SƏFİR: “Bütün şəhidlərin yeri hamımızın qəlbidir” - FOTO - VİDEO
Dünən Milli Məclisin deputatı Adil Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açdı.
Rakus.az xəbər verir ki, “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanan iftar mərasiminə şəhid ailələri, Milli Qəhrəmanlar, qazilər, millət vəkilləri, xarici qonaqlar, müharibə veteranları, ictimai fəallar, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri dəvət olunmuşdu.
Təşkilatçı kimi millət vəkili Adil Əliyev çıxış etdikdən sonra onun layihə rəhbəri olduğu və aprel şəhidi, “İgidliyə görə” medalı ilə təltif olunan Orxan Həmidovun həyatına həsr olunan “Mən görüşə gedirəm” filmi nümayiş etdirildi.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral mərasimdə çıxış edərək iki dövlət, bir millət əlaqələrinin sarsılmaz dostluğuna toxundu. Bildirdi ki, bir neçə gün əvvəl Türkiyədə şəhid olan 5 əsgərə görə siz kədərləndiyiniz kimi, biz də 3 gün öncə Faiq Ömərov şəhid olanda o hissləri hiss etdik. Bütün şəhidlərimizin yeri hamımızın qəlbidir. Bu torpaq şəhidlərimizlə Vətən olmuş. Şəhid ailələri, şəhid anaları, qazilər və müharibə iştirakçıları ilə bizi bir araya gətirdiyinə görə dəyərli millət vəkili Adil Əliyevə dərin təşəkkürümü bildirirəm.