“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetdə Vaşinqtondan Əbu-Dabiyə uzanan sülh prosesi, Ermənistan seçki qorxusu fonunda sülhün revanşistlər üçün təhlükəyə çevrilməsi, Baş nazir Nikol Paşinyanın seçki manevrləri və s. məsələlərdən bəhs edilir.
Bildirilir ki, Vaşinqtondan Əbu-Dabiyə uzanan sülh prosesi Ermənistanda məhkəmə təxribatı ilə qarşılandı: “İrəvanda məhkəmənin Şahramanyan qərarı sülhə qarşı açıq siyasi diversiyadır. Ermənistanın revanşist ssenarisi sülh prosesini daxildən partlatmaq cəhdidir. Rəsmi İrəvan klassik erməni siyasi texnologiyasına uyğun olaraq xaricə sülh mesajı verir, daxildə isə təxribatla məşğul olur. Ermənistan seçki qorxusu fonunda sülh revanşistlər üçün təhlükəyə çevrilib. Ermənistan beynəlxalq hüquqa meydan oxuyur. Siyasi şantajlar dini humanizm pərdəsi altında separatçı keşişlərin oyunudur”.
Qeyd olunur ki, Ermənistan olimpiya arenasında separatizmlə məşğul olur və idmanı siyasi silaha çevirir: “Beynəlxalq idman meydanında “Arsax” təbliğatı idman etikası adı aıltında təxribatdır. Ermənistanın yeni revanşizm dalğası məhkəmədə, olimpiadada, ekspertlərin açıqlamalarında açıq hiss edilir. Sülhə qarşı qorxu ritorikası Ermənistan cəmiyyətini aldadır”.
Diqqətə çatdırılır ki, ABŞ-nin vitse-prezidentinə ünvanlanan müraciətlər arxasında İrəvanın manipulyasiyası dayanır: “Konstitusiyanı dəyişmədən sülh mümkün deyil və bu, Ermənistanın hüquqi tələsidir. Baş nazir Nikol Paşinyanın seçki manevrləri Ermənistanı fəlakətə aparır”.
Sonda vurğulanır ki, Qərbi Azərbaycan İcması Ermənistan tərəfindən sülhün imitasiya edildiyini ifşa edir: “Deportasiya olunmuş Qərbi azərbaycanlılar Ermənistan məhkəmələrinin gündəmində yoxdur. Yandırılan kəndlər və dağıdılan məscidlər fonunda Ermənistan ədalətdən danışa bilməz”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 12-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.















