ŞAR kosmik hava durumu və proqnozunu açıqladı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rakus.az xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Ümumi maqnit sahəsi 13 nT intervalında dəyişib.
Mayın 31-dən iyunun 1-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək, iyunun 1-də isə fon rejiminə qayıdacağı gözlənilir.
Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı mayın 31-də 5 faizdən, iyunun 1-də isə 1 faizdən aşağı qiymətləndirilir.