Vəkillər Kollegiyasının ilk regional qurumu açıldı - FOTO
Vəkillər Kollegiyasının ilk regional qurumu olan – Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılışı olub.
Rakus.az xəbər verir ki, Kollegiyadan verilən məlumata görə, regional büronun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Repsublikanın 14 rayon və şəhərləri üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Sumqayıt Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.
Sumqayıt Regional Vəkil Bürosunun tənətənəli açılış mərasimi ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Açılış mərasimindən sonra keçirilən tədbirdə Vəkillər Kollegiyası sədri Anar Bağırov giriş nitqi ilə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq regional vəkil qurumunun fəaliyyətə başlamasını istər vəkillik təsisatının, istərsə də Sumqayıt şəhərinin tarixində ilk olduğunu qeyd edib və bu tarixi günün məhz “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində baş tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət xanım Bəktaşi, Əməkdar hüquqşünas, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Leyla Bədəlova tərəfindən çıxışlar edilib.
Eyni zamanda açılış mərasimindən sonra Respublikanın şimal regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilib. 100-ə yaxın vəkilin qatıldığı tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Sumqayıt, Quba, Qusar, Abşeron, Siyəzən, Xızı, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.