Gündəm 16.04.2026 16:44

Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun doğum günündə məzarını ziyarət ediblər

Məhərrəm İbrahimovun adı çəkiləndə təkcə bir jurnalist yox, bir yol, bir amal, bir Vətən sevgisi canlanır göz önündə. O yol ki, qısa idi, amma izləri çox dərin oldu. O amal ki, missiyası sadəcə xəbər yazmaq deyildi – tarix yazmaq idi. O sevgi ki, insanı ölümün üzərinə belə aparacaq qədər böyük idi.

O, azad olunan torpaqlara ilk ayaq basanlardan oldu. Sanki hər addımında torpaqla danışırdı, hər viran qalmış yurd yerində bir hekayə oxuyurdu. Qələm onun əlində sadəcə bir alət deyildi – yaddaş idi, şahid idi, həqiqətin dili idi. Gördüklərini ağ vərəqlərə köçürüb gələcək nəsillərə çatdırmaq istəyirdi.

Amma bəzən torpaq öz qəhrəmanını geri çağırır… Susuzluq kəndinə gedən o yol sadəcə bir səfər deyildi. Bu, taleyin yazdığı son cümlə idi. Bir anda səma sarsıldı, torpaq silkələndi… və bir həyat, bir qələm, bir səs əbədiyyətə qovuşdu. Lakin o gün bir jurnalist ömrü bitsə də, bir şəhid ömrü başladı.

Bu gün şəhid-jurnalist Məhərrəm İbrahimovun doğum günüdür. Yaşasaydı 44 yaşını qeyd edəcəkdi. Amma bu, adi bir doğum günü deyil. Bu, xatirələrin doğulduğu gündür.

Düz beş ildir ki, bu günü onsuz qeyd edirik. Bu gün onun adı dillərdən düşmür, əziz xatirəsi ürəkləri göynədir. Onun qısa və hamımızın gözləri önündə keçən ömür yolu örnək kimi xatırlanır. O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşaraq doğulduğu Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndindən 50 kilometrlik məsafədə yerləşən Kəlbəcərin Susuzluq kəndində şəhidliyə qovuşdu.

2021-ci ilin iyunun 4-də Susuzluq kəndinə gedərkən yola basdırılmış tankəleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

Aprelin 16-da AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbə qəbiristanlığında şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

Şəhid-jurnalistin həmkarları adından çıxış edən Elçin Hüseynov onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan, hərbi müxbir kimi fəaliyyətindən, xüsusilə Vətən müharibəsindən sonra azad edilmiş bölgələrdə göstərdiyi fədakar peşə fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, o, azad edilmiş bölgələrə ilk qədəm basanlardan olub, üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.

Məhərrəm İbrahimovun xatirəsinin həmişə əziz tutulduğundan bəhs edən E.Hüseynov deyib ki, AZƏRTAC-da onun adına xüsusi guşə yaradılıb, barelyefi hazırlanıb. Agentliyə üz tutan qonaqlar bu barelyeflə tanış olur və onlara Məhərrəm İbrahimovun həyat yolu haqqında geniş məlumat verilir. Nəticədə bu gün onu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tanıyır və böyük hörmətlə anırlar. Onun xatirəsi həmişə bizim üçün əzizdir və ehtiramla yad edilir.

Ailə üzvləri adından jurnalist Əsgər Əlioğlu, İradə İbrahimova və Sevda Əsgərova qardaşlarının xatirəsini əziz tutduqlarına görə AZƏRTAC-ın rəhbərliyinə, kollektivə və ziyarət iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olduğunu deyib. O bildirib ki, Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib, daim qaynar nöqtələrdə olub, hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirib. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzərək dağıntıları lentə alıb, tarixə çevirib. Məhərrəm İbrahimovun adının da tarixləşməsi istiqamətində görülən işlərə toxunan Əsgər Əlioğlu müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının geniş kütləyə çatdırılması məqsədilə dörd il ərzində yazıldığını vurğulayıb. Qeyd edib ki, ötən il işıq üzü görən kitabın daha geniş ictimaiyyətə çatdırılması üçün təqdimatları keçirilib və bu iş davam etdirilir.

Sonra həmkarları şəhid jurnalistin məzarı üstünə gül-çiçək dəstələri qoyublar.

İllər keçir, amma Məhərrəm İbrahimovun adı unudulmur. Çünki o, sadəcə yaşamayıb – iz qoyub. Yazdığı xəbərlərlə yanaşı, yaşadığı həyatla örnək olub. Onun addımladığı yollar indi azaddır, amma o yolların yaddaşında onun izi qalır. Onu sevənlərin ürəyində yaşayan bir ünvan var – nə xəritədə göstərilir, nə də zamanla silinir. O ünvanın adı Məhərrəm İbrahimovdur.

Müxbir- Abdulla Suvar

Fotoqraf -Azər İbrahimov
Videooperator – Vüsal Taqiyev, Namiq Abdullayev
https://www.youtube.com/watch?v=sYoOiD3o6lM
 

XƏBƏR LENTİ
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO