Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Saxta erməni tarixini alt-üst edən toponim” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozburun, Bozqala, Bozdoğan toponimi və oronimi haqqında söz açılır.
Bildirilir ki, qədim türklərin yaşadıqları ərazilərdə coğrafi məkanlar həm relyef əsasında, həm də tarixi şəxsiyyətlərin və tayfaların adları ilə adlandırılıb: “Arxiv sənədlərində və mənbələrdə qeyd edilən bu yer-yurdlar millətin zəngin tarixini yaşadan və sübut edən toponomik faktlardır”.
Bozburun – Talın mahalının Talin rayonu ərazisində kənd olub. Kəndin adı Bozbur formasında da qeyd edilir. 1918-ci ildə erməni təcavüzünün qurbanı olan kənd sakinləri deportasiyaya məruz qaldıqdan sonra 1920-ci ildə ləğv edilib.

Bozburun – Talın mahalının Talin rayonunda dağ adıdır. Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilən dağın adı dəyişdirilib Yerax qoyulub.
Bozqala – Ağbaba mahalının Amasiya rayonunda kənd olub. Kəndin əhalisi 1918-ci ildə ermənilər tərəfindən təcavüzə məruz qalıb, bir hissəsi öldürülüb, sağ qalanlar isə Türkiyəyə gedib. 1922-ci ildə kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar ata-baba torpaqlarına dönüblər. 1940-cı ildə kənd ləğv edilərək ölü kəndə çevrilib.
Bozdoğan – Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə və Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilib. 1935-ci ildə adı dəyişdirilib Sarakan qoyulub.

Sonda vurğulanır ki, tarixi gerçəkliklərin üzə çıxması çirkin əməllərlə qidalanan ermənilərin özləri üçün yaratdığı saxta tarixi alt-üst edir: “Təbii ki, Qərbi Azərbaycan torpağı hesabına dövlət qurmaqla, tarixən mövcud olmuş türk-oğuz mənşəli toponimləri özününküləşdirməklə məşğul olanların sonu aydınlıq yox, qaranlıq, qalib yox, məğlub görünür”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 24-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














