Tale həmişə məni qoruyub – Sabir Rüstəmxanlı
İstər klassik, istərsə də müasir dövrdə Azərbaycan ədəbiyyatı həmişə özünün şairləri, qələm adamları ilə fəxr edib. Onlardan biri də Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlıdır. Şeirlərinin birində “…bəlkə, ilahidən bir səsdir ömrüm…” deyən Sabir Rüstəmxanlı bu gün ömrünün 73-cü baharına başlayır. Yeni yaşına qədəm qoyması münasibətilə şairlə onun “Qanun” nəşriyyatındakı iş otağında görüşüb həmsöhbət olduq.
– Geriyə boylanıb yaşadığınız illərə baxanda nələri görürsünüz ?
– Bəzən mənə elə gəlir ki, ömür qalın bir kitab kimidir. Kitabdakı hər səhifə insan ömrünün bir ilidir. Hər səhifədə çoxlu personajlarla, hadisələrlə qarşılaşırsan. Ancaq kitabı qatlayıb qırağa qoyanda rəfdə kiçik bir yer tutur. Həyatım maraqlı, bəlkə, bir az da təzadlı olub. Bu uzun yolun əvvəlində ucqar bir dağ kəndində idim, sonra isə meydan hərəkatlarını idarə etdim, ölkənin ilk müstəqil qəzeti olan “Azərbaycan” qəzetini təsis etdim, müharibəni, onun gətirdiyi faciələri gördüm, SSRİ Ali sovetinin SSRİ-nin varlığına son qoyan sonuncu sessiyasında iştirak edib, o sevinci yaşadım, müxtəlif xarici ölkələrdə oldum və bu gün xalq şairiyəm. Bir neçə əsərimdə, o cümlədən “Atamın ruhu,”unda, “Xətai yurdu”nda, “Akademikin son əsəri”ndə həyatımın müxtəlif epizodlarını təsvir etmişəm.
– Bəs uşaqlığınızı, tələbəlik illərinizi necə xatırlayırsınız ?
– Uşaqlığım Yardımlı rayonunda keçib. İkinci dünya müharibəsindən sonrakı illər vəziyyət nə qədər ağır olsa da insanlar həvəslə işləyirdilər. Biz uşaq yaşlarımızdan zəhmətə qatlaşmalı olmuşuq. Orta təhsil aldığım Yardımlı qəsəbə məktəbi sanki bir universitet idi. Burada bizə bütün fənlər eyni yüksək səviyyədə öyrədilirdi. Ona görə də hələ şagird ikən düşünürdüm ki, mən gələcəkdə ədəbiyyatçı da, riyaziyyatçı da, fizik də ola bilərəm. Riyaziyyata böyük marağım var idi, bu sahəni seçmək istəyirdim. Lakin riyaziyyat müəllimimdən gördüyüm haqsızlıq nəticəsində fikrimi dəyişdim və filologiya fakültəsinə qəbul oldum. Nəticələrim yüksək olduğuna görə məni şərqşünaslıq fakültəsinə göndərdilər. Çox keçmədən başa düşdüm ki, ərəb dili məni cəlb eləmir. Çünki yazıçı olmaq istəyirdim. Və yenidən filologiyaya qayıtdım. Amma, düşünürəm ki, həyatımın səhvlərimdən birini eləmişəm. Bəlkə də, mənim ərəb dilinə yiyələnməyim yazıçılıq fəaliyyətimə heç də mane olmazdı. Artıq ikinci kursda oxuyanda məni universitetdə tanıyırdılar, şəklim şərəf lövhəsinə vurulmuşdu. Dördüncü kursda oxuyanda “Ədəbiyyat və İncəsənət” qəzetilə əməkdaşlığa başladım. On il bu qəzetdə işlədim, tənqid şöbəsinə rəhbərlik etdim. Həmin illərdə müntəzəm olaraq mətbuatda çıxış edirdim. Eyni zamanda Elmlər Akedemiyasının Ədəbiyyat institunun aspiranturaslna qəbul olundum. Moskvadakı ssenari kurslarına dəvət olunsam da, yazıçı dostlarım, o cümlədən Əliağa Kürçaylı məni yoldan saxladılar. Deyirdilər ki, onsuz da işin çoxdur, özünü daha da parçalama. Əlbəttə, düz deyirdilər. Sonra bir müddət “Yazıçı” nəşriyyatında Əliağa Kürçaylının müavini kimi çalışdım. Dostumun vəfatından sonra baş redactor oldum. Qeyd etməliyəm ki, bütün bu mərhələlərin heç birində qələm əlimdən düşməyib, əksinə, daim mənə dostluq, yoldaşlıq edib.
– Yəni heç vaxt yaradıcılıqdan yorulmamısınız ?
– Yox, yaradıcılıqdan yorulmamışam. Lakin bəzən özümün özümə senzor olmağımdan yoruluram. Buna baxmayaraq, günümün böyük hissəsini yazı yazmaqla keçirirəm.
– Bəs asudə vaxtınızı necə keçirirsiniz ?
– Asudə vaxtım az olur. Fürsət düşən kimi rayona gedirəm. Əvvəllər şair dostlarımın bir çoxu sağ idi, tez-tez görüşürdük. İndi vəziyyət bir qədər dəyişib. İllər uzunu dəyişilməyən bir vərdişim də var: bu da üzgüçülükdür.
– Siz həm jurnalist, həm şair, həm də publisistsiniz. Bu üç sahə arasında hansı oxşar və fərqli cəhətlər var ?
– Bu üç sahənin üçü də söz üzərində qurulub. Mənim üçün heç vaxt janr fərqi olmayıb, bütün janrlarda qələmimi sınamışam. Çünki sözlə özümü çox rahat, xoşbəxt hiss edirəm. Mənə elə gəlir ki, əvvəl şeir daha çox oxunurdu. “Ədəbiyyat” qəzeti 80 min tirajla çıxırdı. Bu səbəbdən orada dərc edilən şeirlər bütün respublikaya, eləcə də, kəndlərə yayılırdı. Bu gün isə jurnalistika daha çox inkişaf edir və publisistika daha cazibədar görünür.
– Sizin “Xəbər gözləyirəm” adlı bir kitabınız var. Maraqlıdır, hansı xəbəri gözləyirsiniz ?
– “Xəbər gözləyirəm” mənim üçüncü kitabımdır. Mənim gözlədiyim xəbər müstəqillik, sərhədlərin ləğv olunması, Azərbaycanın bütövləşməsi xəbəri idi. Şükürlər olsun ki, Azərbaycan müstəqil oldu. Lakin, təəssüf ki, o xəbər özü ilə birlikdə Qarabağ müharibəsini gətirdi.
– Ən bəyəndiyiniz əsəriniz hansıdır ?
– Əsərlərimi ayıra bilmirəm. Onları böyük sevgi ilə yazmışam. Mənə hamısı doğmadır. Xüsusilə “Difai fədailəri”, “Akademikin son əsəri”.
– Adətən qələm, söz adamları emosional olurlar. Bəs siz ?
– Cavanlıqla dəlisov bir həyat yaşamışam. Bütün ömrüm risklərlə keçib. Çox vaxt qızğın müzakirələrin mərkəzində olmuşam. Amma tale həmişə məni qoruyub. Zaman keçdikcə isə daha təmkinli oldum. Zaman insanı səbirli olmağa məcbur edir.
– Sabir müəllim, sizin dövrünüzdəki milli ədəbiyyat ilə indiki ədəbiyyatımız arasında hansı fərqlər var ?
– Əsas ideya yenə də eynidir – humanizm, sevgi. Ancaq indi ədəbiyyat daha sərbəstdir. Sevindirici haldır ki, gənclərin dünya ədəbiyyatının inciləri ilə daha asanlıqla tanış olmaq imkanları var.
– Bəs gənc qələm sahiblərinə məsləhətləriniz nələrdir ?
– İstedadlı gənclərə demək istəyirəm ki, əzmkar olsunlar, yazmaqdan çəkinməsinlər. Çalışsınlar ki, ictimaiyyətin nəbzini tutsunlar, onu maraqlandıran mövzulardan yazsınlar. Eyni zamanda gənclərə demək istəyirəm ki, sabah yazacaqlarını bu gün yazsınlar. Belə bir söz var: sabahı keçmiş say.
– Sizin özünüzün sabahlara saxladığınız mövzularınız varmı ?
– Təbii ki, var.
– Yeni yaşınıza qədəm qoyursunuz. Özünüzə nə arzulayırsınız ?
– Millətimizə daim həmrəy, güclü olmağı arzu edirəm. Düşmənlərimiz çoxdur. Onlarla mübarizə aparmaq üçün gərək yumuruq kimi birləşək. Özümə isə, ilk növbədə yaradıcılıq fəaliyyətini davam etdirmək üçün cansağlığı vacibdir.
– Ən yaddaqalan ad gününüz hansı olub ?
– İyirmi yaşım olan gün bizimlə eyni qrupda oxuyan qızlar mənə təklif etdilər ki, xatirə şəkil çəkdirək. Əvvəl təəccübləndim. Sonra xatırladım ki, bu gün ayın iyirmisidir və mənim ad günümdür. Əlimi cibimə atanda gördüm ki, cəmi iyirmi qəpiyim var. Ona görə bir bəhanə ilə şəkil çəkməyi təxirə saldım. Əlli illik yubileyim də çox yaddaqalan oldu, dövlət səviyyəsində keçirildi. Həm iqtidar, həm də müxalifət nümayəndələrinin eyni auditoriyada olması həmin günü daha unudulmaz etdi.
– Səmimi cavablar üçün çox sağ olun, Sabir müəllim. Biz də kollektivimiz adından sizi təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.
– Sağ olun.
Kənan Novruzov