Bakı daha bir irimiqyaslı beynəlxalq yarış ərəfəsindədir. Söhbət Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Dünya Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə dəstəyilə reallaşacaq “Azerbaijan International” turnirindən gedir.
Rakus.az xəbər verir ki, startı iyunun 6-da veriləcək və 9-da başa çatacaq “International Challenge” seriyalı “Azerbaijan International” badminton turnirində dünyanın 39 ölkəsindən 220-ə yaxın idmançı məharətini göstərəcək.
Bu, “International Challenge” seriyalı turnirlər üçün rekord deməkdir. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış üçün məkan olaraq Bakı İdman Sarayı seçilib.
Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.
“Azerbaijan International” ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq yetərincə yüksəkdir. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında Olimpiya mükafatçılarının olmasıdır.
Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adı əsas favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil.
Bakı yarışı 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır və bu mənada, əhəmiyyəti böyükdür.
Yeri gəlmişkən, təşkilatçı kimi, ölkəmiz “Azerbaijan International”da geniş heyətlə təmsil olunacaq – qələbə uğrunda 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək.
Əsas referilər arasında yerli hakimlərimiz – Fidan və Gülcənnət Hüseynli bacılarının olması isə xüsusi sevindirici haldır.
Badminton dörd il əvvəl ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarının proqramına daxil idi. Yəni Bakı badminton üzrə böyük yarışları keçirmək üçün lazımi təcrübəyə və tələb olunan idman infrastrukturuna malikdir.
İlk Avropa Oyunları kimi, qarşıdakı Olimpiya lisenziyalı yarışın da Azərbaycanda badmintonun daha da populyarlaşmasında, inkişaf etməsində yeni mərhələ olacağına, gənclərin bu idman növünə üz tutmasına yeni təkan verəcəyinə inanırıq. Bu əminliyi yaradan bir səbəb də badmintonçularımızın beynəlxalq turnirlərdə nəticələrinin getdikcə yüksəlməsidir.
Bu sırada badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına vəsiqə qazanmasını xüsusi vurğulaya bilərik. Ezmi bu şərəfə nail olmaq üçün 28 turnirdə mübarizə aparıb.
Dünya reytinqində 80-ci sırada qərarlaşan Edi Reski Dviçayo isə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını saxlayır. Edi-Ezmi tandemi qoşa badmintonçuların dünya reytinqində 66-cı sıradadır.
Bu gün Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Quba şəhərlərində yeddi idman təşkilatında 28 idman bölməsi fəaliyyət göstərir. Hazırda ölkəmizdə 500-dən çox gənc badmintonla məşğul olur.
“Azerbaijan International”ın təşkilində də başlıca məqsəd badmintonun ölkəmizdə daha geniş və praktik təbliği, həmçinin, Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının ümumi fəliyyətində fəal iştirak etmək, qarşılıqlı əməkdaşlığa töhfə verməkdir.
“Azerbaijan International”ın final oyunları iyunun 9-da İctimai Televiziya ilə canlı yayımlanacaq. Turnirin bütövlükdə gedişatını isə iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi “Youtube” kanalı vasitəsilə canlı izləmək mümkün olacaq və nəticələr onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında əksini tapacaq.
Azərbaycan Badminton Federasiyası idmansevərləri gərgin mübarizəyə səhnə olacaq yarışı izləməyə, badmintonçularımıza mənəvi dəstək olmağa çağırır. Avropa badminton ailəsinin əhəmiyyətli tərəfdaşı olaraq ümidvarıq ki, “Azerbaijan International 2019” ölkəmizdə təşkil edilən digər irimiqyaslı nüfuzlu yarışlar kimi, ən yüksək səviyyədə keçiriləcək və Bakı turnirində yeni beynəlxalq standartlar müəyyənləşəcək. (Oxu.az)