“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Miskin Abdal ocağı və günbəzi Sarıyaqubda yerləşirdi” adlı veriliş Göyçə mahalı, Basarkeçər (Vardenis) rayonu, Sarıyaqub kənd sakini Müslüm Məmmədovun həyat hekayəsinə həsr olunub.
O, 1964-cü ildə anadan olduğunu, uşaqlıq, gənclik illərinin orada keçdiyini deyb: “Kəndimiz Şirvi dağının ətəyində yerləşirdi. Göyçənin şəraitinə uyğun olaraq fəsillərin öz gözəllikləri var idi. Əvvəllər kəndin adı Zərgərli olub. 1831-ci il kameral təsvirdə kəndin adı Başkeyti, sonra Sarıyaqub kimi yazılıb. 1918-ci il erməni-müsəlman davası zamanı əhali kənddən köçüb. Rəhmətlik nənəm danışırdı ki, camaat qaçan zaman ermənilər toplardan atəş açırdılar. O qırğınlar vaxtı kəndimizdən xeyli adam həlak olub. Sağ qalanlar Kəlbəcərə, Azərbaycanın digər ərazilərinə səpələnib. Sovet hakimiyyəti qurulandan sonra camaat geri qayıdıb, kənddə yaşayışı bərpa edib”.

Onun sözlərinə görə, 1988-ci ildə Basarkeçərə, kəndimizə getmək çox çətin idi, ixtişaşlar başlamışdı: “Kənddən, qonşu kəndlərdən rayona gedənləri təhqir edirdilər. Xəstələri rayon xəstəxanasına aparmaq mümkün deyildi. Dekabrdan kənddən köç başladı. Camaat gecələr kəndi qorumaq üçün keşik çəkirdi. O dövrdə ov tüfənglərini Azərbaycan kəndlərindən yığmışdılar. İnsanlar vəziyyətin dözülməz olduğunu görərək dekabrın əvvəllərində məcbur qalıb, çox böyük çətinliklə Göyçəni tərk etdi. Yolda qarşılarını ermənilər, rus əsgərləri ilə kəsib, pul, qızıl və qiymətli əşyalarını almışdı. Qardaşımgil kənddən piyada Kəlbəcərə, oradan da Goranboy rayonuna gəlmişdilər”.
Kənd sakini deyib ki, Sarıyaqub Göyçənin ən qədim kəndlərindən biridir: “Bu kənddə çoxsaylı qədim yaşayış məskənləri var idi. Onlar azərbaycanlılara, türklərə məxsus idi. Qəbristanlıqda qoç heykəllər, uzun oğuz qəbirləri var idi. Miskin Abdal bizim kənddə anadan olduğu üçün onun ocağı, günbəzi var idi”.

Vətən həsrəti ilə yaşadığını söyləyən M.Məmmədov sonda bildirib ki, doğma yurda qayıtmağı çox istəyirik: “Ümidvarıq ki, Göyçəyə, kəndimizə qayıdacağıq və oranı yenidən abadlaşdıracağıq. Sakinlərimizin hamısı kəndə qayıtmaq üçün həvəsli, istəklidirlər”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 17-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.
















