“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Erməni usta bizə tez-tez xatırladırdı ki, tikin, bizə qalacaq” adlı veriliş Zəngibasar mahalı, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kənd sakini Məmmədəli Səfərovun həyat hekayəsinə həsr olunub.
O, 1960-cı ildə doğulduğunu, uşaqlıq, məktəb illərinin maraqlı keçdiyini, ailədə tək uşaq olduğunu və babasının himayəsində böyüdüyünü deyib: “Babamgil Qaraqışla]a Əştərək rayonunun Əkərək kəndindən gəlib. O vaxt ermənilər Əştərəyin Qüytulu, Avan, Əkərək, Qaracalar kimi azərbaycanlı kəndlərini xarabalığa çeviriblər. Həmin kəndlərdən bir çox tayfa Qaraqışlağa gəlib yurd salıb, kənd təsərrüfatı ilə məşğul olub. Kəndimizdəki iki məscidin biri uçurulmuşdu, digəri isə biz köçənə qədər fəaliyyət göstərirdi”.

Onun sözlərinə görə, babası keçmişdə erməni deportasiyasını gördüyü üçün, böyük evlər tikməyə qoymayıb: “Evimiz köhnə və qismən balaca idi. İravan şəhərində Cəfər Cabbarlı adına Dram Teatrı binasının divarı sökülürdü. Mən o daşları gətirib həyətə tökdüm ki, ikimərtəbəli ev tikim. Ancaq babam qoymadı. Dedi, mən bu evi tikəndə erməni usta tez-tez xatırladırdı ki, tikin, bizə qalacaq. Ondan sonra anladıq ki, böyük imarət tikməyə ehtiyac yoxdur. Çünki neçə dəfə deportasiya olmuşdu”.
Qaraqışlaq sakini bildirib ki, ermənilər avtobusla kənddən keçəndə qorxularından düşüb mağazadan alver etmirdilər: “Bizim kənddən çox ehtiyat edirdilər. 1988-ci ildə hadisələr başlayanda Moskvaya nümayəndə göndərdik ki, tədbir görülsün. Çünki yaşayış çətin idi, bizi şəhərə, bazara bıraxmırdılar, məhsul həyətdə qalıb məhv olurdu. O dövrdə nənəm zəhərlənmişdi, onu xəstəxanaya apardıq. Həyat yoldaşı Heydər Əliyevin tərəfdarı olduğu üçün nənəmi xəstəxanada öldürdülər. Artıq, bu, bizə siqnal idi. O vaxt Sovet ordusu guya bizi qorumaq üçün kəndlərə yeridilmişdi. Ancaq onlar heç nə etmirdilər. Ermənilər üstümüzə silhalı hücum çəkirdilər. Sumqayıtdan gələnlər başqa formada danışırdılar. Məcburiyyət qarşısında qadınları, yaşlıları kənddən çıxardıq. Nəhayət, 1988-ci ilin oktyabrında ailəmlə kəndi tərk edib Bakıya gəldik”.
M.Səfərov el-oba həsrətini qəlbində yaşatdığını, illər keçsə də doğma yurda yenə dönmək istədiyini vurğulayıb: “Biz qayıtmaq uğurunda mübarizə aparırıq. Ora qədim torpaqlarımızdır, adımızla bağlıdır, o yerlərdə izimiz, tarixi abidələrimiz var. Təbii ki, o torpaqlara qayıdacağıq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş martın 6-da saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

















