Birgə taktiki təlim keçiriləcək
Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək.
Rakus.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi olub.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.