Sosial 03.06.2019 13:55

Mazarçayın sahillərindəki müqəddəsatlar - FOTO

Xaçmazdakı Şıxlar kəndinin kənarından axan bu çayın bir sahilində xəlvəti şeyxi və onun müridləri, qarşı qıyıda isə Azərbaycanın milli qəhrəmanı uyuyur.

 

Azərbaycanda hazırda Şıxlar adlı irili-xırdalı 10 kənd var. Vaxtilə Zəngəzurda – Qarakilsə və Vedidə də bu adda iki kənd olub. Oxucularımıza məlumat vermək istədiyimiz Şıxlar kəndi Xaçmazda, eyniadlı rayonun şimal civarında yerləşir. Əhalisi ənənəvi olaraq meyvəçilik və maldarlıqla, qismən də taxılçılıqla məşğul olan Şıxların başlıca özəlliyi onun adında, daha doğrusu, zəngin və qədim tarixindədir…

 

Şeyx Yusif türbəsi

 

“Şıxlar”, “şeyxlər” sözünün xalq dilinə uyğunlaşdırılmış formasıdır və bu ərazinin dini köklərə malik olmasını bildirir. Belə ki, Şıxlar yetkin Orta əsrlər Azərbaycanında geniş yayılmış Xəlvəti sufi təriqətinin Seyid Yəhya Bakuvidən sonra ikinci simasının – Seyid Yəhyanın müridi və davamçısı, Mövlanə Şeyx Molla Yusif Müşkiri kimi geniş tanınmış Xəlvəti-sufi şeyxinin yaşadığı, geniş dini-ictimai fəaliyyət göstərdiyi və hazırda əbədi uyuduğu məkandır.

Haşimilər nəslindən olan və söykökü Məhəmməd peyğəmbərə bağlanan, tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni olan Şeyx Molla Yusifin atası Şirvanın qazil-quzatı və dövrünün nüfuzlu alimlərindən olub. İlk təhsilini atasından alaraq, doqquz yaşında Quranı oxumağı tam öyrənib başa çatıb; həddi-büluğa yetəndə dərs deməyə başlayıb. Sonralar Həccə gedərək Misir, Qüds, İsgəndəriyyə, Bağdad və Şamda olub; buradakı böyük alimlərdən dərs alaraq, elmi biliklərini təkmilləşdirib. Bakıda (AMEA Əlyazmalar İnstitutunda) qorunan və ona aid edilən “Bəyanül əsrar lit-talibin” və “Silsilətül-uyun” adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvani əl-Müsküri kimi qeyd edilib. Bir müqəddimə və 24 fəsildən ibarət olan “Bəyanül-əsrar” kitabı əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və ədəbinə aid geniş mövzuları müxtəsər surətdə izah edir.

 

 

Abbasqulu Ağa Bakıxanov özünün məşhur “Gülüstani-İrəm” əsərində Şeyx Molla Yusif haqqında belə məlumat verir: “Onun ulu babaları Qubanın Müskür nahiyəsinə Qarabağdan köçmüşlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuvidən (XIV-XV əsrlər) irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə adlanmışdır. Hicri səkkizinci əsrin axırlarında vəfat etmişdir”.

Mövlanə Şeyx Yusifin türbəsi iç-içə ikiotaqlıdır. Onun məzarı günbəzin altındakı baş otaqdadır. Bundan savayı türbədə beş qəbir var. Azərbaycanın tanınmış epiqrafçı alimi Məşədixanım Nemət buradakı bir məzarın başdaşında bunları oxuyub: “Bu qəbir Mövlanə Şeyx Yusif oğlu mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altıncı il” (1403-1404-cü illər). Digər başdaşılarda yazılar yoxdur. Deyilənlərə görə bu məqbərədə Şeyxin oğlundan başqa dörd müridi və zövcəsi dəfn olunmuşdur. Bundan başqa türbənin həyətindəki bir neçə məzarın ornamentli hündür başdaşı üzərindəki yazılar da həmin qəbirlərin təriqət mürşidinin doğmalarına aid olmasından soraq verir. Həmin yazılardan məlum olur ki, görkəmli Azərbaycan filosofu, alimi Şeyx Yusifin digər övladları və nəvələri də onun yolunu davam etdirərək, şeyxlik titulu qazanmış, onun nəzəriyyəsini Quba nahiyəsində təbliğ ertmişlər. Belə ki, həmin məzarlarda şeyxin övladı Şeyx Əşrəf, onun oğlanları İsgəndər və Tahir uyuyurlar. Mövlanə Yusif türbəsinin sol tərəfində, həyətdə onun qohumu Şeyx Əhmədin oğlu Şeyx Əziz dəfn olunmuşdur.

 

 

Məşədixanım Nemətin 1999-cu ilin oktyabr ayında Mövlanə Şeyx Yusif məqbərəsi ətrafında apardığı axtarışlar zamanı meşənin içərisində bir türbə binasının bünövrəsinə və onun ətrafında məzar daşlarına rast gəlinib. Yerli əhali həmin məkanda Mövlanə Yusifin qardaşı Şeyx Qasımın ziyarətgahı olduğunu söyləyiblər.

Törəmələri bu gün də Xudat yaxınlığındakı Seyidlər kəndində və Dağıstanda yaşamaqda olan Şeyx Yusifin həyat və fəaliyyəti Azərbaycanın dini-mənəvi tarixinin zəngin hissəsidir.

Xalq məhəbbətinin ünvanına və tapınağına çevrilmiş türbənin qayğısına qalanların başı zaman-zaman qeylü-qallar çəkib. Deyilənə görə, bir müddət İbrahimxəlil və Umsələməd adlı ər-arvad bu türbənin qorunub saxlanması üçün böyük zəhmət sərf ediblər. Buna görə İbrahimxəlili 1937-cü ildə Sibirə göndərib, əmlakını müsadirə ediblər. Lakin ondan törəmələr abidənin bərpasını davam etdiriblər. Sonralar kənd camaatının köməyi ilə türbənin yanında aman evi tikilib. Burada bir dəfə yanğın baş verdiyi də deyilir. Türbənin üzərindəki lövhədən məlum olduğuna görə Şeyx Yusifin nəvəsi Teyyub Seyid Hacıbala oğlu 1986-cı ildə bu tikilini təmir etdirib.

 

 

Mazarçayın sağ sahilindəki türbənin ətrafında indi əksəri kol-kos arasında itib-batmış orta əsr qəbirlərinin çoxluğu burada vaxtilə böyük bir qəbiristanlığın olmasından soraq verir. Qəbir daşlarının üzərindəki həmin dövrə aid ayrı-ayrı simvollardan məlum olur ki, bu məkanda uyuyanlar arasında döyüşçülər də çoxdur.

Təəssüflə qeyd edilməlidir ki, nə məşhur xəlvəti şeyxinin türbəsinə, nə də bu ərazidəki qədim qəbiristanlığa indiyədək dövlətin aidiyyatı bərpa qurumları tərəfindən diqqət yetirilməmişdir. Halbuki türbənin aid olduğu dövrün memarlıq ənənələri əsasında bərpa edilməsi bu tarixi-memarlıq abidəsinə yeni həyat vermiş olardı.

 

 

Türbədən xeyli aralıda son illərədək mövcud olmuş tarixlər şahidi kiçik Mücavir otağı təəssüf ki, artıq yoxdur. Memarlığı baxımından mühüm əhəmiyyət kəsb eləməsə də istər beş əsr yaşı olan kərpiclərinin unikallığı, istərsə də qədim və nadir hörgü texnikasının öyrənilməsi və sadə xalq evlərinin örnəyi olması baxımından yarımqazma Mücavir odasının salamat qalması arzuedilən idi. Lakin artıq gecdir: baxımsızlıq, tarixi keçmişə total laqeyd münasibət öz “işini” görüb – nadir və qədim bişmiş kərpiclər mənimsənilərək hinin-hasarın, eyvanın söküklərini örtmək üçün işlədilib…

 

Şıxlar bəylərinin məqbərəsi

 

Beş əsrin və son 50-60 ilin məzarlarının artıq bir-birinə qarışdığı Şıxlar kənd qəbiristanlığının şərq civarında daha bir xatirə tikilisi var. Bəzi internet mənbələrində Şeyx Molla Yusifin türbəsindən danışılarkən nə üçünsə, illüstrasiya kimi bu məqbərənin şəkli verilir. Halbuki bu, səhvdir. Belə ki, həmin sərdabə XIX əsrin sonları – XX əsrin ilk onilliklərində Quba qəzasında çox məşhur simalar olan, “Şıxlar bəyləri” kimi tarixə düşmüş üç qardaşdan birinin və onun yaxınlarının məzarları

 

 

üzərində tikilib. Bu məqbərə səkkizüzlü tərəfləri və yarımdairəvi günbəzi ilə qədim Azərbaycan xatirə memarlığı tikililərinin eyniölçülü kərpiclərdən böyük ustalıqla yaradılmış tağlı-ornamental relyefli inşa üslubunu təkrarlayır. Məqbərənin hər bir üzü ikiqat tağvari girintilərlə bəzədilib. Eyni priyomdan sərdabənin memarı içəridə də istifadə etmiş, tikilinin daxili divarlarının hər bir hissəsini girintili tağlarla “bəzəmişdir”. Üzləri və daxildən də göründüyü kimi, yarımdairəvi günbəzindən savayı tikilinin memarlıq baxımından daha iki özəlliyi diqqəti cəlb edir. Bunlar giriş hissədəki adi düzbucaqlı qapı çərçivəsinin önündə irəli çıxarılmış tağvari kiçik portalın layihələndirilməsi və kərpicləri əsas etibarilə üfüqi düzülmüş hörgünün günbəz əsasında dövrələmə vertikal kərpic şəridlə əhatələnməsidir. Bütün bu ilk baxışda sadə memarlıq fəndləri kiçik ölçülü məqbərəyə özünəməxsus həcm və mükəmməl görünüş vermişdir.

 

 

Məqbərənin günbəzi ötən əsrin 70-ci illərinin sonlarına qədər salamat imiş. Sonradan tədricən dağılıb və ötən əsrin 80-ci illərində tikilini xilas etmək üçün onun tavanı xeyirxah insanlar tərəfindən dəmirlə üzlənib. Hazırda sərdabənin peşəkar bərpaçı-memarlar tərəfindən restavrasiya edilməsinə ehtiyac vardır. Halbuki indi baxımsızlıqdan tikilinin damında hətta müxtəlif çöl bitkiləri də boy atmaqdadır.

 

 

Buradakı qəbirlərdən ikisinin başdaşı sınıb ya da sındırılıb və sonradan bunlar xeyirxah insanlar tərəfindən sement məhlulu ilə kustar üsulla bərpa edilib. (Deyilənə görə bunlar 70-ci illərdə məqbərəyə gizli girmiş qızılaxtaranlardan qalan “nişanələrdir”.)

Bir əsr yaşı olan həmin məqbərənin də bu sahəyə cavabdeh olan dövlət qurumları tərəfindən bərpa edilməsinə ehtiyac duyulmaqdadır.

 

Şıxlar məscidi

 

Kənddəki tarixi-memarlıq abidələri içərisində ən acınacaqlı vəziyyətdə olanı bu qədim məsciddir. Tatrixi mənbələrə görə məscid XIV əsrdə Şeyx Yusifin müridləri tərəfindən tikilib. Qiblə səmtinə inşa olunmuş məscid binası planda sadə – düzbucaqlı formada olsa da bənna-memarlar eyniölçülü bişmiş ensiz kərpiclər vasitəsilə tikiliyə özünəməxsus görkəm verməyə çalışmış və buna bacarıqla nail olmuşlar. Belə ki, məscidin hörgüsü xaricdən əsasən birtipli olsa da yuxarı hissələrdə çıxıntılı üfüqi ştrix-şəridləmə üsulundan, günbəzə daha yaxın hissələrdə isə müxtəlif ölçülü çıxıntılı dövrələmə karniz-yaruslardan istifadə olunmaqla binaya gözəllik və özünəməxsusluq verilib.

 

 

Ön fasadın memarlıq həlli də diqqəti cəlb edir. Belə ki, ilk baxışda üç tağvari girişin müşahidə edildiyi fasadda yalnız iki sol giriş funksional əhəmiyyət daşıyır, sağ tərəfdəki tağ isə simmetiya xatirinə (və yəqin ki, həm də ön divarın aparıcılıq qabiliyyətinin artırılması üçün) hörgüdə girintili imitasiya kimi verilib. Tağların hər üçü düzbucaqlı formasında olan girintili “haşiyə” içərisinə yerləşdirilib. Hər bir tağın yuxarı hissəsi kərpiclərin xüsusi düzülüşündən yaranan naxışlarla bəzədilib.

Təəssüflə qetd etmək lazımdır ki, ön divardakı hər iki – sol və mərkəz tağın uc hissəsindən tavana doğru çatlar yaranıb və həmin çatlar məscid binasının gələcək mövcudluğu üçün ciddi təhlükəyə çevrilib.

Məscidə daxil olmaq üçün ziyatərçi qapı ilə üzbəüz, yaxud sol tərəfdəki tağdan tavanı dörd tağtavana bölünmüş, sağ və sol divarlarında tağça olan daş artırma-eyvana girməli və yalnız bundan sonra ibadət salonuna keçməlidir. Bəhs etdiyimiz artırma-giriş məscid binasına memarlıq baxımından özünəməxsusluq verməklə və bütövlükdə binanın konstruktiv baxımdan möhkəmliyini artırmaqla yanaşı həm də sırf funksional əhəmiyyətə malikdir. Belə ki, həmin artırma ibadətə gələnlərin ayaqqabılarının qoyulması, sağ və soldakı taxçalar isə əl əşyalarının saxlanması üçün nəzərdə tutulub.

 

 

İbadət salonu ilk baxışda sadə təsiri bağışlasa da, buradakı diqqətlə düşünülmüş ayrı-ayrı elementlər – künclərdəki tağvari yarımgünbəz-imitasiyalar, sağ və sol tərəfərdəki simmetrik kiçik pəncərələr, günbəz əsasını əhatələyən silsilə tağ-imitasiyalar və yer-yer naxış parçaları, tağlı mehrabı haşiyələndirən sədəfəoxşar birtipli ornamentlər və s. qədim memarların sifarişçilər – olduqca sadə həyat yaşayan asket xəlvəti-sufi müridləri tərəfindən irəli sürülmüş ifrat sadəlik tələbinə əməl etməklə yanaşı öz “dəst-xəttlərini” əbədiləşdirməyə çalışmalarından və buna gözəl bir şəkildə nail olmalarından soraq verir. Məscid binasında kitabə olmadığından bu tikilinin bənna-memarının adı dövrümüzədək gəlib çatmayıb.

 

 

Sovet dönəmində bu məscid binasından bir müddət taxıl anbarı kimi istifadə olunub. Bəlkə də elə təsərrüfat məqsədləri üçün kara gəlməsi onun dini inanclara qarşı zaman-zaman tüğyan edən repressiyaların acı sonluğundan qurtulmasına yol açıb. Ötən əsrin 60-cı illərindən üzübəri isə məscid binası boş qalıb, yavaş-yavaş laqeydliyin iti caynaqları arasında öz acı sonunu gözləməkdədir.

 

 

Kənd sakinlərinin dediyinə görə ötən əsrin 70-ci illərinin əvvəllərində məscidin yanındakı evin sahibi olan, kəndin aid olduğu “Bakı” sovxozunda sürücü işləyən İsmayıl adlı təəssübkeş öz vəsaiti ilə məscidə dəmirdən dam vurdurur. (Qeyd edək ki, Şıxlar məscidi o dövrün tarixi-memarlıq abidələrinin əks edildiyi xəritə, kataloq və kitablarında elə həmin dəmir damla təsvir edilib.) Onun bu xeyirxahlığı təqribən 50 il müddətində məscidi dağılmaqdan qoruyub. Lakin hazırda həmin dəmir damın özü də çürüyüb və dağılmaq üzrədir. Damın sökükləri arasından yer-yerdən məscidin yarımdairəvi kərpic günbəzi görünür. Baxımsızlıq o dərəcəyə çatıb ki, bəzi yerlərdə hətta məscidin damında… bir neçə illik ağaclar, hətta əncir ağacı da boy atıb! Yarım əsr əvvəl məscidi dağılmaqdan xilas eləmiş İsmayıl kişi isə artıq çoxdan həyatda yoxdur…

 

 

Tarixi keçmişə, mədəni və dini irsə laqeydliyin acı abidəsinə çevrilmiş bu məscidin divarları bir neçə yerdən çatlayıb, mehrab yerləşən əsas cənub divar içəridən və çöldən aydın görünən çatlardan savayı həm də çölə doğru əyilib və təcili tədbirlər görülməzsə, tezliklə aşa bilər.

Azərbaycanın bir çox yaşayış məntəqələrində acınacaqlı vəziyyətdə olan bu cür binalardan barı, mərasim evləri, ümumi toplantı yerləri kimi istifadə etmək olmazmı?

Milli-mədəni əhəmiyyəti ilə yanaşı özünün turizm potensialı ilə əhaliyə və dövlətə gəlir də gətirə biləcək bu cür qədim tarixi-memarlıq nümunələrinin, o cümlədən də haqqında danışdığımız Şıxlar abidələrinin dövlətin bərpa qurumlarının iştirakı ilə tarixi keçmişimizə və gələcək nəsillərə sayğı naminə xilas edilməsi təxirəsalınmaz vəzifə kimi öz həllini gözləməkdədir…

 

Bayraqsız şəhid məzarı

 

Bu yerdə Mazarçayın qarşı sahilində də məzarlıq var – Alekseyevka kənd qəbiristanlığı. Məzarlıqdakı digər qəbirlərdən seçilməyən son mənzildə Azərbaycanın Milli qəhrəmanı Yavər Əlibala oğlu Şahbazov uyuyur. 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olan Yavər 19811991-ci illərdə buradakı orta məktəbdə təhsil alıb. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər 1994-cü il 8 iyunda rayon hərbi komissarlığı tərəfindən Milli

 

 

Ordu sıralarına çağırılıb. Elə bu ərəfədə 1995-ci ilin məşum 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə edilən xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi, özü isə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 4 aprel1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Oxuduğu orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində onun büstü qoyulub. 2003-cü ildə onun xatirəsinə Alekseyevka kəndində Şəhidlər abidəsi ucaldılıb…

 

 

Bütün bunlara baxmayaraq yuxarıda da qeyd etdiyimiz kimi, Yavərin məzarı buradakı digər qəbirlərdən seçilmir. Halbuki, zənnimizcə, nəinki Milli qəhrəmanların, bütövlükdə bütün şəhidlərimizin uyuduğu son mənzillərin baş tərəfində MÜTLƏQ üçrəngli dövlət bayrağımız dalğalanmalıdır! Belə olarsa insanlarımız xalqımız və dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin necə uca tutulduğunun bir daha şahidi olar, böyüməkdə olan gənc nəsil isə bu məzarlardan vətənpərvərlik dərsi alar…

 Şövkət Səlimov BUDAD

Shahdaghpeoples.az saytının Baş redaktoru

Bakı – Şıxlar

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO