Mxitiryan şousu təhlükəli mesajları təlqin edir – PROFESSOR
Bakıda mayın 29-da keçiriləcək Avropa Liqasının final oyununa “Arsenal”ın futbolçusu kimi H.Mxitaryanın ölkəmizə gəlməməsini artıq ingilis mətbuatı da şouya çevirib.
Rakus.az xəbər verir ki, yaranmış vəziyyətə tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin münasibəti də böyük önəm kəsb edir. Bunu nəzərə alaraq professorun sosial şəbəkə vasitəsilə paylaşdığı fikrini olduğu kimi diqqətinizə çatdırırıq.
“Britaniya mətbuatının H.Mxitaryanın (“Arsenal”) Avroliqanın Bakı finalına gəlməməsini (halbuki ermənilərin Bakıya yarışa, görüşə və s. gəlməsi çoxdan adiləşib) şouya çevirməsi təəssüf doğurur. Məhdud siyasi maraqlar naminə futbola kölgə salmaq, bundan şou düzəltmək yalnız mxitiryan platformasının ağlına gələ bilər. Amma məsələ düşünüldüyü qədər də sadə deyil.. çünki cavabı dərhal verilməli olan bu şou Avropa ictimaiyyətinə şüuraltı aşağıdakı təhlükəli mesajları təlqin edir:
1) Azərbaycanda ermənilərə, hətta başqa xarici ölkə vətəndaşı olan ermənilərə dözümsüzlük var;
2) ən pisi: Qarabağ münaqişəsi Ermənistanın ərazi iddiası deyil, etnik münaqişədir;
3) birinci səbəbə görə Qarabağdakı erməni sepatatçılarının azərbaycanlılarla birgə yaşaması mümkünsüzdür, Azərbaycandan qopmaları haqlıdır… Və s”.