Hava normadan yüksək olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunda havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az olacağı gözlənilir. Birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6° yüksək olacağı ehtimalı var. İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal edilir.
Rakus.az xəbər verir ki, departamentdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26° isti olacağı gözlənilir. Bu iqlim normasından 2-4° yüksəkdir. Havanın temperaturu gecələr 18-23°, gündüzlər 24-29°, bəzi günlərdə 33-36° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-12 millimetr) ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 23-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 26-31°, bəzi günlərdə 35-39° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 21-35 millimetr) bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 16-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2° yüksəkdir. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 18-23°, bəzi günlərdə 27-32° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (86-130 millimetr) ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33-36° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacaq (46-63 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25° isti olacağı ehtimalı var. Bu da iqlim normasından 3° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 31-35° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 millimetr) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28° isti olacağı ehtimalı var. Bu da iqlim normasından 3-5° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, bəzi günlərdə 26-31°, gündüzlər 34-39° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 12-49 millimetr) proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 21-25° isti olacaq. Bu da iqlim normasından 2-5° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 24-29°, bəzi günlərdə 33-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 29-47 millimetr).