Trans-Xəzərlə bağlı müzakirələr aparıldı - FOTO
Mayın 24-də Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirib.
Rakus.az xəbər verir ki, Forumla əlaqədar ABŞ Dövlət Departamenti bəyannamə yayaraq iştirakçı ölkələri böyük Xəzər regionunda firavanlığın və sülhün gücləndirilməsi üçün işlər görməyə, Amerika Birləşmiş Ştatları və region ölkələri arasında biznes, akademik, mədəni və digər əlaqələri möhkəmləndirməyə və əməkdaşlığı gücləndirməyə çağırıb.
2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət, biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.
ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində keçirilən dördüncü Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün növbəti dəfə platforma yaradıb.
ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman və Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti forumun açılışında tədbirin əhəmiyyətindən danışıblar. Əfqan Nifti Trans-Xəzər forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin və əməkdaşlığın artırılması üçün mühüm hadisələrdən biri olduğunu ifadə edib. Qeyd olunub ki, region ölkələrinin müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi, ABŞ hər zaman bu ölkələrin bir-biri ilə sıx əməkdaşlığın inkişafına dəstək verib.
Forumun əsas məruzəçilərindən biri ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq olub. O, qeyd edib ki, iqtisadiyyatı güclü olan region gələcək nəsillər üçün firavan gələcək təmin etmək iqtidarındadır. Trans-Xəzər regionunun uzun müddət vacib tranzit marşrutu olduğunu vurğulayan Manişa Sinq regionda iqtisadi əməkdaşlıq üçün daha da böyük potensialın mövcud olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələlərinə toxunan xanım Sinq bunun üçün yeni strukturların yaradılmasının zəruri olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Əfqanıstanın səfiri Röya Rahmani, Gürcüstanın səfiri David Bakradze, Qazaxıstanın səfiri Erjan Kazıkxanov, Türkiyənin səfir müavini Cem Utkan, Özbəkistanın səfiri Cavlon Vahabov və Tacikistanın səfiri Farhod Salim çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında əməkdaşlığın və əlaqələrin Azərbaycan üçün hər zaman prioritet məsələ olduğunu bildirərək yaradılan iqtisadi əməkdaşlıq komissiyalarını təqdir edib.
Trans-Xəzər Forumu dörd sessiyadan ibarət olub. ABŞ ilə Xəzər region arasında inkişaf edən tərəfdaşlığa həsr olunmuş birinci panelin moderatorluğunu Xəzər Siyasət Mərkəzinin idarə heyətinin üzvü Riçard Houqland edib. Sessiyada əsas nitqlə çıxış edən ABŞ prezidentinin köməkçisinin müavini və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Mərkəzi Asiya üzrə baş direktoru Liza Kurtis ölkəsinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində səylərini dəstəklədiyini ifadə edib.
Liza Kurtis Xəzər regionu ticarət mərkəzi üçün vacib bölgəyə çevrilməkdə olduğunu və bu regionun ABŞ hökumətinin əsas maraqlarının qovşağında yerləşdiyini söyləyib. Baş direktor ABŞ və Trans-Xəzər regionu ölkələri arasında daha dərin və əsaslı iqtisadi əlaqələr üçün böyük potensialın olduğunu da qeyd edib.
Paneldə Əfqanıstanın Xarici İşlər Nazirliyinin baş direktoru Həsən Suruş, Azərbaycanın Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin xarici əlaqələr üzrə departamentinin direktoru Şahin İsmayılov, Gürcüstanın Siyasət İdarəçiliyi Qrupunun direktoru Aleksi Aleksişvili məruzələrlə çıxış ediblər.
Xəzər Siyasət Mərkəzinin idarə heyətinin üzvü admiral Ronald Maklaren tərəfindən moderatorluq olunan ikinci sessiya İnfrastruktur inkişafı əsasında Trans-Xəzər regionunun əlaqələndirilməsi mövzusuna həsr olunub. İlk məruzəçi Dünya Bankının icraçı direktoru Verner Qruber olub.
O, infrastrukturun iqtisadi inkişaf üçün zəruri amil olduğunu vurğulayıb. Xəzər dəhlizinin Avropa və Çin iqtisadiyyatlarını birləşdirdiyi qeyd olunub və bununla bölgənin iqtisadi inteqrasiyasını da sürətləndirməsi iqtidarında olması bildirilib.
Digər məruzəçilərdən biri Türkiyə Odalar və Borsalar Biriliyinin prezidenti Rıfat Hisarcıklıoğlu olub. O, Xəzər regionuna layiq olduğu qədər diqqət yetirilmədiyini söyləyib. Qeyd edib ki, neft və qaz kimi təbii resurslar artıq davamlı inkişaf üçün kifayət deyil. Özəl sektorun və xarici ticarət həcmlərinin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra ABŞ-ın Xarici özəl investisiya korporasiyasının (OPIC) siyasi risklərin siğortalanması departamentinin direktoru Marlena Harli çıxış edib. O, OPIC-in Xəzəryanı ölkənin infrastruktur layihələrində özəl sektorun kapitalının dəstəklənməsinə böyük maraq göstərdiyini söyləyib.
İkinci paneldə Azərbaycanın “Xəzər Dənizi Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Fərhad Quliyev, Azərbaycan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktor müavini Məftun Abbasov, Azərbaycan Dövlət Dəniz Agentliyinin sədr müavini Əhməd İsmayılov, Gürcüstanın siyasət idarəçiliyi təşkilatının rəhbəri Aleksi Aleksişvili çıxış ediblər.
Üçüncü sessiyanın əsas məruzəçilərindən biri ABŞ Dövlət Departamentinin Katibinin enerji resursları üzrə müavini Sandra Oudkörk olub. O, Xəzər regionunun enerji baxımından unikal olduğunu və ölkələrin enerji təhlükəsizliyinə böyük diqqət yetirməsinin zəruri olduğunu bildirib. Sandra Oudkörk enerji təhlükəsizliyinin milli və iqtisadi təhlükəsizliyin əsası olduğunu vurğulayıb.
Daha sonra sessiyanın panelində Xəzər Siyasət Mərkəzinin idarə heyətinin üzvü Robert Sekuta çıxış edib. R.Sekuta Böyük Xəzər regionunun enerjiyə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə kömək edə biləcək mühüm enerji qaynaqlarına sahib olduğunu söyləyib.
Forumun dördüncü sessiyasının əsas məruzəçilərindən biri olan ABŞ-ın Ticarət Nazirliyinin istehsalat üzrə müavini İan Steff Amerikanın Xəzər regionu ilə olan biznes əlaqələrinin vacib olduğunu bildirib və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün çalışdıqlarını söyləyib.
Digər məruzəçi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini Aleksander Sokolovski sülhün, təhlükəsizliyin və açıq ticarət mühitinin regionu ticarət mərkəzinə çevirə biləcəyini ifadə edib. Direktor müavini USAID enerji investisiyalarını, bazar islahatlarını, enerji təhlükəsizliyinin inkişafını dəstəklədiyini bildirib.
Sonuncu sessiyanın panelində “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova, Əfqanıstanın Xarici İşlər Nazirliyinin baş direktoru Həsən Suruş, Gürcüstanın MKD-ın icraçı tərəfdaşı Viktor Kipiani çıxış edib.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilir. AZƏRTAC builki forumda informasiya sahəsində tərəfdaş qismində çıxış edib.