıdılması, məhv olunması üçün çox böyük təhlükə mənbəydir. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının ümumi inkişafla bağlı 17 dayanıqlı inkişaf məqsədi var. Azərbaycan Respublikasında isə 18-ci dayanıqlı inkişaf məqsədi kimi, biz minalardan təmizləməni milli səviyyədə qəbul etmişik və onun BMT səviyyəsində qəbul olunması üçün fəaliyyət göstəririk. Yaxud, 1954-cü il Haaqa Konvensiyası var, hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması ilə bağlıdır. Məsələn, 2 il bundan öncə, onun 15-ci yığıncağında münaqişə zamanı minaların mənəvi sərvətə mənfi təsirləri ilə bağlı Qətnamə qabul olundu. Bu da Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının baş vermiş hadisələrə bir cavabıdır.
Bizim şəhid qardaşımız şəhid olan vaxt biz nə bir antiterror əməliyyətı keçirmişdik, nə tarixi Vaşınqton razılaşmaları olmuşdu. Ona görə, həmin dövrdə yazılan yazılarla, məsələyə münasibət bildirməklə, hazırkı dövrdə məsələyə münasibət bildirmək tamamilə fərqlənir. Mən nələri vurğulamaq istərdim. Deməli, 2021-ci ilin sentyabr ayında birgünlük antiterror əməliyyətindən sonra biz deyirik ki, Azərbaycan Respublikasının suverenliyi tam şəkildə bərpa oldu. Suverenliyin tam bərpa olunması daxili və xarici suverenlik mənasında dövlət üçün onun hüquq qabiliyyətini təsbit olunması deməkdir. Məsələn, daxili suverenliyin bərpası mənasında 1995-ci ildə qəbul olunmuş Konstitusiya ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmışdı. O, işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurun hər bir nöqtəsində tətbiq olunmağa başladı. Bu, daxili suverenliyin bərpası istiqamətində çox ciddi siyasi, həm də hüquqi bir məsələ idi. Daxili suverenliyin bərpasının dövlət üçün vacib əhəmiyyəti ondan ibarətdir ki, hazırkı dünya düzəninin əsasında dövlətlərin suveren bərabərliyi dayanır. Bu da BMT-nin Nizamnaməsindən irəli gəlir. BMT-nin Nizamnaməsinin 1-ci bəndində göstərilir ki, bu təşkilat ona üzv dövlətlərin suveren bərabərliyinə əsaslanır. Əgər dövlətin suverenliyi pozulubsa, deməli, o, müəyyən mənada, həm daxili, həm xarici siyasətdə öz hüquqi qabiliyyətini həyata keçirə bilmir. Amma dövlət suverenliyini heç vaxt itirmir. Diqqətlə yadınızda saxlayın, çünki, bu, 49-cu Cenevrə Konvensiyasından irəli gəlir. 49-cu Cenevrə Konvensiyasında yazılır ki, işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir. Beynəlxalq hüquq pozulur, beynəlxalq humanitar hüquq tətbiq olunmağa başlayır. Amma dövlət öz suverenliyini saxlayır. Bu mənada hazırda bizim 4 anklav kəndimiz işgal altındadır. Qazağın 3 kəndi və Naxçıvanın Kərki kəndi. Biz o ərazilər üzərində öz suverenliyimizi saxlayırıq. Amma yurisdiksiyamızı icra edə bilmirik. Yəni müvafiq dövlət orqanları öz yurisdiksiyasını icra edə bilmir. Bunu da izah etmək üçün başqa bir misal gətirim.
Məsələn, biz Qubadlını 2020-ci ilin oktyabrın 25-də azad edirik. Bir il sonra, 2021-ci ildə Dövlət Gömrük Komitəsi cənub hissədə gömrük məntəqəsini təsis edir. Yaxud da 2023-ci ilin aprelində Laçın ərazisində, Həkəri çayının üzərində dövlət sərhədinin buraxılış mətnəqəsi yaradılır. Bu, artıq dövlətin suverenliyinin bərpası istiqamətində öz üzərinə düşən vəzifəni icra etməsi və yurisdiksiyanın da icrası, həyata keçirilməsi istiqamətində dövlətin öz üzərinə düşən vəzifəni həyata keçirməsidir. Görürsünüz, hadisələr bir-biri ilə nə qədər bağlıdır.
Bəs, tarixi Vaşinqton razılaşması və onun sülh gündəliyi ilə bağlı əhəmiyyəti haqqında nələri vurğulamaq lazımdır?

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh gündəliyi, sülh təşəbbüsləri tarixi Vaşinqton razılaşmaları ilə keyfiyyətcə yeni mərhələyə daxil oldu. Yəni, əgər biz 2021-2023-cü illər, antiterror əməliyyatlarına qədər aparılan danışıqlarda Ermənistan tərəfi bu və ya digər şəkildə orada yaşayan erməni əhalinin iddiaları ilə bağlı məsələləri gündəmə gətirirdisə, antiterror əməliyyatından sonra bu məsələlər artıq təbii formala gündəmdən çıxdı. Amma Ermənistanın sülh gündəliyini qəbul etməsi tarixi Vaşinqton razılaşmaları sayəsində oldu. Məsələn, ATƏT-in Minsk qrupunun ləğv edilməsi çox fenomenal bir hadisədir. 1992-ci ildə Minsk qrupu yaradılandan sonrakı dövrlərdəki fəaliyyəti aydındır. Siz evdə siyasətlə əlaqəsi olmayan adamlardan da soruşsanız, ATƏT-in Minsk qrupunun daha çox fəaliyyətsizliyi haqqında hamı eşidib. Amma ATƏT-in Minsk qrupunun ləğvi də 2020-ci ildə başladığımız 44 günlük Vətən mühabirəsi ilə birbaşa əlaqəlidir. Mən həmişə bunu çıxışlarımda demişəm, parlamentdə də bildirmişəm.
Deməli, sentyabrın 27-də Azərbaycan əsgərinin Füzulidə, səngərdə, Qaraxanbəylidə başladığı əməliyyatdan – bizim ilk azad edilən kəndlərimizdən biridir – 5 il sonra, 2025-ci il sentyabrın 1-də Helsinkidə və yaxud Vyanada, – bilirsiniz ki, ATƏT orada yerləşir, – diplomatik müstəvidə başlanılan missiyanı, yəni əsgərlərin başladığı missiyanı Prezident İlham Əliyev tərəfindən de-yure başa çatdırılması idi. Burada hərbi müstəvi ilə diplomatik müstəvi arasında biz birbaşa əlaqəni görürük. Yəni, döyüş meydanında Zəfərdə əldə etdiklərimizin diplomatik müstəvidə qəbul olunması həmin hadisələr qədər çox vacib idi. Nəhayət, tarixi Vaşinqton razılaşmaları nəticəsində bilirsiniz ki, Ermənistanla sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflandı. Onun da iki aspekti var: sülhün əldə olunması və dövlətlərarası münasibətlərin yaradılması. Bunun əsasında Azərbaycan Prezidentinin strateji baxışlarına uyğun olaraq biz yeni siyasi reallıqda yeni əməkdaşlıq imkanları təklif edirik. Bu, Orta Asiyanı da əhatə edir. Bu mənada bizim S5 formatında yer almağımız artıq 6-lıq formatındadır. Bu, onu göstərir ki, region, Xəzərin həm şərqi, həm qərbi tarixən vahid və bir coğrafi məkan olsa da, coğrafi faktorlar, xarici faktorlar baxımından və siyasi- iqtisadi baxımdan da biz o vəhdəti təmin edirik. Bu, hazırkı yeni dünya düzənində gedən proseslərdə region dövlətlərinin malik olduğu resurslarla mövqeyini möhkəmləndirməsidir. Azərbaycan ora öz resuesları ilə gedir. Siz bilirsiniz ki, bizim Zəfərimizdən sonra Orta Dəhlizin siyasi-iqtisadi çəkisi daha da artıb. Biz Orta Asiya ilə resaurslarımızı səfərbər etməklə, birləşdirməklə Şərq-Qərb arasında həm ticari, həm də siyasi münasibətlərin intensivləşməsində müəyyən çəkini üzərimizə götürürük.
Mən bu hadisələrin qısa təhlilini verməklə onu vurğulamaq istəyirəm ki, bizim şəhidlərimizin canı-qanı bahasına bunu əldə etdik. Mən bununla bağlı sonuncu misalı deyim və fikirlərimi yekunlaşdırım. Cənab Prezident antiterror əməliyyatından qısa müddət sonra Almaniyaya səfər etmişdi. Orada mətbuata açıqlamasında bildirdi ki, biz döyüş meydanında ərazi bütövlüyümüzü, süverenliyimizi və ləyaqətimizi bərpa etdik. Siz cənab Prezidentin çıxışlarına baxın, bu məsələni həmişə vurğulayır. Yəni sadə insan üçün süverenliyin bərpası ləyaqətin bərpası deməkdir.
Mən uzun müddət, 20 ildən çox diplomatik fəaliyyətdə olmuşam, bu sahəni bilirəm. Biz danışıqlar aparanda, inanın ki, insanın səs tonu da başqa olur, sənədlərin razılaşdırılması ilə bağlı da bir yarmçıqlıq hiss olunur. Amma qalib dövlətin təqdimatı və qalib dövlətin gündəmi müəyyən etməsi, bax, bizim Məhərrəm kimi, Sirac kimi və adını çəkmədiyimiz minlərlə şəhidimizin canı-qanı bahasına əldə olunmuş tarixi bir nailiyyətdir. Yenə deyirəm, bunun nəticəsində biz ideoloji baxımdan, digər məsələlər baxımdan zəhərlənmiş bir cəmiyyəti, Ermənistanı səngərdən çıxarıb diplomatik masaya oturduk. Bu, çox böyük bir məsələdir. Bu, bundan sonra, əsrlər boyu Azərbaycan xalqı, dövləti var olduqca davamlı olaraq gündəmdə olan bir məsələ olacaq. Bu baxımdan, indi siz sevdiyiniz peşə ilə fəaliyyətinizi davam etdirən zaman da davamlı olaraq bu məsələlərə istinad edəcəksiniz. Çünki siz artıq qalib dövlətin, bu Zəfəri yaşamış dövlətin vətəndaşları kimi ölkəni təqdim edəcəksiniz. Düzdür, bunun məsuliyyəti əvvəlki məsuliyyətlə müqayisədə az deyil, amma artıq sizin fəaliyyətiniz üçün məkan başqadır. Sizin o təqdimat üçün imkanlarınız başqadır. Çünki arxada bizim şəhidlərimizi və qazilərimizin canı-qanı bahasına əldə olmuş bir Zəfərimiz var ki, o Zəfər nəticəsində bu süverenliyin, ərazi bütövlüyünün bərpası və milli ləyaqətin bərpası əsasında biz neçə illərdir bu təqdimatı edirik.
Mən bu kitabın təqdimatına dəvətə görə hörmətli Vüqar müəllimə çox təşəkkür edirəm. Mənim üçün auditoriya ilə fikirlərimi bölüşmək üçün çox xoş oldu. Sizə uğurlar arzulayıram. İndi bizim digər həmkarlarımız da kitab və digər məsələlər barədə fikirlərini bölüşəcəklər. Bir daha dəvət üçün təşəkkür edirəm. Sağ olun.
SAMİR MİRZƏYEV: Rizvan müəllim, dərin və əhatəli çıxışınıza görə sizə təşəkkür edirəm. Sizi fakültəmizdə görmək xoşdur. Mən və buradakı tələbələrimiz xeyli bilgi əldə etdik. İndi isə istəyirəm, kitabın ön söz müəllifi bizim dəyərli professorumuz Qulu müəllimə söz verim.
xxx

Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor QULU MƏHƏRRƏMLİ: Hamınızı salamlayalım. Belə kitablara giriş yazmaq əslində çox çətindir. Niyə? Çünki istər-istəməz kitabın qəhrəmanının həyat hekayəsini bilməlisən. Onun uşaqlığından, gəncliyindən tutmuş, iş fəaliyyətinə qədər hər şeyi bilməlisən. Mənə təklif olunanda xeyli götür-qoy elədim. İş belə gətirib ki, axır illərdə bu müharibə ilə bağlı bir neçə şəhidin kitabına mən söz yazmışam. Sizə deyim ki, o kitabın özünü yazmaq qədər çətindir. Çünki elə yazmalısın ki, biri digərinə oxşamasın. Amma motiv birdir, insanlar Vətən uğurunda həlak olublar.
Burada bizim hörmətli millət vəkili Rizvan müəllim çox geniş miqyasda mənzərəni yaratdı. Yəni, söhbət nədən gedir? Bir millətin, bir dövlətin təkcə ərazi bütövlüyü yoxdur, təkcə, ordusundan, silahlanmasından və s. söhbət getmir. Əgər onun torpağı işğal altındadırsa, onun heysiyyatı, qüruru, vüqarı tapdanmış olur. Mənim yaşım elədir ki, ATƏT-in Minsk qrupu ilə bağlı danışıqların bir çoxunda jurnalist olaraq iştirak etmişəm. Rusiya tərəfdə Minsk qrupunun nümayəndəsi Kazimirov var idi. Mən ona sual verəndə, o, o qədər uzun, mənasız danışırdı ki, mənim mikrafonu titmaqdan biləyim yorulurdu. Söz oynadırdı, məsələnin üstündən keçirdi, dəxli olmayan şeylərdən danışırdı ki, guya nəsə desin. Eləcə də digər məsələlər. Məsələn, Qarabağ məsələsi ilə bağlı prezidentlərlə müsahibə olsun, istərsə də Boris Yeltsinlə olsun… Boris Yeltsin bir suala cavabında deyir ki, biz danışanda variantlardan istifadə edirik. B.Yeltsinə Moskvada o sualı mən vermişdim və o suala cavab verirdi. Yəni deməyim odur ki, indi biz bir jurnalistin bioqrafiyasından danışırıq. Bu, faktiki olaraq yarıda qalmış ömürdür. Amma o yarıda qalmış ömür birbaşa peşə ilə bağlıdır. Biz deyəndə ki, jurnalist çox təhlükəli peşədir. Bu, təkcə o deyil ki, mən getdim tədbirə, oradan bir yazı yazdım, gətirdim, təhvil verdim. Bu da var. Sizə münaqişəli zonalarda jurnalistin davranışı neçə olmalıdır, nə təhər olmalıdır barədə xüsusi dərs keçilir. Jurnalistikanın təhlükəli peşə olmasını statistikalar da göstərir. Məsələn, hələ 2025-ci ilin 6 ayının statistikası var, təxminən, 50-ə yaxın jurnalist qətlə yetirilib. Amma 2023-2024-cü illərdə ölən jurnalistlərin sayı 244 nəfərdir. Bunlar əsasən Yaxın Şərqdə, Afrikada və Latin Amerikasındadır. Yəni, hansı ölkələrdə müharibə, münaqişə, ziddiyyət, toqqışma, mina var, bax, orada jurnalistlər üçün ciddi təhlükələr var. Həyatını bu təhlükəyə atanlardan biri də bizim bu kitabın qəhrəmanıdır.
Jurnalistlər müxtəlif səbəblərdən, məsələn, araşdırma aparar, hakimiyyətin xoşuna gəlməz, müəyyən vasitələrlə də qətlə yetirilir. Müharibə zonasına gedir, bu və ya başqa səbəbdən ya miniya düşür, ya gülləyə tuş gəlir. Bilirsiniz ki, xüsusi olaraq Cenevrə Konvensiyasına görə jurnalistləri vurmaq olmaz. Jurnalistləri və həkimləri döyüş zonasında öldürmək olmaz. Onlar xüsusi geyimdə olur və düşmən tərəf də bilir ki, onları vurmaq olmaz. Amma müharibədə o qaydalara əməl edən kimdir?! Həkimlər də öldürülür, jurnalistlər də öldürülür. Amma jurnalistlər o meydanda xəbər toplayır, hadisənin dramatizmini çatdırmağa çalışır. Ona görə bu gün haqqında danışdığımız, kitabın qəhramanı da Kəlbəcərdə peşəsini yerinə yetirərkən şəhid olub.

Yəqin ki, Ukrayna hadisələrini, Rusiya müharibəsini izləyirsiniz. Zelenskinin xalqa müraciətində əsas vurğulanan nədir?! Biz Ukrayna xalqının və Ukrayna dövlətinin ləyəqətini qorumalıyıq. Çünki əsgər vuruşur, müqavimət göstərir, ərazi alır, irəliləyir və yaxud geri çəkilir, yenə hücuma gedir. Bütün bunların hamısı bir millətin və bir xalqın, bir dövlətin ləyəqətini qoruyur. Hesab edirəm ki, bizim bu kitabın qəhrəmanı Vətənin ləyaqətini qoruyub.
Bu, çox maraqlı kitab alınıb. Mən bunun Mətbuat Şurasında ilk təqdimatında iştirak edə bilməmişdim, doğrusu, çatdıra bilməmişdim. Amma indi nə yaxşı ki, bizim fakültənin rəhbərliyi bu kitabın təqdimatını burada keçirir. Çox nəfis və çox layiqli formada olan bir kitabdır və mənə elə gəlir ki, bunu daha geniş miqyasa çatdırmaq olar. Adımı burada gördüm, çox sevindim. Doğrudan da adam ilk baxışda düşünürdü ki, nə yazacaqsan. Amma mən onun həyatı ilə tanış olandan sonra gördüm, yazmağa o qədər əsaslar var, o qədər faktlar var.
Bilirsiniz, insanın nə qədər yaşaması şərt deyil, insanın necə yaşaması şərdir. Mən hesab edirəm ki, sizin hər biriniz bu kitabı vərəqləyəndən sonra güman edirəm, jurnalist peşəsinə bağlılığınız, vurğunluğunuz, məhəbbətiniz bir az da artacaq. Çünki fərqli ölümlər var. Peyğəmbər Əli əleysalamdan soruşurlar ki, ya Peyğəmbər, ölümdən dəhşətli bu dünyada nə var? Deyir, ölümdən dəhşətli olan şərəfsiz ölümdür, ləyəqətsiz ölümdür. Yəni, bu jurnalist, Məhərrəm İbrahimov ləyəqətli ölümü seçib. Bu, onun taleyidir və ondan qaçmaq olmaz. Əlbəttə, çox məyus olmağınızı istəmirəm. Amma bir şeyi duyuram və onu çox gözəl qəbul edirəm ki, bizim şəhidlərimizə dövlətin, hökumətin bu dərəcədə qayğısı var. Onların adları əbədiləşdirilib, 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif edilib. Ona görə də jurnalist peşəsini bizə sevdirən məhz bu cür insanlardır.
1992-ci ildə Çingiz rəhmətə gedəndə mən Xəbərlər Proqramında nöbətçi idim. Yəni, onun ölüm xəbərini canlı-canlı efrə mən yazdım. İyun ayının 15-i idi. Onu efirə mən yazdım verdim. O mətni oxuyan Baş redaktor bir az qısqanclıqla yanaşdı ki, çox tərif yazmısan. Deyirəm, bu artıq ölüb, bundan sonra onun haqqında nə yazılacaq? Bu, repartyordur, bu, onun sənətidir və peşəsinin icrası zamanı ölüb.
Məlumatı olanlar bilir, Nyu-Yorkda Yeniliklər Muzeyi var. O muzeyin lap girişində vəzifəsini icra edən zaman həlak olan jurnalistlərin siyahısı var. Mən birinci dəfə 1998-ci ildə Amerikada olanda orada gördüm ki, bizim Qarakənd səmasında vertolyotda həlak olan jurnalistlərin adları yoxdur. Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynovun adları yoxdur. Mən orada soruşdum ki, onların adı niyə yoxdur. Onlar dedilər ki, o məlumat verilərkən adi bir qəza kimi verilib, yəni vertolyot qəzəyə uğrayıb. Bura peşəsinin icrası zamanı həlak olanların adı yazılır. Məsələn, Çeçenistan müharibəsində həlak olan Fərhadın adı orada var idi. Amma bu adamların adı yoxdur. Ona görə, bu şərəfli ömür yaşayan bir jurnalistin həyatı, taleyi bizim üçün, gənclərimiz üçün nümunədir. Biz öz işimizdə, əməlimizdə, peşə faaliyyətimizdə bu cür insanların, qürurlu həyat yaşamış insanların nümunəsini təkrar etməliyik. Təkrar etməliyik, amma ölməməliyik. Sağ olun, təşəkkür edirəm.
xxx
SAMİR MİRZƏYEV: Hörmətli Qulu müəllim, geniş, məzmunlu çıxışınıza görə təşəkkür edirəm. Bir informasiyanı vermək istəyirəm. Əziz tələblərimiz, məlumatınız olsun ki, bizim fakültənin 2 məzunu Azərbaycanın Milli Qəhrəmanıdır. Bu, Alı Mustafayev və Kazımağa Kərimovdur. Yəni bizim fakültə jurnalist yetişdirən əsas bazadır, amma bizim jurnalistlərimiz, məzunlarımız ehtiyac yarananda, qələmi silaha da çevirməyi bacarırlar. Birinci Qarabağ müharibəsində də veteranlarımız var. İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində bizim 16 məzunumuz qazi olub. Yəni kiçik bir fakültə üçün bu rəqəmin özü böyük nəticədir. Bir tələbəmiz isə hazırda bizim sıralarımızdadır. O, həm Vətən müharibəsi, həm antiterror əməliyyatının iştirakçısıdır. Yəni fakültəmizin belə tələbələri var.
İndi isə kitabın özü haqqında danışmaq üçün sözü müəllifi Əsgən bəyə vermək istəyirəm. Buyurun.
xxx

Kitabın müəllifi, jurnalist ƏSGƏR ƏLİOĞLU: Çox sağ olun, minnətdaram.
Əziz tələbələr, əziz dostlar. Əlbəttə, belə auditoriya qarşısında çıxış etmək həm şərəflidir, həm də bəzən adama qismət olumur. İnsanları yetişdirən ailədir, valideyndir və ən əsasda müəllimlərdir. Mən indiyədək sizə, bizə, hamımıza, şəhidlərimizə, yəni kim olur-olsun, onlara dərs deyən müəllimlərin hamısına – ölənlərə rəhmət diliyirəm, qalanlara cansağlığı arzulayıram.
Mən Məhərrəm haqqında qardaş kimi yox, həmişə həmkar kimi danışmışam. Çünki mən də 20 ilə yaxın AZƏRTAC-da işlədim, Prezident müxbiri, Baş redaktor idim. Məhərrəmin AZƏRTAC-a gəlişi 2003-cü ildən başladı və 2004-cü ildən isə rəsmi işə başladı və ilk gündən seçimini özü etdi. Yəni, həyat elə bir yoldur ki, hər kəs seçimini özü etməlidir. Mən ona dəfələrlə dedim, bəlkə başqa istiqamət seçsin, amma, yox, o, hərbi jurnalist olmağı seçdi. O vaxt hərbi jurnalistika adı o qədər də çəkilmirdi, kriminal, hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə yazan müxbir adlanırdı. Bu yolu seçdi, gecəsini- gündüzünü qatdı və nəticə də bəllidir.
Əlbəttə, sual oluna bilər ki, bu kitab niyə yazıldı? Bu kitab ona görə yazıldı ki, Məhərrəm mənim qardaşımdır deyə yox, Məhərrəmin, o yarımçıq qalan ömrü geniş ictimaiyyətə, insanlara çatdırmalı idi. Həm də Məhərrəmgilin şəhidliyi jurnalistika peşəsinə şərəf-ləyaqət gətirməklə yanaşı, Azərbaycan mətbuatının həqiqətən də necə qorxmaz, cəsur, heç nədən çəkinmədən, öndə olduğunu göstərən bir göstəricidir.
Bilirsiniz ki, Azərbaycan mətbuatının 150 illik tarixi var, ömrü var. Bu yol heç də asan olmayıb, çox keçməkeçlidir, əzablıdır, həm də xüsusi bir paraqrafda ləyaqətlidir, şərəflidir. Bizim şəhid dostlarımız, şəhid jurnalistlərimiz də məhz o şərəfli paraqrafa, o lövhəyə düşüblər.
Məhərrəmin şəhid olması, yəni jurnalistlərimizin şəhid olması, -Rizvan müəllim qeyd etdi, – bəli, təkcə peşə fəaliyyəti ilə əlaqəli olsa da, çox böyük siyasi məsələdir, siyasi tərəfi var. Məhz ona görə də bu kitabı yazmağa qərar verdim, dörd il üstündə işlədim. Bu kitabda Məhərrəmin doğulduğu, dünyaya gəldiyi gündən, ilk nəfəs aldığı gündən, ta 39 yaşına qədər olan dövrü nöqtə və nöqtə əhatə olunur. İnşallah, bu kitabı sizə təqdim edəcəyik, onu oxuyanda bunu hiss edəcəksiniz.
Əlbəttə, hər kəsin bir ömrü var, bir taleyi var, insan onu yaşamalıdır. Amma necə yaşamalıdır sualı hər zaman bizi düşündürməlidir. Kitabda Məhərrəmin doğulduğu, boya-boşa çatdığı, əmisinin, atamızın xalası oğullarının hərbçi olmaları, Məhərrəmin hər zaman zeytun rəngli geyimlərə üstünlük verməsi, onun məhz peşəsində hərbi jurnalistikanı seçməsi hərb sənətinə xüsusi simpatiyasından doğdu və elə o yolda, o geyimdə dünyasını dəyişdi.
O, şəhidlik yolunda ən çətin məqamlarda şücaətlik tələb olunur. Ona görə, hərdən danışanda kövrəlirəm, üzürlü sayın, Məhərrəm heç vaxt rahat yatmadı. Bu peşədə Məhərrəm rahat yatmadı. Gecəyarısı baş verən hər hansı partlayışda, hadisədə Məhərrəm gecə yuxudan oyanmalıdır, getməlidir. Yəni bunu sizə ona görə deyirəm ki, bu peşəni seçəndə bütün bunları göz altına almalısınız. Amma, bu, o demək deyil ki, bunu göz altına alanda çətin olur. Əlbəttə, şəhidlik bir zirvədir, hər kəs ora ucala bilmir, ölüm hamımızın başında var, amma peşə yolunda şərəflə ölmək tamamilə başqadır. Məhərrəm həm də evimizin son beşiyi olduğu üçün, gözümüzün qabağında böyüdüyü üçün və heç birimizə bir kəlmə cavab qaytarmamış, mədəni, həqiqətən çox ünsiyyətcil, insanlara qayğıkeş, dava edən insanları barışdıran, yəni peşəsindən əlavə, ayrıca xüsusi statuslara sahib idi. Bu barədə kitabda da qeyd olunub.

Hərbi jurnalist necə olmalıdır? Bu kitabda qeyd edilib və bu, jurnalistika peşəsinə sahib olmaq istəyənlər üçün müəyyən mənada bir istiqamət verir. Dərs vəsaiti kimi də istofadə edə bilərsiniz. Mütləq bu kitabı oxuyun, burada gələcək yazılarınızda yararlana biləcəyiniz dəyərli fikirlər var. Bu, sizə peşə fəaliyyətinizdə müəyyən istiqamət verəcək. Hər kəs hərbi jurnalist ola bilməz. İndiki dövrdə jurnalist olmaq bəlkə də asandır. İndi kimsə nəsə yaza bilirsə, özünü jurnalist hesab edir. Amma jurnalist peşəsi tamamilə fərqlidir. Bunu siz daha yaxşı bilirsiniz, öyrənirsiniz. Gələcək illərdə bu mövzuda bəlkə də daha geniş danışmaq olar. Amma hərbi jurnalistin xüsusi statusu var. Hərbi jurnalist ilk növbədə sirr saxlamağı bacarmalıdır, mədəni olmalıdır. Hərbi jurnalist hər yerə müdaxilə edə bilməz. Mütləqdir ki, hərbi peşəni bilməlisən. Mədəni davranış xüsusi önəm daşıyır. Ən əsas məsələlərdən biri ünsiyyətdir. Ordu quruculuğu sahəsində çalışan hərbçilərlə, rəhbər şəxsi heyətlə münasibət və ünsiyyət xüsusi rol oynayır. Çətin məqamlarda davranışlı olmaq. Məsələn, təlim və ya başqa hadisələr baş verəndə siz həmən getməlisiniz. Yox, canınızın qədrini bilərək hesab edərsinizsə ki, getməyə bilərsiniz, o zaman bu peşədə uğur qazanmaq mümkünsüzdür. Hərbi jurnalistikada dostluq da xüsusi önəm daşıyır. Dostluğu bir neçə formada dəyərləndirmək olar, amma dostluğun içində bir sədaqət amili var. Sədaqət təbii ki, hər bir insana lazımdır, amma hərbi jurnalist üçün xüsusilə lazımdır. Hərbi jurnalistin əsas vəzifələrindən biri də dövlətçilik prinsiplərini qorumaq, hərbi sirləri yaymamaqdır. Məsələn, sənə çaşdırıcı məlumatlar verilə bilər, amma o qədər informasiyalı olmalısan ki, o məlumatlar səni çaşdırmasın. Çünki bir səhv məlumat düşmənin əlinə düşə bilər və düşmən o fürsətdən istifadə edib əks həmlə edə bilər.
Əziz dostlar, onu demək istəyirəm ki, sizin hər biriniz gələcəkdə öz yolunuzu tutacaqsınız. Çox dəyərli müəllimləriniz var, onlardan yaxşı təhsil alın. Yaxşı təhsilli olmaq həm Vətəni xilas edir, həm insanın özünü, həm də cəmiyyəti və bəşəriyyəti xilas edir. Dünya tamamilə başqa istiqamətə gedir, dünya dəyişən dünyadır, hər an gündəm dəyişir, hadisələr dəyişir. Bunun üçün də püxtələşmək, əmələ gəlmək, bir varlıq olaraq şəxsiyyət kimi formalaşmaq təbii ki, insanın özündən asılıdır.
Sizin başınızı çox ağrıtmaq istəmirəm, hər biriniz üçün həmişə gözəl günlər arzulamaq istəyirəm. Amma gözəl günlərə çatmaq üçün müəyyən əzablara, çətinliklərə dözmək lazımdır.
Şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı Qulu müəllim toxundu. Bilirsiniz ki, həmin hadisə baş verəndə Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmən başsağlığı və dünya ictimaiyyətinə bəyanat formatında fikrini bildirdi. Cənab Prezident çıxışlarında dedi və bizim şəhidlərimizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.
Bu kitabda xüsusi bölmələrdən biri də dünya mətbuatının həmin hadisəyə verdiyi qiymətdir. Eyni zamanda, daxili rəsmi təşkilatların, qeyri-hökumət təşkilatlarının, jurnalist təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların – ATƏT, Avropa İttifaqı, BMT, dünya səviyyəli nə qədər təşkilat varsa, hamısının bəyanatları fakt olaraq burada əksini tapıb. Hamısı erməni terrorunu, erməni təxribatını, ermənilərin bizə qarşı olan pis niyyətini açıq şəkildə faktlarla bu kitab təsdiqləyir. Bu kitabın əhəmiyyətindən bir də ondan ibarətdir ki, bütün xarici ölkə səfir və səfirliklərin bəyanatları var. Hər biri ermənilərin törətdiyi bu terror hadisəsini qınayır və rəsmi şəkildə mövqeyini ortaya qoyur.

Burada Məhərrəmin müharibə və müharibədən sonrakı dövrünü əks etdirən materiallar da var. Həqiqətən də müharibə dövrü bəlkə də çətin görsənir, amma müharibədən sonrakə dövr də asan deyil. Nəyə görə? Çünki minalar insanları bilmədən, görmədən alıb o dünyaya aparan dəmir hissədən ibarət bir qurğudur, insanların taleyini bax belə sonlandırır.
Mən sizə təşəkkür edirəm. Sonda qardaşınız, böyüyünüz olaraq arzulamaq istəyirəm ki, həyatda heç vax heç nəyi kiçik görməyin. Çingiz xanın belə bir sözü var: “hətta bir mismarı belə kiçik görməyin. Çünki bir mismar bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu da böyük bir milləti xilas edir”. Ona görə də həyatda heç nəyi kiçik görməyin. Jurnalistika sözdən başlayır. Seçdiyiniz söz cümlə, fikir əmələ gətirir, cəmiyyətə təqdim olunur və sizə cəmiyyətdə hörmət qazandırır. Ona görə, sizə söz seçimində, peşə fəaliyyətində uğurlar arzulayıram. Heç vaxt hərbi jurnalistikadan qaçmayın. Bu işdəki ağırlıqdan qorxmayın, əksinə, çox şərəfli, nümunəvi peşədir. Hər birinizə cansağlığı arzulayıram. Əminəm ki, siz daha gözəl günlər görəcəksiniz. Bu gözəl günləri daha yaxşı gələcəyə ötürmək üçün sizlərdən çox şey asılıdır.
Hamınıza bir daha təşəkkür edirəm, Vüqar müəllim, Samir müəllim, hər biriniz haqqınızı halal edin. Biz çalışıb bu kitabı ərsəyə gətirdik və sizlərin təqdimatına verdik. Hamınıza dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
xxx
SAMİR MİRZƏYEV: Çox sağ olun. Əsgər müəllim, bayaq biliklə bağlı fikir bildirdi, mən də istəyirəm o fikrinizə qüvvət qatım. Tələbələr, həmişə çalışmalısınız ki, bilikli olasınız, öyrənəsiniz, öyrənməyə həmişə meyl, maraq göstərin. Bizim mərhum professorumuz Şirməmməd müəllim həmişə qeyd edirdi ki, əgər bir şəxsin biliyi zəifdirsə, o vətənpərvərlikidən danışa bilməz. Çünki, o vətənpərvərlik yalançı vətənpərvərlik olur. Sən bir rəqiblə, düşmənlə danışanda, əgər sənin biliyin azdırsa, demək, sən boğazdan yuxarı danışırsan, sənin o vətənpərvərliyin boğazdan yuxarı olur. Amma onu əsaslandırmaq üçün güclü baza olmalıdır. Ona görə də siz yaradılan bu şəraitdən öyrənin, mütləq öyrənin. Bax, bu kitabın özü də bir dərsdir. Siz bu kitabı oxuyanda, bəlkə də hansısa dərsdə bu kitabdan yararlana bilərsiniz. Bizim hansısa dərslərimizdə, jurnalistika ilə bağlı dərslərdə mütləq bu kitabdan bir sitat verə bilərsiniz, bir misal çəkə bilərsiniz. Bu, sizin biliyinizin göstəricisi ola bilər. Yəni, belə şeylərdə həmişə aktiv olun, fəal olun.
Əsgər müəllim, Sizə də çox sağ olun deyirik ki, bu kitabı ərsəyə gətirmisiniz. Yəni 4 il ərzində bu kitabı yazmısınız və dediyiniz kimi, orada bizim şəhidimizin həyatının bütün nöqtələri öz əksini tapıbdır.
İndi isə istərdik, fakültəmizin dekanı Vüqar müəllim də sözlərini desin, fikrini bildirsin.
xxx

Jurnalistika fakültəsinin dekanı VÜQAR ƏLİYEV: Mən Əsgər müəllimə öz təşəkkürümü bildirirəm. Bizim mənəvi borcumuzdur ki, bu tədbiri keçirək. Xatırlayırsınızsa, 2021-ci ilin dekabrında bizim tələbələrimizin hər iki şəhid jurnalistimizlə bağlı sənədli film ərsəyə gətirdi. Ssenari müəllifi də bizim tələbələrimiz idi, çəkilişi də bizim BDU-nun Jurnalistika Fakültəsinin Tədris Teleradio Studiyasında əməkdaşlar aparmışdı. Tələbələrimiz onlar haqqında xatirə olaraq 17-18 dəqiqəlik sənədli film çəkmişdilər. Biz onun təqdimatını keçirmişdik. Orada da qeyd etmişəm ki, mənim həm Məhərrəmlə, həm də Siracla AZƏRTAC-dan və AzTv-dən münasibətim olub. Hər ikisi ilə birbaşa ünsiyyətdə olmuşam. Hər kisi ilə bağlı çox gözəl xatirələrim var.
Çıxışçıların hər biri mina problemi və jurnalistlərimizin peşə fəaliyyəti zamanı üzləşdiyi çətinliklərlə bağlı fikirlərini bildirirlər. Mən təkrar etməyəcəm, o fikirlərin üzərinə yenidən qayıtmaq istəmirəm. Amma hər kəsə maraqlı olar, mən bir məqamı vurğulamaq istəyirəm. Məhərrəm və Sirac Kəlbəcərdə nə edirdilər? Əslində, bu, çox vacib bir məqamdır. Məhərrəm və Sirac işğaldan azad olunmuş kəndlərimizi bir-bir gəzib sənədləşdirir, çəkiliş aparırdılar. Bu, ona görə lazım idi ki, 30 ildə işğal altında olan torpaqlarımız hansı dərəcədə vandalizmə, dağıntıya, hətta şəhər terroruna məruz qalıblar. Onlar həyatlarını riskə ataraq bu çəkilişləri həyata keçirdilər. Məhərrəm və Siracın sayəsində işğaldan azad olunmuş həmin kəndlərimizin vəziyyəti ilə bağlı bu gün bizim əlimizdə çox böyük bir arxiv var. Bu, niyə vacib və əhəmiyyətli idi? Bu gün görürsünüz ki, Qarabağda necə quruculuq işləri aparılır. Qarabağımız sürətlə dəyişir. Kəndlərimiz bərpa olunur. Ağdam tamamilə yox idi.

Mən 2021-ci ildə Ağdamda çəkilişdə olmuşam. Şahbulaq qalasında oldum. Sonra İmarət qəbiristanlığında çəkilişlər aparmışdım. Təsəvvürünüzə gətirin ki, qəbiristanlığa girmək istədim. Məni hərbçilər saxladılar. Erməni vandallarına alçaqdırlar demək də yumşaq səslənir. Orada xanlarımızın qəbirlərinin arasına mina basdırmışdılar ki, kimsə ora girsə, patlasın. Hərbçilərimiz qırmızı lentə adılar, biz içəri girə bilmədik. Məni saxladılar. Mən 2021-ci ildən danışıram. Amma indi yəqin görmüsünüz, İmarət qəbiristanlığını muzey kimi düzəldiblər. Bax, həm Məhərrəm, həm də Sirac təsəvvürünüzə gətirin ki, həyatlarını riskə ataraq hər yerdə mina basdırıla biləcək məkanlarda, dağıntılı yerlərdə çəkilişlər aparırdılar və bunu sənədləşdirir, xronikalaşdırırdılar ki, sabah, bərpa prosesindən sonra yenə də bizim əlimizdə əsas olsun. Yəni bilinsin ki, bu kəndlər əslində birdən-birə belə olmayıb. Ağdam şəhəri nə vəziyyətdə olub, bizim işğaldan azad olunmuş digər şəhərlərimiz nə vəziyyətdə olub. Ona görə də, həm Məhərrəmin, həm də Siracın qiyməti təkcə bizim həmkarımız olmaqla bitmir. Şəhidlik ən böyük zirvədir, amma onunla da bitmir. Onların xidməti böyükdür. Bu məqam xüsusi vurğulanmalıdır. Onların dövlətimiz və millətimiz qarşısında böyük xidmətləri var. Bu xidmət bir daha təkrar edirəm ki, işğaldan azad olunmuş o torpaqlarımızın hansı vəziyyətdə olduğunu saxlamaq, arxivləşdirmək, lazım olsa, gələcək nəsillərə bir daha göstərmək və əsla unutmağa qoymamaqdır. Çünki unutqanlıqdan böyük bəla yoxdur. Bayaq çıxışlarda deyildi, biz dəfələrlə bu mövzulara qayıtmalıyıq.
Bilirsiniz ki, bizim 44 günlük Vətən müharibəsinin bir çox qaziləri ilə görüşümüz oldu. Onlar bizim fakültənin məzunlarına öz xatirələrini danışdılar. Biz hər il bunu edirik, özümüzə borc bilirik. Niyə? Ona görə ki, unutmaq olmaz. Nəticə etibarı ilə tarix təkrarlardan ibarətdir. Bilmək olmaz, bu mənfur düşmən, – bunu elə ən çox Qərbi Azərbaycandan, o bölgədən olanlar bilirlər, – son yüz il ərzində neçə dəfə bizə xəyanət edib. Açıq deyim ki, biz yenə də bundan sığortalanmamışıq.
Mən bir daha öz təşəkkürümü bildirirəm, minnətdaram. Azərbaycan jurnalistikası döyüşkən jurnalistika oldu. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan jurnalistikası hər zaman milli maariflənmə, milli özünüdərk və milli şüurun formalaşdırılmasında olduqca əhəmiyyətli rol oynayıb. Qismətimizə yazıldı ki, XX əsrin sonu XXI əsrin əvvəllərində da Azərbaycan jurnalistikası üzərinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirib, davam etdirib. Düşünürəm ki, həm Məhərrəm, həm də Sirac fəaliyyətləri və şəhidlikləri ilə Azərbaycan jurnalistikasının ən zirvə nöqtələrindən birinə çevrildi. Allah, bir daha onlara rəhmət eləsin!
Hamınıza təşəkkür edirəm. Çox sağ olun.
SAMİR MİRZƏYEV: Çox sağ olun Vüqar müəllim. Tələbələrin kitabla bağlı müəllifə sualları varmı? Burada qonaqlarımız da var. Rizvan müəllimi bəlkə də başqa bir yerdə görməyəcəksiniz. Qulu müəllim hələ ki, sizə dərs demir, fürsətdir, yararlanın.

XUDİYEVA SELCAN (TƏLƏBƏ): Mənim sualım müəllifədir. Siz bu kitabın üzərində 4 il işləmisiniz. Bilmək istəyirəm, bu dörd ildə kitabda hansı dəyişiklik etməyi fikirləşdiniz?
ƏSGƏR ƏLİOĞLU: Bilirsiniz, kitab yazmaq asan məsələ deyil. Kitab ərsəyə gələndən sonra, o, asan görünür. İnanırsınız, oraya yazılanları açıb hərdən oxuyuram və deyirəm, doğrudanmı bunu mən yazmışam.
Bu kitab nə üçün 4 ilə başa gəldi? Çünki faklar bolluğu vardı. Bu fakların və sözlərin hər biri dəqiq olmalıdır. Çünki rəsmi xarakter daşıyır. Kitabda yalan məlumat olmamalıdır, hər şey dəqiq olmalıdır. Minaların statistikası ilə bağlı bir məlumatı əldə etməkdən ötrü bir neçə ay gözləməli olursan. Niyə?! Ona görə ki, zaman və faktlar dəyişir. 2022-ci ilin statistikası başqadır, amma kitab ərsəyə gələn dövrdə, yəni 2025-ci ildə, yəni dörd ildə statistika dəyişir. Bundan əlavə, rəsmi sənədləri mənbədən toplamaq lazımdır. Elə sənədlər var ki, bəyanat verilib, Azərbaycan mətbuatında dərs olunub, amma həmin o ölkənin mətbuatında, yaxud rəsmi saytlarında yoxdur. Gərək onu da əldə edəsən. Bütün bu dəqiqləşdirmə işləri vaxt aparır. Ümumiyyətlə, kitaba rəsmiyyətlə yanaşanda kitabın yazılma ömrü qısa olmur. Bu, bir şeir kitabı deyil. Məsələn, oturursan, gecənin birində beyninə gəlir bir şeir yazırsan. Təbii ki, şeir yazmağı asan iş saymıram, amma bu şeir kitabı deyil. Bu, ciddi, rezonans doğura bilən, tənqidə məruz qalmayan kitab olmalıdır. Elə yazmalısan ki, o kitab tənqid olunmasın. Bu, baxımdan 4 illik zaman uzun görünür. Amma inanın ki, hələ elə faktlar var, onu axtarıb tapıb kitaba sala bilmədim. Bu baxımdan, kitabın 4 ilə yazılması təbiidir.
Onu da deyim ki, Qulu müəllim, çox sağ olsun, kitaba çox gözəl ön söz yazıb. Onun ön sözü bu kitabın bu səviyyədə ərsəyə gəlməsinə böyük təkan oldu. Çox sanballı alındı. Baxın, bu gün o kitab bəyənilirsə, demək, ön söz yaxşı yazılıb. Onun da müəllifi hörmətli Qulu müəllimdir. Ona görə də, bu kitab gözəl alındı. Əgər sizlərdən kimsə gələcəkdə kitab yazmaq istəyərsə, tələsməsin. Tələsəyən adam kitab yaza bilməz. O, özünün şöhrətpərəstliyi və s. üçündür. Amma operativliyi də itirməyin, ciddi şəkildə hərtərəfli düşünün. və yazın Hər zaman tənqidi baxın ki, zəif nöqtənizi tutmasınlar. Ona görə, əminəm ki, siz elə fəaliyyət göstərəcəksiniz ki, dörd il yox, on illiklərlə yazıla biləcək kitablar yazasınız. Təşəkkür edirəm.
SAMİR MİRZƏYEV: Yəni, şeir elədi ki, bədahədən gəldi, qələmə aldınız. Sonra onu dəyişdirsən effektini itirir. Amma kitab elədir ki, məsələn, mən hazırlaşmışdım, çıxışımda bunları deyəcəm, ancaq elə olur, yaddan çıxır. Sonra yada düşdükcə, onu kitaba əlavə edə bilirsən. İlk olaraq hazırlayır, vaxt keçdikcə, təzə məlumatlar gəlir. Hər dəfə yeni məlumatla kitab yazmaq olmur. Başqa sual varmı?

AYİSƏ ŞƏRİFOVA (TƏLƏBƏ): Mənim sualım müəllifədir. Siz də, professorumuzda dedi ki, bu kitabda şəhid qardaşınızın ömrünü uşaqlıqdan bu yana yazmısınız. Sizin fikrinizcə, bu ömürdən hansı nəticəni, dərsi çıxarmaq olar?

ƏSGƏR İBRAHİMOV: Çox gözəl sualdı. Bu ömürdən insanlıq, mədəniyyət, ünsiyyət, sədaqət, hörmət, izzət, dostluq, peşəyə münasibət, informasiyaların, faktların gizliliyinin qorunması, sizə verilən məlumatların dəqiqləşdirilməsi, dürustlük kimi frazaları önə çıxarmaq olar. Cəbhə elə bir yerdi, orada insan istəyir ki, necə doğulubsa, hər şeyi tər-təmiz etsin. Orada kin, küdurət olmur. Orada kiminsə, məsələn, gənc vaxtlarında dalaşdığın bir insanın taleyi belə yada düşmür. Hamı cəbhədə sırf ümumi qələbə naminə çalışır. Ona görə, çıxarılacaq ən gözəl nəticə işgüzarlıqdır. Onu da deyim ki, hər kəs həyatda etiraf etməyi də bacarmalıdır. Etiraf insanların iç üzünü, vicdanını ortaya qoyan bir məsələdir. Bu kitabdan ən yaxşı alınacaq dərs dürüstlük, vətənpərvərlik və sədaqətdir. Məhz bu kitabda insanlar üçün ən önəmli, tövsiyə ediləcək məqamlara yer verilib.
xxx
Tədbirdən sonra müəllif Əsgər Əlioğlu kitabları bir-bir imzalayaraq tələbələrə təqdim edib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, bu kitab iki əsrdən çoxdur milyonlarla azərbaycanlının qəlbinə sağalmaz yara vuran erməni vandalizminin və mina terrorunun geniş iştimaiyyətə çatdırılıması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması, jurnalistika fənninin tədris edildiyi ali və hərbi məktəblər üçün dərs vəsaiti kimi də nəzərdə tutulub. Kitaba Milli Məclisin deputatı, diplomat, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, yazıçı-jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov rəy veriblər. Kitabın redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova, ön söz müəllifləri professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, istefada olan mayor, Əməkdar jurnalist Rəşid Faxralıdır. “Zərdabi Nəşr” MMC-də çap edilən və texniki redaktoru araşdırmaçı Qoşqar Abduyev olan nəşr 688 səhifədən və 15 bölmədən ibarətdir.





















