Finalla bağlı marka tədavülə buraxıldı
“Azərmarka” MMC tərəfindən “UEFA Avropa Liqasının finalı 2019” adlı poçt vərəqini tədavülə buraxılıb.
Rakus.az xəbər verir ki, MMC-dən bildirilib ki, orijinal poçt vərəqi iki növ markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100×132 millimetr, markanın ölçüsü isə 40×28 millimetrdir.
Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printing House” çap evində işıq üzü görüb. Orijinal poçt blokunun tirajı 5 min nüsxədir, hər markanın tiraji isə 20 min nüsxə təşkil edir. Həmçinin “Azərmarka” tərəfindən 200 ədəd “İlk gün” zərfi də dövriyyəyə buraxılıb.
Xatırladaq ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” klubu “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular iştirak edib. Komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.