Əlibəyli Nuşirəvan Məhərrəmliyə məktub ünvanladı
Aparıcı Elçin Əlibəyli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə açıq məktub ünvanlayıb.
Rakus.az xəbər verir ki, o, məktubu sosial media hesabında yazıb:
“Televiziyaların hazırkı durumu və reytinq göstəricilərində yerli kanalların baxış sayının aşağı düşməsi olduqca ciddi məsələ olduğundan təklif edirəm ki, rəhbərliyiniz ilə televiziyaların bədii şura üzvlərinin, tanınmış ziyalıların, ictimai və peşəkar televiziya xadimlərinin iştirakı ilə toplantı keçirəsiniz və orada səslənən fikirlərin yekunu kimi televiziya rəhbərləri memorandum imzalasınlar.
Təşəbbüsünüzlə televiziya yayım şirkətlərində bədii şuraların yaradılması başa çatıb. Artıq televiziya mövsümü bitir və yenisinə hazırlıq gedir. Məhz, bu məqamda belə bir tədbirin keçirilməsi əhəmiyyətli iş olardı. Xahiş edirəm, təklifimi diqqətsiz qoymayın. Sonda, yuxarıda sadaladığım kateqoriyalara aid olmasam da, mənim də həmin tədbirdə çıxışıma şərait yaratmağınızı xahiş edirəm. Səsləndirəcəyim konkret təkliflərin faydalı olacağına inanıram”.