SOCAR və “Sberbank” birgə müəssisə yaratdı
SOCAR və “Sberbank” Antipinsk neft emalı zavodunda emal üçün birgə müəssisə yaradıb.
Rakus.az xəbər verir ki, SOCAR-ın 60 faizinin sahib olduğu müəssisə zavodun müflisləşmə müddətində olduğu zaman ərzində prosessinq işlərini görəcək.
Bundan başqa, birgə müəssisənin Orenburq vilayətindəki yataqlarda hasilat işləri ilə məşğul olacağı deyilir.
Bildirilir ki, SOCAR prosessinq işlərinə bu ilin iyul ayının sonunadək başlamağı planlaşdırır. Həmçinin birgə müəssisənin LUKOYL və “Surqutnefteqaz” kimi iri şirkətlərdən neft alacağı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl “Sberbank” Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirmişdi.
Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.